
“Ermənistan günbəgün boşalır və çox yaxın gələcəkdə boş balıqqulağına çevrilə bilər. Bu kimə lazımdır? Üç quldur zənginə? Ermənistan çox ciddi fəlakətin astanasındadır”.
Politika.Az-ın xəbərinə görə, bu fikirləri məşhur şanson ifaçısı olan Şarl Aznavur deyib.
“Anlamıram, bu, ölkənin inkişafına necə kömək edə bilər və bu siyasət bizi hara aparır? Məni bu sözlərimə görə qınayacaq və bunları Ermənistanın rifahı üçün etdiklərini deyə biləcək adamlar hardadır?
İstəyirəm ki, Ermənistanda nəhayət xalq, ölüb gedən xalq üçün də nəsə yaradılsın. İndi Ermənistanda neçə erməni qalıb? Mənə deyirlər ki, 2,3 milyon, hakimiyyət isə 3,6 milyon nəfər deyir. Yalandır. Tezliklə bu rəqəm 1,8 milyon, daha sonra isə ümumiyyətlə 1 milyon olacaq və büsbütün mafiyanın əlinə keçəcək”,-deyə Aznavur vurğulayıb.
Politika.Az-ın analitik qrupunun verdiyi xəbərə görə, Ermənistanda cinayətkar rejimin mövcudluğu iki üstəgəl iki qədər sadə aksiomadır. Odur ki, Aznavurun çıxışında hər hansı yeni informasiya görünmür. Sadəcə, bunu dünyada məşhur bir erməninin də artıq dilə gətirməsi ondan xəbər verir ki, Serj Sərkisyan hakimiyyəti Ermənistanı uçuruma aparır.
Bir neçə həftə əvvəl İrəvanda başlanmış silahlı qiyam da Serj iqtidarının insanları radikallığa sövq etdiyini göstərir. Üstəgəl, silahlı qiyama xalq da dəstək verirdi.
Bu çırpınmalar içərisində siyasi böhran yaşayan və getdikcə dərinləşən proses Dağlıq Qarabağ münaqişəsinin həllində də Ermənistanı güzəştə getməyə məcbur edə bilər.
Politika.Az xəbər verir ki, Kreml rəhbəri Vladimir Putinin Sərkisyanı Moskvaya çağırması İrəvanı münaqişənin həllində status-kvonu dəyişməyə çağırış kimi qiymətləndirilir.
Putinin Bakıya gəlməsi və prezident İlham Əliyevlə görüşməsi, ardınca isə İrəvana deyil, Moskvaya gedərək Sərkisyanı ayağına çağırması Qarabağ münaqişəsinin həllində yeni bir mərhələnin başlanğıcından xəbər verir. Bu mərhələ üçlük formatının birgə səyi nəticəsində Azərbaycanın xeyrinə razılaşdırmalarla nəticələnə bilər.
Qarşıda Moskva, Tehran və Ankaranın hərbi ittifaqının formalaşdırılması kimi böyük geosiyasi maraq görünür. Şübhəsiz, bu ittifaqa Avrasiyanın bu üç əsas dövləti ilə sıx əməkdaşlığa malik olan Bakı da cəlb ediləcək. Bakı sammiti enerji resurslarının Avropa bazarına çıxarılması baxımından da əhəmiyyətlidir:
“Energetika layihələrində əhəmiyyətli rol oynamaq, xüsusilə, Azərbaycan, Rusiya və İrandan qaz kəmərlərinin Türkiyə vasitəsilə Avropa İttifaqının cənubuna çıxması məsələsi gündəmdədir.
Bu regional iqtisadi maraqlar Qarabağ münaqişəsinin həlli üçün Ermənistana müəyyən təkliflərin ola biləcəyini istisna etmir. Hər halda Kreml enerji resurslarına görə Qarabağ məsələsində Azərbaycanı razı salmalıdır. Bu da Putinin Sərkisyanı ayağına çağırmaqla müşahidə edilir.
Politika.Az