Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev 15-ci Petersberq İqlim Dialoqunda iştirak etmək üçün vacib diplomatik missiya ilə Almaniyaya səfərə gedib.2010-cu ildə ilk dəfə keçirildiyi andan etibarən böyük əhəmiyyətə malik olan bu illik sammit bu il Berlində, noyabrda Bakıda keçirilməsi planlaşdırılan BMT-nin COP29 İqlim Dəyişikliyi Konfransının müqəddiməsi olaraq keçirilib.
Petersberq İqlim Dialoqu mühüm platformaya çevrilib, dünya liderləri bu tədbirdə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlər üzrə strategiyalarını sinxronlaşdıra bilirlər. Bu il təxminən 40 ölkənin nümayəndəsi COP29-un əsasını qoymaq üçün toplaşıblar. Lakin, görünür, iqlim sammiti prezident Əliyevin səfəri üçün daha çox formal bəhanə olub, görüş zamanı Almaniyanın yüksək vəzifəli şəxsləri, o cümlədən prezident Frank-Valter Ştaynmayer, kansler Olaf Şolts və xarici işlər naziri Annalena Baerbokla mühüm ikitərəfli görüşlər keçirilib.
Müzakirələr üç əsas mövzuya həsr olunub: Ermənistanla davam edən sülh prosesi, insan hüquqları sahəsində problemlər və COP-29-a hazırlıq. Azərbaycan prezidenti bu mövzulardan sühl danışıqlarına xüsusi diqqət yetirib, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasında böyük irəliləyiş olduğunu - potensial sülh müqaviləsinə doğru həyati əhəmiyyət kəsb edən addım atıldığını bildirib. O, noyabr sammitinə qədər sülh prosesinin başa çatacağına ümid edir.
Əliyev belə deyib: “Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur. Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”.
Sosial şəbəkələrdə bəhs edilən Ermənistanın baş nazirinin Bakıda iqlim sammitində iştirak etməsi perspektivi münasibətlərdə istiləşməyə işarə edən əlamətdar hadisə ola bilər, əsas vasitəçi olan Almaniya da buna kömək edir. Kansler Şolts Almaniyanın uzunmüddətli sülh sazişini dəstəkləməyə hazır olduğunu vurğulayıb, hər iki tərəfi güzəştlərə hazırlıq və cəsarət nümayiş etdirməyə çağırıb.
Şolts belə deyib: “Mən icazənizlə, bir daha onu bildirmək istəyirəm ki, Almaniya sizi məsələnin uzunmüddətli və davamlı həllinin tapılmasında dəstəkləməyə hazırdır, əgər siz hər ikiniz bunu istəyirsinizsə. Mən hər iki tərəfi həvəsləndirmək istərdim ki, lazımi kompromislər üçün istək və cəsarət göstərəsiniz. Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir”.
Lakin insan hüquqları məsələsi bu səfərə kölgə salıb. ABŞ Konqresi və Avropa Parlamenti tərəfindən sanksiyaların tətbiqi çağırışlarının artması fonunda bu mövzu öz administrasiyasının nüfuzunu qətiyyətlə müdafiə edən Əliyev üçün ağrılı mövzu olaraq qalır. O, belə deyib: “Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı”.
Bundan başqa, Azərtac-ın müxbirinin Almaniyada islamofobiya və rasizm haqqında sualı Azərbaycanın çox vaxt Qərbi ikili standartlar tətbiq etməkdə ittiham edərək tutduğu müdafiə mövqeyinə işıq salıb.
İnsan hüquqları məsələlərinin iqlim gündəliyi ilə əlaqəsi, xüsusən, Avropa Parlamentinin Aİ-ni Azərbaycanla enerji və iqlim əlaqələrini nəzərdən keçirməyə çağırması ilə əlaqədar, çox güman ki, artacaq. Məsələlərin bu cür əlaqələndirilməsi, xüsusən COP-29 yaxınlaşdıqca və bütün dünyanın diqqəti Azərbaycana cəlb edildikcə insan hüquqlarının beynəlxalq müzakirələrin vacib mövzusu olaraq qalacağını göstərir.
Almaniya həm iqlim sahəsində siyasətə, həm insan hüquqları sahəsində siyasətə böyük təsir göstərməyə davam etdiyinə görə, bu səfərin nəticələri insan hüquqları və iqlim gündəliyinin qarşılıqlı əlaqəsini vurğulayaraq, yaxın aylarda beynəlxalq münasibətlərin və ekoloji diplomatiyanın tonunu müəyyən edə bilər.
Mehman Əliyev