Deputat: 99 faiz halda meyit yarılmır, əvəzində ekspertin cibinə pul qoyulur
26-11-2019, 09:00
“Ən dəhşətli fakt isə ölüm şəhadətnaməsinin alınması ilə bağlıdır” "Əgər özəl məhkəmə ekspertizasının yaradılmasını istəyiriksə, niyə onlara cinayət işləri ilə bağlı hər hansı funksiya və səlahiyyət verməyək?!” Deputat Tahir Kərimli parlamentdə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı belə deyib. Tahir Kərimli bildirib ki, özəl ekspertiza fəaliyyəti bir çox halda cinayət işlərinə də aid edilməlidir: "Bütün hallarda ölüm hadisələrində tələb qoyulur ki, meyit mütləq şəkildə yarılmalı və daxili müayinə olunmalıdır. İnsanın əzizi rəhmətə gedir, şokdadır. Amma bilmir bu dərdi çəksin, yoxsa kimsə gəlib deyir ki, “meyit yarılmalıdır”, onu düşünsün. İnsanlar bundan olduqca narahat olur. Ona görə də qeyri-hüquqi və psixoloji məsələlər ortaya çıxır. Cərəyan vurulması və ya suda boğulma halları üçün niyə meyit yarılmalıdır? Axı səbəb bəllidir. Ən dəhşətli fakt isə ölüm şəhadətnaməsinin alınması ilə bağlıdır. Həm vətəndaşların narazılığını, həm korrupsiya hallarını, həm də vaxt itkisini aradan qaldırmaq üçün bu məsələni də həll etmək lazımdır. Ancaq dövlət məhkəmə ekspertlərinin rəyini qəbul edirlər". Deputat bu sahədə rüşvət hallarının da çox olduğunu bildirib: "Adət-ənənə, müsəlmanlıq nəzərə alınmaqla 99 faiz halda meyit yarılmır və akt tərtib olunur ki, guya yarılıb. Əvəzində meyit yarılmadan ekspertin cibinə pul qoyulur. Ona görə də bu sahədə korrupsiya var. Halbuki heç bir müstəntiq, prokuror və ya məhkəmə meyitin yarılmasının zəruri şərtlərini irəli qoymur”. Vitse-spiker Ziyafət Əsgərov da deputat Tahir Kərimlinin fikirlərini dəstəkləyib: “Keçən dəfə çıxışımda da dedim ki, elə məsələlər var ki, onları özəl ekspertlərə vermək olar. Onu da qeyd edim ki, qanunda bu məsələ həllini tapıb. İşi bilən insanlar gələcəkdə bu işə cəlb olunacaqlar”. Layihəyə əsasən, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə həm dövlət, həm də özəl məhkəmə ekspertlərinə müraciət edə biləcək. Tərəf öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş verə bilər. Həmçinin, həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək.