Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakının intihar “məkanları”

4-12-2014, 09:44   
Bakının intihar “məkanları”


Vaxtilə Qız qalası, indi də... Koroğlu körpüsü
Son vaxtlar “Koroğlu” körpüsünə çıxıb, intihar etmək az qala dəbə çevrilib. Problemi, maddi qayğısı... olan şəxslər son çarə olaraq körpüyə çıxır və oradan özünü atacaqları ilə bağı bəyanat verirlər. Çox vaxt da problemini danışmaq üçün deputat Qənirə Paşayevanı hadisə yerinə çağırırlar.
Bu zamana qədər də Bakıda insanların intihar təşəbbüsünü həyata keçirəcəyi çox məkanlar olub. Bunlardan ən populyarı Qız qalası idi. Son olaraq bu il noyabrın 24-də qaladan Xırdalan sakini, 31 yaşlı aşpaz Yuri Qrişayev özünü ataraq intihar edib. Onun hekayəsində bir ilginc detal vardı ki, Yuri 11 yaşında olanda atası özünü Qanlı Gölə ataraq öldürüb.

Qeyd edək ki, bir necə il öncə intiharların qarşısını almaq məqsədilə Qız qalasının müşahidə hissəsinə şüşə divarlar bərkidilmişdi. Belə ki, İçərişəhər Dövlət Tarix-Memarlıq İdarəsinin sifarişi ilə Qız qalası abidəsinin baxış meydançasında şəffaf şüşə konstruksiyası quraşdırılıb. Kənardan görünməyən, eyni zamanda tarixi abidənin xarici görünüşünə xələl gətirməyən konstruksiya 1,4 metr hündürlükdə olmaqla baxış meydançasının kənarları boyu yerləşdirilib və ziyarətçilərə şəhərin mənzərəsini seyr etməyə heç bir maneə yaratmır. Konstruksiya dəyişkən hava şəraitinə, güclü küləyə davamlıdır və istənilən zaman abidəyə zərər gətirilmədən demontaj oluna bilər. Şüşə konstruksiyanın quraşdırılmasında məqsəd 28 metr hündürlüyü olan abidənin baxış meydançasına qalxmış ziyarətçilərin təhlükəsizliyini təmin etməkdir.



İntihar məkanları arasında Xəzər dənizinin də adı hallanır. Özünü dənizə ataraq intihar edənlərin də statistikası qabarıqdır. Son olaraq bu il yanvar ayının 24-də Bakının Səbayel rayonunda Dənizkənarı Milli Parkın ərazisində bir qadın intihara cəhd edib. Hadisə yerində məlum olub ki, qadını xilas etmək üçün bir nəfər kişi də özünü dənizə atıb. Onların hər ikisi batmaq təhlükəsi ilə üzləşiblər. Zərərçəkmişlər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas ediliblər. Maraqlıdır ki, dənizin sahilində insanları intiharlardan çəkindirəcək və ya hər hansı təhlükəsizlik tədbiri yoxdur.

Son illər həmçinin çoxmərtəbəli binalar intiharlar üçün “ideal” məkan sayılır. Bu zaman daha çox FHN-in xilasediciləri oraya gəlir, intihar fikrinə düşənləri bundan çəkindirirlər. Bu yaxınlarda Sumqayıtda 1 nəfər intihara cəhd edib. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli yaşayış binasının dam örtüyünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində həmin şəxs fikrindən daşınıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.
mövzunun aktuallığını nəzərə alıb, dünya üzrə mənzərəni də yada salır. Belə ki, dünyada konkret intihar etmək üçün məkanlar mövcuddur.



Aokixara - yaponcadan tərcümədə “Yaşıl agaclardan ibarət düzənlik” deməkdir. Buna başqa adla “Dzükay” da deyilir. Bu da “Ağaclar dənizi” deməkdir. Meşə Yaponiyanın Xonsyu adasında, Fudzi dağının ətəyində yerləşir. Aokixara, Yaponiyanın kədərli görməli yerlərindən biridir. Bu məkanı “İntihar meşəsi” adlandırırlar. Əvvəldən meşə yapon mifologiyasına əsaslanaraq iblis, kabusların məskəni hesab olunur. Bu yer haqqında rəvayətlər hələ orta əsrlərdən bəri mövcuddur. Amma 19-cu əsrdə kasıb yapon ailələri imkansızlıqdan yedizdirə bilmədikləri yaşlı və ya uşaqlarını buraya gətirirdilər.



Aokixara Tokio əhalisi arasında “İntihar meşəsi” kimi məşhurdur. Hər il meşədə 70-100 meyit tapılır. Rəsmi olaraq polislər burada intihar edənlərin meyitlərini 1970-ci ildən axtarmağa başlayıb. Elə bu vaxtdan etibarən tapılan meyitlərin sayı hər il artır. Özünü öldürmə metodları arasında asma və dərmanla zəhərləyib öldürmə üsulu daha geniş yayılıb. Şahidlərin sözlərinə görə, meşənin içərisinə getdikcə yerdə plastik butulkalar, dərman qabları, çantalar tapmaq olar.

İntiharların qarşısını almaq məqsədilə yerli orqanlar bir sıra qabaqlayıcı tədbirlər görür. Meşənin girəcəyində üzərində “Sizin həyatınız sizə valideynlərinizdən qalan qiymətli hədiyyədir. Onlar haqqında və ailəniz haqqında düşünün. Siz tənhalıqda əzab çəkməməlisiniz. Bizə zəng edin: 22-0110" yazılmış plakata rast gəlmək olar.
Bundan başqa, San-Fransiskodakı Qızıl körpünü də yaddan çıxarmaq olmaz. Ora da insanların tez-tez intihar üçün baş vurduqları ünvanlardandır. İstanbulda isə intiharlar üçün “ideal” məkan sayılan yer Boğaz körpüsü idi. Bir zamanlar bu körpü az qala gündə bir neçə dəfə intihar cəhdinin və ardınca baş verən şousayağı hərəkətlərin məkanı olurdu. Hazırda isə körpüdə intiharların sayını azaltmaq üçün piyadaların gedişinə qadağa qoyulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar