"İvan, davay do svidaniya..." - Putin ordusunu niyə Qarabağda saxlaya bilmədi?

7-11-2023, 09:29   



Rusiya sülhməramlıları Zəfər Gününün 3 ilinin tamamında şələ-şüləsini yığışdırıb gedirlər. Üçtərəfli sənədə əsasən daha iki il bölgədə qalmalı olsalar da, artıq onlara ehtiyac yoxdur. Bəs necə oldu ki, Putin rus ordusunun belə asanlıqla Qarabağdan çıxması ilə barışdı? Axı imperiya planlarına görə rus qoşunları regionda uzun müddət mövcudluğu hesablanmışdı. SSRİ qoşunları da Əfqanıstandan çıxıb getməli olmuşdu. Onlar anlamışdılar ki, burada qalmaq mənasızdır. Eynilə Rusiya da Qarabağda sülhməramlı kontingenti saxlamağı əlavə xərc bilir. Ukrayna cəbhəsində hər gün milyonlar itirən Rusiyaya Qarabağda ordu saxlamaq, pul xərcləmək izafi məsrəfdir. Bu, işin təbii ki, iqtisadi aspektidir. Anaxeber.info təhlil edir ki, əsas məsələn proseslərin siyasi və strateji istiqamətləridir. Əvvəla, Ukrayna müharibəsi başlamazdan iki gün qabaq Prezident İlham Əliyev Rusiyada həmkarı Vladimir Putinlə strateji müttəfiqlik bəyannaməsi imzaladı. Bu sənəd parlamentdə ratifikasiya olunmasa da, ikitərəfli strateji müttəfiqlik baxımdan əhəmiyyətli bəyannamədir. İkitərəfli münasibətlərin xarakteri həm də oradakı razılaşdırılmış bəndlərə əsaslanır: ərazi bütövlüyünə hörmət, separatizmə qarşı birgə mübarizə və s. 
Halbuki Rusiya və onun sülhməramlıları dünənə qədər özlərini strateji müttəfiqliyin xarakterinə uyğun aparmırdılar. Amma yuxarıdakı əsas müddəalara Putin imza atıb və öz qoluna sayğı ilə yanaşmağa borcludur. İkincisi, Ukrayna cəbhəsi Türkiyə və Azərbaycanı Rusiya üçün əlahiddə bir tərəfdaşa çevirdi. Kreml onları itirmək istəməzdi. Elə Vilnusdakı NATO sammitində Ərdoğanın rus ordusunun Qarabağdan gedəcəyi tarixi yada salması da bu kontekstdə təsadüfi deyildi. Deməli, həm Moskva bəyannaməsi, həm Türkiyə-Azərbaycan faktoru Putini qoşunlarını Qarabağdan çıxarmağa vadar edən siyasi amillərdir. Beləliklə, həm iqtisadi, həm strateji səbəbləri sadaladıq. Yəni sülhməramlıların bölgədən gedişinin iki detalını müəyyən edə bilmişik. Amma üçüncü reallığı gözardı etmək olmaz - Ermənistanın Rusiyanın üzünə ağ olması və Paşinyanın Qarabağın Azərbaycana aid olduğunu təsdiqləməsi fonunda Kremlin mat qalması. Nikol rus imperiyasının planlarını pozdu və Putinin təbirincə desək, Qarabağın statusunu müəyyən etdi. Bu da şübhəsiz ki, rus qoşunlarının Qarabağı tərk etməsini sürətləndirdi. Kreml rəhbəri isə bəyan etdi ki, sülhməramlılar 2025-in noyabrınadək formal fəaliyyət göstərəcək, yəni Qarabağ mövzusu qapandı, rus əsgəri evinə qayıtmalıdır. Əgər Ermənistan Qarabağ məsələsində Rusiyanın istəklərinə uyğun davransaydı, hazırda bölgədə ayrı mənzərə olacaqdı: rus sülhməramlılarının qalma müddətinin uzadılması çağırışları səslənəcəkdi, separatçılar təxribatları genişləndirəcəkdi, "artsax" rəhbərləri boyundan hündürə tullanan bəyanatları davam etdirəcəkdi, Vardanyan hələ də katalizator kimi qızışdırıcı hərəkətləri davam etdirəcəkdi. Hətta Paşinyan Soçi səfəri ərəfəsində demişdi ki, sülhməramlıların 30 il Qarabağda qalmasına təminat verən sənədə imza atmağa hazırdır. Lakin sonrakı dönəmdə Ermənistan hakimiyyəti Rusiyanı ittiham etməyə başladı: KTMT və Rusiya bizi müdafiə etmir, "Laçın" postunun qurulması rusların anlaşmanı pozmasıdır, Qarabağa girişdə blokada yaradılmasında Moskva da iştirak edir, sülhməramlılar təhlükəsizliyə daha təminat deyil, öz işlərini yerinə yetirmirlər... Bu da azmış kimi, Paşinyan KTMT tədbirlərini saymamağa başladı, bu blokun üzvü ola-ola amerikalı hərbçilərlə birgə təlim keçirdilər, Avropa Birliyinin mülki missiyasının genişlənməsi prosesi start götürdü, ardınca Roma statutu ratifikasiya edildi, Paşinyan Avropa Parlamentində antirus bəyanatlarla çıxış etdi, Simonyan Ukrayna konfransında iştirak etdi, indi də erməni tərəfi Rusiya telekanallarının yayımında pozuntular aşkarlayır və bütün bu addımları Moskva diqqətlə izləyir. Hətta Rusiyanın Birinci kanalı Paşinyan iqtidarını müvəqqəti adlandırdı və Ermənistan dövlətini hakimiyyətdən ayırdı. Sözsüz ki, İrəvanın bu hərəkətləri də Qarabağdakı hadisələrə ciddi şəkildə təsir etdi və Rusiya qoşunlarının bölgədə qalması indi heç kəsə lazım deyil. Hazırda Xankəndidə parad hazırlığı var və bütün Qarabağ azaddır. Rusiya üçün bu kitab bağlanıb və çətin ki, münaqişə qayıda. İndi sanksiyalardan boğulan Putin hakimiyyətinə bölgədəki nəqliyyat kommunikasiyalarını açmaq vacibdir, nəinki əsgərini Xankəndi və ətraf ərazilərdə saxlamaq. Paşinyan da ölkəsini bu bəladan xilas etmək istəyirdi və nəticədə münaqişəyə son qoyuldu.
Qeyd edək ki, noyabrın 6-da Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ İqtisadi Rayonundakı sülhməramlı qoşunlarının şəxsi heyətinin rotasiyasını başa çatdırıb. Bu barədə Rusiya MN-nin saytında yerləşdirilən bülletendə bildirilib. Qeyd olunub ki, sülhməramlıların şəxsi heyətinin rotasiyasının yekunlaşması ilə yanaşı habelə planlı təmir üçün silah və hərbi texnikanın Rusiya Federasiyasına göndərilməsi prosesi də başa çatıb. "Müşahidə sisteminin optimallaşdırılması çərçivəsində Şuşa rayonunda daha bir müşahidə məntəqəsi bağlanıb. Ümumilikdə, sentyabrın 19-dan on müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb", - deyə Rusiya MN-nin bülletenində bildirilib.
Azər Talıbov 
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar