Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Navalnının xatirəsini yad edənlərdən azı 400 nəfər saxlanılıb - Navalnaya Aİ nazirləri ilə görüşəcək

19-02-2024, 09:52   


Rusiyada fevralın 16-da müxalifət lideri Aleksey Navalnının həbsdə ölməsi xəbəri yayılandan sonra 36 şəhərdə onu yad etməyə çıxanlardan azı 400 nəfər saxlanılıb.

Novosibirsk və Tomsk şəhərlərində güc strukturları əməkdaşları sakinlərin Navalnının xatirəsinə gül və şam düzdüyü yerləri mühasirəyə alıb, Voronejdə isə polis fəalları dağıtmağa çalışıb.

Prezident Vladimir Putinin qatı tənqidçisi, ölkədə korrupsiyaya qarşı mübarizə aparan Navalnının Arktikada həbsxanada gəzintidən sonra huşunu itirdiyi, vəfat etdiyi açıqlanıb.

47 yaşlı Navalnı ekstremizm ittihamı ilə 19 il həbsə məhkum edilmişdi. Özü və tərəfdarları isə cəzanı onun Kremlə qarşı fəaliyyətinə görə siyasi motivli qisasçılıq sayırdı.

"Verstka" onlayn xəbər kanalı Rusiyanın azı 140 şəhərində Navalnının xatirəsinə spontan aksiyalar keçirildiyini yazıb.

"OVD-Info" insan haqları qrupu isə fevralın 17-də Rusiyada polisin 401 nəfəri saxladığını açıqlayıb.

Bu, 2022-ci ilin sentyabrından bəri Rusiyada siyasi aksiyalarda ən böyük həbs dalğasıdır. O zaman Ukraynadakı müharibəyə qismən səfərbərliyin elan olunmasına qarşı nümayişlərdə azı min 300 nəfər saxlanılıb.



Tələsik məhkəmə qərarları

Fevralın 16-da məhkəmələr onlarla saxlanan barəsində tələsik qısamüddətli həbs cəzaları çıxarıb. Bəziləri isə cərimələnib.

Sankt-Peterburq məhkəmələrində fevralın 18-də axşamadək azı 154 nəfər 14 günədək həbsə məhkum edilib. Xəbəri AFP yayıb.

Moskvada ABŞ səfiri Linn Treysi fevralın 18-də siyasi repressiya abidəsi olan Solovets Daşını ziyarət edib. Abidə Navalnının ən böyük xatirə məkanlarından birinə çevrilib. Səfir müxalifət liderinin ailəsinə, həmkarlarına və tərəfdarlarına başsağlığı verib: "Onun gücü ruhlandırıcı örnəkdir. Onun xatirəsini hörmətlə anırıq".

"SOTA" xəbər portalı Ukraynanın şərqində Rusiyanın nəzarətində olan Luqansk şəhərində də sakinlərin Navalnını yad etdiyini, sovet lideri İosif Stalinin qurbanlarının abidəsinə gül qoyduqlarını yazır.

Bir çox rusiyalı Navalnıya ölkədə illərlə davam edən dövlət təzyiqi və korrupsiyası fonunda dəyişiklik üçün ümid yeri kimi baxırdılar.

Sankt-Peterburqda Aleksey Navalnının xatirəsini anırlar
Sankt-Peterburqda Aleksey Navalnının xatirəsini anırlar

Navalnaya Aİ nazirləri ilə görüşəcək

Navalnının ailəsi və həmkarları onun həbsxanada öldüyünü təsdiqləyib və meyitini tələb ediblər. Ancaq rəsmi orqanlar bundan imtina edib, vəkilləri və anasında deyiblər ki, təhqiqat bu həftə tamamlanacaq.

AzadlıqRadiosunun "Sistema" araşdırma layihəsi bildirir ki, Navalnının saxlandığı həbsxanada məhkumların tibbi xidmətlə bağlı xahişlərinin dəfələrlə rədd edilməsi haqda məlumatlar var.

Rusiya penitensiar xidməti Navalnı fevralın 16-da huşunu itirəndən sonra həkimlərin ona köməyə tələsdiyini bildirib.

Dünya liderləri Putinin qatı tənqidçisinin ölümünü pisləyib, Rusiya prezidentinin bu ölüm üçün birbaşa məsuliyyət daşıdığını bəyan edib.

Navalnının həyat yoldaşı Yuliya Navalnaya fevralın 19-da Brüsselə gedərək Aİ xarici işlər nazirləri ilə görüşəcək.

"Aİ nazirləri Rusiyada azadlıq mücahidlərinə güclü dəstək mesajı göndərəcək, Alekseyin xatirəsini yad edəcək", -- Aİ xarici siyasət rəhbəri Jozep Borrel X platformasında yazıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar