Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı AŞPA qarşısında şərtlər irəli sürdülər

26-09-2024, 15:16   



“AŞPA Azərbaycanla bağlı meyarlar hazırlamalı və tətbiq etməlidir”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın öz nümayəndə heyətinin assambleyaya qayıtmazdan əvvəl yerinə yetirməli olduğu aydın meyarları işləyib hazırlamalı və tətbiq etməlidir.

Bu fikirlər “Human Rights Watch” və 10 insan haqları təşkilatının sentyabrın 25-də yaydığı birgə bəyanatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, Avropa Şurası Azərbaycanın cavab verməli olduğu aydın meyarları hazırlamalı və tətbiq etməlidir:

AŞPA-nın 2024-cü ilin yanvarında Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərarından sonra rəsmi Bakı insan haqları müdafiəçilərinə, vəkillərə, müstəqil jurnalistlərə, müxalifət siyasətçilərinə, vətəndaş cəmiyyəti fəallarına və alimlərə qarşı amansız repressiyalarını daha da gücləndirib. Hakimiyyət ciddi cinayət ittihamları ilə müstəqil vətəndaş cəmiyyətinin və medianın qalan izlərini də hədəfə alıb. Əksəriyyəti qaçaqmalçılıq, fırıldaqçılıq, saxta valyuta və ya narkotik ittihamı ilə həbs edilib. İşgəncə və pis rəftar geniş yayılıb və məhbusların çoxu polis nəzarətində olan zaman pis rəftardan şikayətlənib”.

Bəyanatı imzalayanlar erkən parlament seçkilərinin rəqabətsiz, məhdudlaşdırıcı mühitdə keçirildiyini və demokratik standartlara uyğun olmadığını da qeyd edirlər:

Human Rights Watch, Foto: By hafakot/Shutterstock

“Bunları nəzərə alaraq, AŞPA Azərbaycanın nümayəndə heyətinin 2025-ci ildə səlahiyyətlərinin hər hansı bərpasına qədər aydın meyarlar kimi insan hüquqları ilə bağlı öhdəliklərinə əməl etməsini təcili tələb etməlidir”.

Bəyanatda son illər həbs olunan jurnalistlərin, siyasilərin, vətəndaş cəmiyyətinin nümayəndələrinin adları xatırlanır, həmçinin AŞPA-nın Azərbaycan hökuməti qarşısında bir sıra tələblər qaldırması ilə bağlı çağırışlar yer alır:

Hökumətdən haqsız yerə həbs edilmiş bütün şəxslərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edin, onların mülki və siyasi hüquqlarının tam bərpasına nail olun və Azərbaycanda tənqidi səslərə qarşı təqiblərə son qoyulsun. AŞPA məruzəçiləri və İşgəncələrə Qarşı Komitə  ilə tam əməkdaşlıq dərhal bərpa olunsun, o cümlədən, bütün həbsxanalara giriş verilsin. Komitənin işgəncə və pis rəftarın qarşısını almaq üçün uzunmüddətli tövsiyələri həyata keçirilsin”.

Sənəddə repressiyaların davam etdiyi dövrdə Avropa İttifaqı ölkələrinin Bakıda COP29-da iştirak etməsi ilə bağlı narahatlıqlar da yer alır.

Bəyanatı Azərbaycanda repressiyalara məruz qalan Anar Məmmədliyə dəstək kampaniyasının üzvləri, Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Müşahidə Mərkəzi çərçivəsində İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR), İnsan Hüquqları Evi Fondu (HRHF), “Human Rights Watch”, Hollandiya Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) və digərləri imzalayıblar.

Azərbaycanın AŞPA-da səsvermə hüququ nə vaxt məhdudlaşdırılıb?

Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.

Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.

1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.

1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.