Dünən baş tutan Almaniya-Fransa oyunundan sonra maraqlı olay yaşanıb.
Axar.az xəbər verir ki, Dünya Çempionatının ¼ finalında Fransanın Almaniyaya 0-1 hesabı ilə məğlub olmasından sonra fransızlar Eyfel qülləsindən Almaniya bayrağı asıb.
Almanlara qarşı böyük bir jestə imza atan fransızlar özləri məğlub olsa da, qonşunu belə fərqli şəkildə təbrik ediblər. Həmçinin gecə saatlarında Eyfel qülləsi Almaniya bayrağının rənglərinə də bürünüb. Qara, qırmızı, sarı rənglərlə işıqlandırılan Eyfel bir gecəlik almanlar üçün yanıb.
Feysbuk sosial şəbəkəsində hadisəni əks etdirən fotolar yayılıb.
Qeyd edək ki, Braziliyada təşkil olunan Dünya Çempionatının dünən keçirilən ¼ finalında Fransa ilə Almaniya komandaları üz-üzə gəliblər. Oyun Almaniya yığmasının müdafiəçisi Mats Hummelsin matçın 12-ci dəqiqəsində vurduğu yeganə qol ilə bitib. Beləliklə, Almaniya Dünya Çempionatının yarımfinalına vəsiqə qazanan ilk komanda olub.