Bu maşınlar adamların əlindən məcbur alınacaq? – Detallı izah

1-06-2023, 17:24   


“İnsanları heç kim köhnə maşınlarla küçəyə çıxmaqdan məhrum edə bilməz. Sadəcə adəti üzrə, cəmiyyətimizin yanaşması hər zaman pafoslu və hay-küylü olur. Ona görə də düşünürəm ki, köhnə avtomobillərin utilizasiyası məsələsində o dərəcədə dərinliyə getmək lazım deyil. Çünki insanların düşüncəsi, adətən, hadisələri düzgün qavramamaq nəticəsində meydana çıxır. Yəni bir çoxları başa düşmür, çıxıb ağzına gələni danışır, hətta gedib aksiya keçirənlər də var ki, sonradan məsələnin mahiyyətini başa düşəndə ya utanır, ya da xəcalətindən bir müddət çölə çıxmır ki, biz söhbətin nədən getdiyini dərk etməmişik”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O, Azərbaycanda köhnə avtomobillərin utilizasiyası prosesi ilə bağlı yaranan fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Milli Məclisin deputatı Asim Mollazadə bu gün parlamentdə çıxışı zamanı bu mövzuya toxunaraq bildirib ki, məlum proses Azərbaycanda avtomobil qiymətlərinin bahalaşmasına səbəb olacaq.

Öz növbəsində, E. Muradlı söyləyib ki, utilizasiya xüsusi və hər bir dövlətin özünün fərdi yanaşmasından irəli gələn bir prosesdir:

“Bütün dövlətlər ətraf mühitin qorunmasına və yol hərəkəti təhlükəsizliyinə önəm verərək, bu addımı atır. Hər il BMT dünya ölkələrinə müraciət edir və yol-nəqliyyat hadisələrində ölüm və xəsarət hallarının azaldılması, eyni zamanda ətraf mühitin qorunması üçün dövlətlərin üzərinə müəyyən öhdəliklər qoyur ki, bu öhdəliklərə əməl etdikdə dövlətlərin dünyaya inteqrasiyası artır.

Ətraf mühitin qorunması təkcə ABŞ-ın, yaxud digər Avropa ölkələrin yox, hər kəsin problemidir. Nə vaxtsa Azərbaycanda su qıtlığı yaranarsa, deməli, bütün dünya bundan əziyyət çəkəcək. Və ya başqa bir problem yaranacaqsa, bu təkcə Azərbaycanın yox, bütün dünyanın problemi sayılacaq. Biz də dünyanın parçasıyıq və dünyada gedən proseslərdən geri qala bilmərik. Bu çağırışlar dünya ölkələrinə edilir və Azərbaycan da dünyanın bir parçasıdır, başqa planetin üzvü deyilik”.

“Biz də bunları başa düşür, təhlil edir və araşdırırıq. Yol-nəqliyyat hadisələrində ölüm və xəsarət halların yüksək olmasının böyük əksəriyyəti nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlıdır. Təbii ki, burada köhnə avtomobillərin rolu yüksəkdir. O zaman biz oturub gözləməliyik ki, daha çox insan ölsün və daha böyük problemlər yaşayaq? Yox, biz bunun qarşısını vaxtında almaq üçün müəyyən addımlar atmalıyıq. Hətta bununla bağlı tapşırıq da verilib və cənab Prezidentin imzaladığı “Yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı” birbaşa bu məsələyə xidmət edir. Orada utilizasiya prosesinin həyata keçirilməsi öz əksini tapıb”, – o, əlavə edib.

“Hörmətli millət vəkilimiz Asim Mollazadənin diqqətinə çatdırmaq istəyirəm ki, utilizasiya bu gün ortaya çıxan bir məsələ deyil. Bu, uzun müddətdir, daha doğrusu, 2019-cu ildə ölkə başçısının təsdiq etdiyi dövlət proqramından irəli gələn bir məsələdir. Burada kimsə avtomobilləşməyə qarşı çıxmır və heç kim heç kimin maşınını əlindən almır. Sadəcə olaraq, tövsiyə olunur ki, ekoloji təmiz nəqliyyat vasitələrinə keçək, yaxud yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün avtomobil parkımızı yeniləyək”, – mütəxəssis təklifini irəli sürüb.

Nəqliyyat üzrə ekspert iddia edib ki, bu gün Azərbaycanda mövcud olan avtomobillərin 80%-i köhnədir:

“Ölkədə böyük əksəriyyəti 20, hətta 40-50 ilin maşınları var ki, bu gün yollarımızda şütüyürlər. Sözsüz ki, bu maşınla qəzaya düşəndə oradan sağ çıxmaq şansı sıfıra bərabərdir. Necə ki biz bu yaxınlarda Şəmkirdə 3 nəfərin öldüyü bir qəzanın şahidi olduq. Müasir tipli nəqliyyat vasitəsi “Toyota” sovet istehsalı “VAZ-2104” markalı avtomobillə toqquşmuşdu. Nəticədə nə baş verdi? “Toyota”da olan 6 nəfər xəsarət aldı, “Jiquli”də olan 5 nəfərdən 3-ü isə hadisə yerində öldü. Bu şeylər bizim gözümüzün qarşısında baş verib deyə, biz bunları təhlil edərək danışırıq, nəinki havadan-sudan...”

Müsahibimiz düşünür ki, utilizasiya prosesində insanların maddi durumu və sosial vəziyyəti nəzərə alınmalıdır:

“Çünki bu gün elə insanlar var ki, onların ailəsinin yeganə dolanışıq mənbəyi həmin maşındır. Dövlətin də ədalətli yanaşması burada özünü göstərməlidir. Elə adam var ki, bu gün eşidib ki, dövlət tərəfindən utilizasiya prosesi həyata keçiriləcək, gedib 3-4 dənə köhnə maşın alıb ki, utilizasiya prosesi başlayanda dövlətdən pul qoparsın. Yəni adam bu işə alverçi kimi yanaşır. Amma elə adamlar da var ki, ailəsinin, evinin son dolanışıq mənbəyi o maşındır. Sözsüz ki, bu proses başlayanda məhz fərdi yanaşma nümayiş etdirmək lazımdır ki, insanlar sosial ədalətsizlik məsələsində problemlə üzləşməsinlər, hər kəs öz haqqını ala bilsin”.

Rafi MÜSLÜMOV

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.