Koronavirus infeksiyası (COVID-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalar açıqlanıb.
Bu barədə virtualaz.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub.
Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir. Bu istiqamətdə müvafiq dövlət strukturları arasında aparılmış müzakirələr əsasında koronavirus infeksiyası ilə mübarizə çərçivəsində alış-veriş mərkəzlərinin fəaliyyətini tənzimləyən aşağıdakı qaydalar müəyyən olunur:
1. Əyləncə məkanlarının, xüsusilə uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması;
2. Alış-veriş mərkəzlərində yerləşən ictimai iaşə obyektlərində (kafe və restoranlarda) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən olunmuş profilaktik metodiki göstərişlərə (https://azvision.az/redirect.php?url=http://afsa.gov.az/uploads/info/warning/son_pdf158... riayət edilməsi;
3. Girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə girişdə bütün daxil olanların hərarətinin yoxlanılması (parklanma girişləri daxil olmaqla);
4. Xidmət göstərən personalın xüsusi geyim vasitələri ilə təmin edilməsi;
5. Havalandırma sistemlərinin işlək olması;
6. Sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması;
7. İş saatlarında dezinfeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi (əsasən işlək sahələrdə giriş-çıxış, lift, kassa və s.);
8. Qeyri-iş saatlarında tam dezinfeksiya tədbirlərinin görülməsi;
9. Alış-veriş mərkəzlərində mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi;
10. Mütəmadi olaraq maarifləndirici video çarxların nümayiş etdirilməsi, giriş və çıxışlarda WHO Covid-19 üzrə məsləhətləri ilə bağlı panoların vurulması;
11. Evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması;
12. Kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməsi;
13. Vətəndaşlara sms vasitəsilə atılacaq addımlar və mövcud məhdudiyyətlər barədə əvvəlcədən xəbər verilməsi;
14. Yerli səhiyyə şöbələri ilə mütəmadi əlaqələrin yaradılması və yerli ictimai göstərişlərə əməl edilməsi;
15. Atılacaq addımlarla bağlı alış-veriş mərkəzlərinin bütün əməkdaşlarının təlimatlandırılması (məlumat bürosu və təchizat əməkdaşları, xadimələr və s.);
16. Xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması;
17. Bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görülməsi.