Putinin "Axilles dabanı": Rusiya şəhərləri bombalanır - imperiyanın "dişləri çəkilir..."

18-03-2024, 08:18   





Rusiyanın "Axilles dabanı" müəyyən olunub - Kiyev rusların şəhərlərini dronlarla vurur, diversiya qrupları sərhəd vilayətlərə sızır. Kreml lideri üçün "qırmızı xətt" keçilməkdədir. Axı Putin xəbərdarlıq etmişdi ki, Rusiya ərazisinə hücum, yaxud dövlətçiliyə təhdid olacağı halda, hətta, taktiki nüvə başlığından istifadə oluna bilər. Amma Rusiya prezidenti hələ ki gözləmə mövqeyindədir. Nədənsə, Belqorodda insan ölümü, Nijni Novqorod, Kursk, Rostov, Leninqrad və başqa şəhərlərə PUA zərbələri, neft emalı zavodlarında yanğınlar Rusiya rəhbərliyini ağır cavaba əl atmağa məcbur edə bilməyib. Daha nə olmalıdır ki, Rusiya öz düşdüyü vəziyyəti etiraf etsin?! Ölkə sanksiya altında, şəhərləri bombalanır, dünyadan izolyasiya edilib, strateji ərazilərinə zərbələr endirilir, iki ildən çoxdur ki, bir bataqlığa salınıb, qonşusu Finlandiya alyansa üzv edildi, Baltik gölü NATO gölünə çevrildi, Moldova və Gürcüstan Aİ üzvlüyünə namizəd oldu, Ermənistandan rus sərhədçiləri çıxarılır... Yəni strateji məğlubiyyət üçün bundan artıq nə olmalıdır? Ancaq təbii ki, davamı gələcək. Qərb Rusiyanın strateji məğlubiyyəti üçün cəbhəni genişləndirəcək. Rusiya XİN rəhbəri Lavrov da, TŞ sədri Patruşev də bunu etiraf edirlər. Belə vaxtda isə NATO baş katibi Stoltenberq Cənubi Qafqaz turnesinə çıxıb. Bir sözlə, Rusiyanın Ukrayna cəbhəsində hərbi potensialının tükəndirilməsi, iqtisadi basqılar və neft emalı zavodlarında yanğınlarla daxili sabitliyinin pozulması, nüfuz dairələri olan Cənubi Qafqaz və Orta Asiyada isə mövqelərinin zəiflədilməsi prosesi gedir. Başqa sözlə desək,  həqiqətən də təkqütblü dünya qurulması və rus imperiyasının "dişlərinin çəkilməsi" üçün kollektiv Qərb səfərbər olub. 
İstənilən uzunmüddətli müharibənin arxasında ilk növbədə iqtisadi resurs dayanır. Ukraynada davam edən savaş səbəbindən Rusiya bütün iqtisadiyyatını tədricən hərbi relslər üzərinə qoymağa başlayıb.

Əlbəttə, Ukrayna ilə müqayisədə Rusiyanın nəzəri baxımdan uzunmüddətli və üzücü müharibə aparmaq imkanı daha çoxdur. Amma bu müharibənin necə və hansı şərtlər daxilində bitəcəyini standart hesablama və dəyərləndirmələrlə müəyyənləşdirmək çətindir. Ukrayna PUA-ları Rusiyanın Ryazan, Rostov, Volqoqrad vilayətlərindəki və Krasnodar diyarındakı Neft Emalı Zavodlarına uğurlu hücumlar təşkil ediblər.

Hadisələrin inkişaf dinamikası göstərir ki, Ukrayna PUA-lar vasitəsilə Rusiyanın Neft Emalı Zavodlarına hücumlarını intensivləşdirərsə Rusiya iqtisadiyyatı böyük təhlükə ilə üzləşəcək. Rusiyada işlək şəkildə olan 30-a yaxın iri Neft Emalı Zavodu var və bunların emal gücünə görə ən böyük həcmliləri əsasən ölkənin Avropa hissəsində yerləşir. 
Kremlin bundan sonra qarşılaşacağı digər problem isə Ukrayna ilə qonşu olan vilayətlərin mühafizəsidir. İndi müharibə təkcə Ukraynada yox, Rusiyanın ərazisində də gedir. Etnik ruslardan ibarət ”Azad Rusiya Legionu”, ”Rusiya Könüllülər Korpusu” və “Sibir batolyonu” yavaş-yavaş ölkənin içərilərinə doğru irəliləyirlər. Hələlik onlar böyük zərbə gücünə malik deyillər. Lakin unutmayaq ki, bu hərbi dəstələr tədricən döyüş təcrübəsi qazanırlar və gələcək perspektivdə diviziyaya çevriləcəklər.

Azər Talıbov 

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.