İranda daxili və iqtisadi problemlər müxtəlif siyasi qrupların əlində bir alətə çevrilib.Bu sözləri
Axar.az-a İranda iqtisadi vəziyyətin ağırlaşması fonunda hökumət əleyhinə etirazlarla bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, sözügedən qüvvələr İrandakı iqtisadi böhrandan istifadə edərək ölkə daxilində öz mövqelərini gücləndirməyə çalışacaqlar:
“Xüsusilə də mühafizəkarlar öz nüfuz və güclərini möhkəmləndirəcəklər. Son illər ərzində İranda ən aktual məsələ ölkənin ali dini lideri postu uğrunda hansı siyasi dairələrin mübarizə aparacağı ilə bağlı gedən müzakirələrdir. İranın Ali dini lideri Seyid Əli Xamenei kifayət qədər yaşlıdır və baş verən son proseslər nəticəsində yaxın gələcəkdə bu postla bağlı seçkilərin keçiriləcəyi istisna olunmur. Bu fonda Xameneinin əsas siyasi rəqibləri arasında mübarizənin olduqca gərgin keçəcəyi gözlənilir”.
Ekspert istənilən halda İranda baş verəcək bütün proseslərin hazırkı quruluş çərçivəsində gedəcəyini deyib:
“O üzdən hələlik real inqilabdan danışmaq tezdir. Çünki İranda növbəti inqilab əks-inqilab deməkdir və bu mübarizə indiki rejimə, islam quruluşuna qarşı hansısa dünyəvi rejimin tərəfdarları arasında ola bilər. Bu quruluşun tərəfdarları isə İranın daxili siyasətində demək olar ki, yox səviyyəsindədir”.
Qeyd edək ki, son günlər ABŞ sanksiyaları və rialın devalvasiyası fonunda İranda iqtisadi vəziyyət ağırlaşıb. Artıq Tehran bazarı bağlanıb və silsilə etirazlar müşahidə olunmaqdadır.