Aprelin 29-da Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürüb.
Bu barədə həmin partiyadan məlumat verilib.
Məlumata görə, İ.Qəmbər bu barədə qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb.
Mayın 4-də Müsavat Partiyasının XI qurultayı olacaq.
Bundan əvvəl Müsavat Partiyası Səbail rayon təşkilatının sədr müavini Natiq Ulubəy və Azərbaycan Vəkillər Kollegiyasının üzvü Osman Kazımov başqanlığa namizədliyini verib.
İ.Qəmbər 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə Müsavat Partiyası başqanı seçilib.
2014-cü ildə başqan postundan gedən İ.Qəmbər partiya Məclisinin üzvüdür.
O, 1992-1993-cü ildə Azərbaycan Milli Məclisinə də rəhbərlik edib. Həmin vaxt qısa dönəm Azərbaycan prezidenti səlahiyyətlərini də icra edib.
Müsavat Partiyası 1911-ci ildə yaradılıb. 2 il (1918-1920) fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti parlamentində çoxluqda olub. Partiya Azərbaycanı Rusiya işğal edəndən sonra mühacirətdə fəaliyyət göstərib.
1992-ci ildə İ.Qəmbərin rəhbərliyi ilə Müsavat Partiyasının Azərbaycanda bərpa mərkəzi yaradılmışdı.