Növbədənkənar parlament seçkilərinin zərurətindən danışarkən ilk ağla gələn bir çox deputatların çıxışlarında yol verdikləri səhvlərlə xalqın qınağına tuş gəlmələri olur. Mərhum YAP-çı deputat Astan Şahverdiyevin Rusiyada çalışan həmyerlilərimizi “otxod” adlandırması, ardınca Hadi Rəcəblinin şəhid ailələri və müharibə əlillərinə güzəştlərin əleyhinə çıxış etməsi, həmçinin Hüseynbala Mirələmovun əhaliyə “az yeyin” deməsi ciddi ictimai qınağa tuş gəldi. Təbii ki, bu məqamda bir il öncə Məhəmməd Əmin Rəsulzadəni təhqir edən YAP-çı deputat Naqif Həmzəyevi də unutmaq olmaz… Necə deyərlər, bu cür deputatları olan iqtidara heç müxalifət lazım deyildi. Onlar mütəmadi olaraq çıxışlarında yol verdikləri bu səhvlərlə həm özlərinin, həm də hakim partiyanın imicinə ciddi şəkildə zərbə vururlardular. Təəssüf ki, bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr də, mətbuata ümumiyyətlə çıxışı olmayan, haqqında barmaqla sayılacaq qədər az yazı çıxan millət vəkilləri də var. Bununla bağlı cumhuriyyet.az bildirir ki, aldığı mandatı layiqincə dəyərləndirməyib hakim komandanın passivinə xal yazan deputatlar siyahısında 97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsindən mandatla mükafatlanmış və yenidən bu dairədən namizədliyini irəli sürmüş Ağalar Vəliyev də var.
Qalmaqallı deputat
A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində cumhuriyyet.az olaraq apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:
“Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az).
Ağalar Vəliyev susmaq üçün mandat alıb?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev son 7 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin cumhuriyyet.az olaraq bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik. Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki…
Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.
Millətin, yoxsa biznesin vəkili?
Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər “Azəraqrartikinti” ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin…Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. “Azəraqrartikinti” ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın.
O istəsə danışa bilər, amma…
Bütün yuxarıda sadalananlar o nəticəyə əsas vermir ki, A.Vəliyevin siyasi savadı və natiqlik qabilliyyəti çıxış etməyə imkan vermir. Əsla belə deyil. Məsələ burasındadır ki, biznesmen deputatımızın qalmaqallı çıxışları haqda da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və deputatın özü tərəfindən rəsmən təkzib olunmayan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.
Deputatın “Kristal Abşeron”unda baş verənlər
Ağalar vəliyevin biznesinə “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi Tovuzdan olan iş adamı Məhayət Nəbiyevdir. Şirkətin qeyri-rəsmi sahibi isə deputat Ağalar Vəliyevdir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, millət vəkilinin “krişalıq” etdiyi sözügedən şirkət Xırdalanda binalar inşa edib. Bu firmadan mənzil alanlar isə sözün əsl mənasında peşman olublar. Çünki alqı-satqı müqaviləsində məzənnəyə uyğun kredit ödənişi edilməsi bəndi yer alıb. Bu da 2015-ci ildəki 2 devalvasiyadan sonra payçıları müflis edib. Onlar dollarla kredit ödəməyə məhkum olunub.
Məsələn, 50 kvadratlıq mənzil 110 min manata başa gələcək. Sakinlərin isə dərdinin üstünə təzə dərd gəlib. Belə ki, “Kristal Abşeron” özəl müəssisə olduğu üçün qazın qiyməti qeyri – əhali kateqoriyası üzrə hesablanır. Şirkət istiliyin qiymətini 40 qəpikdən 70 qəpiyə qaldırıb. Şirkət indiyə qədər qazanxanaları “Azəristiliktəchizat” ASC-yə təhvil verməyib. Bu da azmış kimi, keçən aydan etibarən istilik 70 qəpikdən 80 qəpiyə qaldırılıb. İndi 50 kv mənzili olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. İsti suyun kubmetri isə 2 manat 30 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, “Kristal Abşeron” isə od qiymətinə… Sakinlərin dediyinə görə, yaxın günlərdə Prezident Administrasiyasının qarşısına toplaşacaqlar. Onlar şirkətin soyğunçuluğundan şikayət etməyə hazırlaşırlar.
Dəniz kənarında çoxqübbəli villa
A.Bayramov ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.
Jurnalistlərin “millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”. Ağalar Vəliyevə cumhuriyyet.az olaraq həmin qanunu bur daha xatırladırıq. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi: II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. “…elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.”
Məsələ ilə bağlı Ağalar Vəliyevin telefonuna zəng etsək də, dəstəyi qaldırmaması səbəbindən onunla danışa bilmədik.
NamizədinDeputatın özünün mövqeyini işıqlandırmağa hazırıq.