“Tərtərdə elə mühit yaradıblar ki, adamlar narazılığını dilə gətirməyə, etiraz eləməyə qorxur”
Tərtər sakini Arif Paşayev iddia edir ki, rayon icra hakimiyyətindəki rüşvət və saxtakarlıq barədə şikayətlərinə görə təzyiq altındadır. Onun sözlərinə görə, Tərtər Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri onu hədələyir.
“O qədər əhalidən 5 nəfər çətin tapılar ki, etirazını bildirsin”
Arif Paşayev Meydan TV-yə danışır ki, icra hakimiyyətinin nəzdindəki Qəyyumluq və Himayəçilik Komissiyası onun yaxın qohumuyla bağlı əsassız rəy verib. Söhbət 3 yaşlı Hüseynlə bağlı verilmiş rəydən gedir.
Uşağın anası 2023-cü il mayın 4-də qətlə yetirilib, atası isə bu cinayətdə ittiham olunaraq həbs edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsində onun mühakiməsi davam edir.
O hadisədən bu yana azyaşlı anasının valideynlərilə birlikdə yaşayır. Bir müddət öncə digər babası və nənəsi məhkəməyə müraciət edib ki, Hüseyn onların himayəsinə verilsin.
Komissiya isə hər iki ailə ilə bağlı araşdırmalardan, evlərinə baxış keçirəndən sonra belə nəticəyə gəlib ki, uşağın ata babasıgilin yanında qalması məqsədəuyğundur.
Hazırda Tərtər Rayon Məhkəməsində Hüseynin kimin yanında qalmasıyla bağlı mübahisəyə baxılır. Komissiyanın rəyi də məhkəməyə təqdim olunub.
Ananın valideynləri dəfələrlə icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirib, Baş Prokurorluğa və başqa dövlət orqanlarına şikayət edib. Onlar iddia edirlər ki, bu rəy qanunsuzdur.
“Şübhəmiz yoxdur ki, bu rəy rüşvət nəticəsində verilib. Rüşvət hallarını, qanunsuzluqları dilə gətirdiyimə, məsələni sosial şəbəkələrdə ictimailəşdirdiyimə görə mənə təzyiq edirlər. Zəng eləyirlər, hədələyirlər. Ümumiyyətlə, Tərtərdə elə mühit yaradıblar ki, adamlar narazılığını dilə gətirməyə, etiraz eləməyə qorxur. Tərtərin o qədər əhalisi var, arasında 5 nəfər çətinliklə tapılar ki, etirazını bildirsin”, – Arif Paşayev bildirib.
“Fikirlərinizi məhkəmədə bildirin…”
O, təzyiqlərə görə xüsusən Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Rəvan Həsənovu ittiham edir.
Meydan TV-nin əməkdaşı Arif Paşayevin iddialarına münasibət öyrənmək üçün adları çəkilən hər iki məmurun xidməti telefonlarına, həmçinin Rəvan Həsənovun mobil telefonuna bir həftə ərzində dəfələrlə zəng edib. Lakin onların heç biri zənglərə cavab verməyib.
İcra başçısının birinci müavini Elvin Umudov şikayətçi tərəf olan uşağın ana babası Vidadi Məhərrəmova göndərdiyi məktubda yazıb ki, Hüseynin tərəflərdən hansının himayəsində saxlanması məsələsinə Qəyyumluq və Himayəçilik Komissiyasında baxılaraq rəy verilib və həmin rəy də məhkəməyə göndərilib:
“Odur ki, uşağın kimin yanında saxlanılması barədə qərar məhkəmə orqanının səlahiyyətində olduğu üçün məhkəmə prosesində iştirak edərək, fikirlərinizi bildirmək tövsiyə olunur”.
Arif Paşayev Meydan TV-yə Rəvan Həsənova aid olduğu iddia edilən səs yazısını təqdim edib. Oradakı danışıqdan məlum olur ki, Rəvan Həsənov ona zəng edərək, özü və ailə haqqında sosial şəbəkələrdə səsləndirilən ittihamlara, təhqirlərə görə etirazını bildirir. O, heç kimdən rüşvət almadığını vurğulayır. Əlavə edir ki, ümumiyyətlə, Hüseyn Əlizadə haqqında rəyə görə Tərtər rayon İcra Hakimiyyətində qarşı tərəfdən pul alınması barədə söhbət olmayıb.