Poliklinika həkimləri maaşlarını ala bilmədiklərini deyirlər
19-05-2020, 19:36
“Həkimlərin kütləvi şəkildə etiraz etməməsinin səbəbi baş həkimin təzyiqləridir” Bakı şəhərindəki 39 saylı poliklinikanın işçiləri maaşlarını ala bilmədiklərini deyirlər. Meydan TV-yə şikayət edən tibb işçiləri deyir ki, karantin elan olunandan, yəni martın 15-dən hər gün səhər saat 9-dan axşam 7-ə qədər işləyiblər. Ancaq bunun müqabilində əmək haqlarını ala bilmirlər. Poliklinikanın adının çəkilməsini istəməyən həkimlərindən birinin sözlərinə görə, onlar bayram günlərində də çalışıblar, amma karantin müddətində 250 manat əlavə pul yazılıb, bu isə əlavə sayılmamalıdır: “Çünki həmin 250 manat 9 bayram günü, 8 saatdan artıq və gecə növbələrində işləməyin haqqıdır. Əslində, mart ayı üçün əmək haqqı 840-900 manat civarında olmalıydı. Məsələ ondadır ki, poliklinikanın həkimləri koronavirus pandemiyasına görə hər gün işdə vətəndaşları qəbul ediblər, evlərdə qeydiyyat aparıblar. Bununla onlar həyatlarını və ailələrini də riskə atıblar: “Aprelin 25-də işçilərə deyiblər ki, hamı işə çıxmasın, növbə qrafiki tutdular. Ancaq həkimin iş qrafikini dəyişmək Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yox, Nazirlər Kabinetinin səlahiyyətindədir. Bu mənada TƏBİB həkimlər üçün iş qrafiki hazırlaya bilməz. İkinci, istehsalat zərurəti olduqda işçinin iş yerində əmək müddəti azaldıla bilər, amma əmək haqqına toxunulmamalıdır. Bu, o demədir ki, iş saatından artıq işlədirlərsə, əmək haqqı ikiqat ödənməlidir, amma iş saatından aşağı işlədirlərsə, əmək haqqını kəsə bilməzlər”. Həkim xatıladıb ki, müvafiq əsasnaməyə görə həkimlərin hər gün 6 saat olmaqla həftəlik iş saatı 36 saatdır: “Yəni biz həftənin 6 gününü işdə oluruq. Həmin 6 saatın 3 saatı qəbul, qalanı isə sahə saatıdır. Növbətçi qalarıqsa, əlavə pul ödənilir. Nəticədə Nazirlər Kabinetinin tarif dərəcəsinə uyğun olaraq 18-20 il ştajı olan poliklinika həkimlərinə ayda 420 manat 20 qəpik maaş yazılır. Əgər işdən sonra saxlayıb işlədərlərsə, ikiqat əməkhaqqı ödənməlidir, yaxud bayram günləri işlədərlərsə, həmin günün pulu da ikiqat ödənməlidir, o cümlədən, bazar gününə də aiddir. Növbəyə çıxan həkimlə bağlı isə Nazirlər Kabinetinin bu barədə qərar var, hər həkim növbəsi 24 saat sayılır və ona əsasən hesablanır”. Həkimlərin kütləvi şəkildə etiraz etməməsinin səbəbi baş həkimin təzyiqləridir: “Pullarının tam ödənməməsini TƏBİB-in belə məsləhət görməsi ilə əlaqələndirib, şikayət edənlərə işdən çıxaracaqlarını deyiblər”. Meydan TV şikayətlə bağlı poliklinikanın baş həkimi Hikmət Yaqubovla əlaqə saxlayıb. Baş həkim qeyd olunanlar barədə suala konkret cavab verməyib. O bildirib ki, mühasibat nə hesablayıbsa, həmin maaş da verilib: “Başqa heç nə deyə bilmərəm. Yaxşı olar ki, TƏBİB-lə əlaqə saxlayın”. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevə deyilənlərlə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlamağı tövsiyə edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova isə Meydan TV-yə deyib ki, Prezidentin 18 mart tarixli 1947 nömrəli Sərəncamına və Nazirlər Kabinetinin 25 mart tarixli 112 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21462 tibb işçisinə, 2372 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mənbə: Foto: google.az“Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr bu qaydada ödənilib. Tibbi profilaktik tədbirləri həyata keçirən 15113 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib”. A.Əhmədovanın sözlərinə görə, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən aprel ayı üzrə müddətli əlavələr ödəniləcək”. Agentliyin Maliyyə Departamentinin rəhbəri Rasim Həsənov isə bildirib ki, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronovirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli, 292 manat 32 qəpik müddətli əlavə almalıdır: “292.32 = ((406 / 25) x 6) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq. Hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/ aylıq iş günlərinin sayı) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli. İkinci, təcili tibbi yardım xidməti göstərən 4967 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.7 milyon manat ödənilib. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1004 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 700 min manat ödənilib. Xəstəxanada çalışan həkim infeksionistin 13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronovirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli, 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.