Tovuz "Mero"sunda sürücülük vəsiqəsi 1100 manata satılır - ŞİKAYƏT

18-02-2020, 09:02   
 
Tovuz rayonunda 10 saylı rayonlar arası qeydiyyat-imtahan şöbəsində sürücülük vəsiqəsini 1100 manata satırlar, bu barədə  Anews.az-a göndərdiyi şikayət məktubunda   Gəbədəy rayon Arıqıran kəndi sakini Elvin İsgəndərov  bildirir.

E. İsgəndərov sözlərinə görə,  2020-ci ilin yanvarında sürücülük vəsiqəsi almaq üçün Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə yaxınlaşıb və 1100 manata sürücülük vəsiqəsi alıb.  "İdarəyə daxil olduqda məndən nə üçün gəldiyimi soruşdular. Bildirdim ki, sürücülük vəsiqəsi almaq üçün gəlmişəm. İdarənin əməkdaşlarından biri məni bayıra çıxmağı məsləhət gördü və dedi ki, sənə yaxınlaşan olacaq onunla danışarsan. Bayıra çıxdıqda mənə bir nəfər yaxınlaşdı. Ünsiyyət zamanı bildim ki, adı Elmandır. Maklerlik edir. Elman mənə dedi ki, sürücülük vəsiqəsi 1100 manatdır. Bir neçə günə sürücülük vəsiqən hazır olacaq gəlib götürərsən. Nəticə dediyi kimi də oldu. 2020-ci il fevralın əvvəli idi. Mənə sürücülük vəsiqəsini verdilər”.

E. İsgəndərov bildirir ki, 1100 manatı verməsinə baxmayaraq sürücülük vəsiqəsinin dövlət rüsumunu əlavə olaraq banka özü ödəyib. "Elman məndən 1100 manatı aldıqdan sonra sürücülük vəsiqəsi üçün nəzərdə tutulan dövlət rüsumlarını da əlavə olaraq banka ödədim. Sürücülük vəsiqəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova şikayət məktubu yazdım. Həmin idarədə rüşvətin qarşısının alınmasını və məndən alınan 1100 manatı geri qaytarmağı tələb edirəm”.

Məsələ ilə bağlı Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi ilə əlaqə saxlamağa çalışdıq. Çoxsaylı zənglərimizə cavab verən olmadı.
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar