Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret 3 şərti var.Axar.az xəbər verir ki, bunu bu gün Beynəlxalq Mətbuat Mərkəzində Uluslararası Qarabağ forumunda çıxışı zamanı politoloq Elxan Şahinoğlu deyib.
“Şərtlər budur: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə üzv olması və Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi”, - politoloq bildirib.
O qeyd edib ki, Kremlin şərtləri ilə razılaşmaq risklidir:
“Çünki Bakı Kremlin şərtlərini qəbul edərsə, bu, Bakının Qərblə münasibətlərində suallar yaradacaq. Əgər Putinin Azərbaycana simpatiyası varsa, onda o, Azərbaycana doğru addım atmalıdır. Hələ ki, bu istiqamətdə pozitiv siqnallar yoxdur. Düzdür, Moskvada bəzi rusiyalı ekspertlər Ermənistanı tənqid edirlər. Ancaq bu o demək deyil ki, Rusiya hakimiyyəti həmin ekspertlərin fikirləri ilə hərəkət edir. Bir qrup rusiyalı ekspert yazdı ki, guya Moskva Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə razı salmışdı, sadəcə, Paşinyanın hakimiyyətə qəfil gəlişi bu planları pozdu. Bu iddia doğru deyil. Moskva isə Sərkisyana təzyiq etmirdi”.
Politoloq qeyd edib ki, Paşinyan Qarabağla bağlı mövzunu dəyişməyə çalışır:
“O, Azərbaycan prezidenti ilə görüşməyə hazır olduğunu bildirməklə yanaşı, danışıqlarda Qarabağ təmsilçilərinin də iştirak etməli olduğunu, onların yerinə qərar verə bilməyəcəyini vurğulayır. Rəsmi Bakı Paşinyanın təklifinə iki səbəbdən razılaşmayacaq. Birincisi, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Əgər rəsmi Bakı Qarabağ separatçıları ilə danışıqlara başlasa, işğalda Ermənistanın rolu olmadığı görüntüsü yaranacaq. İkincisi, münaqişənin həllinin sonrakı mərhələsində müzakirələrdə Qarabağ təmsilçilərinin iştirakı istisna olunmur. Ancaq bu danışıqlarda Qarabağın erməni icması ilə yanaşı, azərbaycanlı icması da iştirak etməlidir. Bu olmadan rəsmi Bakı Qarabağın erməni separatçıları ilə danışıqlar aparmayacaq”.
Polktoloq bildirib ki, Azərbaycan Ordusunun Naxçıvanda azad etdiyi yüksəkliklər və kənd faktoru Paşinyanın əleyhinə işləyir:
“Azərbaycan Ordusu Naxçıvandakı uğurunu Dağlıq Qarabağda da təkrarlaya bilər. Bu, genişmiqyaslı müharibə deyil, strateji mövqe döyüşləridir. Danışıqlar nəticə verməyib və verməyəcək. Ermənistanda Azərbaycan torpaqlarının azad edilməsi zərurətini anlayan siyasətçi yoxdur. Diplomatiyanın bacarıqsız olduğu yerdə ordu ön plana çıxır. İndiki vəziyyətdə ordu diplomatiyanı üstələməyə başlayıb”.
Elxan Şahinoğlu bu arada Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı Bakıda 26 iyunda keçirilən hərbi paradın əhəmiyyətinə də toxunub:
“Əgər 2000-ci illərə qədər Azərbaycan Ordusu daha çox Rusiyadan aldığı silah və hərbi texnika ilə təhciz olunmuşdusa, son illərdə vəziyyət dəyişib. Azərbaycan Ordusu NATO standartlarına yaxınlaşır. İlham Əliyev hərbi paradda çıxışı zamanı belə bir fikir işlətdi ki, müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb. Bu, nə deməkdir? Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır. 2003-cü ildən bu günə qədər Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymur. Azərbaycan Ordusu yeni strategiyadan çıxış edir. Kiçikmiqyaslı hərbi əməliyyatlarla strateji yüksəkliklər azad edilir və bu, ordumuza mənəvi üstünlük qazandırır.
Azərbaycan Ordusunun strateji yüksəklikləri azad etməsinə Rusiya da reaksiya vermir. Hazırda erməni ekspertlər qorxurlar ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan Ordusu yenidən hücuma keçə bilər. Bu qərar bizdən asılıdır”.