Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan İran-İsrail münaqişəsinə cəlb oluna bilərmi? - Bakı üçün təhlükələr

20-04-2024, 12:08   



Təhlilçilər narahatdırlar ki, İran-İsrail münaqişəsi qızışsa, miqyası böyüsə, Azərbaycan bu qarşıdurmanın bir hissəsinə çevrilə bilər

3 il əvvəl İlham Əliyev elə İranla sərhəddə, Arazın sahilində İsrail dronu Haropu sığallayır və deyirdi ki, Azərbaycana qarşı əsassız ittihamlar səslənir. Guya Azərbaycan İsraili bölgəyə gətirib. İlham Əliyev ittihamları qəbul etmədiyini bildirir və sübut tələb edirdi.

Elə indi də təhlilçilər narahatdırlar ki, İran-İsrail münaqişəsi qızışsa, miqyası böyüsə, Azərbaycan bu qarşıdurmanın bir hissəsinə çevrilə bilər.

2024-cü ildə, İranın İsrailə dron hücumu etdiyi bir dönəmdə durum bir az fərqlidir.

Azərbaycan və İran son illərin gərgin münasibətlərini tənzimləmiş kimi görünürlər. Azərbaycan həm də Tehranın və Moskvanın qatıldığı 3+3 formatına meylli görünür.

Bir tərəfdə uzaq dost ölkə İsrail, bir tərəfdə də yaxın qonşu İran.

Əvvəlcə ondan başlayaq ki, İsrailin tərəfdaş ölkə kimi Azərbaycandan gözləntisi nədir?

İsrailin Hermes 450 dronu Bakıda qələbə paradında
İsrailin Hermes 450 dronu Bakıda qələbə paradında

İsrail kəşfiyyatının – Mossad-ın keçmiş direktoru Efraim Halevi AzadlıqRadiosu Azərbaycan xidmətinin #İzahla proqramına müsahibəsində bu suala belə cavab verib:

“Düşünmürəm ki, İsrail İranla aramızda müharibə olarsa, buna Azərbaycanın qoşulmasını istəyəcək. Biz Azərbaycanı hərbi əməliyyatlara cəlb edib, çətin vəziyyətə salmaq istəmirik. Bizim istədiyimiz Bakıdan mənəvi dəstək almaqdır. Azərbaycandan istədiyimiz odur ki, İranın davranışları ilə bağlı, İranla bağlı baxışlarını ifadə etsin. İstəyirik ki, Azərbaycan aydın şəkildə bildirsin ki, İranın yalnız İsraillə bağlı yox, bütün qonşuları ilə bağlı yürütdüyü siyasəti haqda nə düşünür. Məncə, Azərbaycanın da marağındadır ki, bunu qəbul etsin”.

Məsələ burasındadır ki, İranın aprelin 13-də İsrailə dron hücumundan sonra bir çox Qərb dövlətləri Tehranı pisləyən, İsraili açıq dəstəkləyən bəyanatlar versələr də, Azərbaycan Xarici İşlər Nazirliyi hər iki tərəfi təmkinli olmağa çağıran bəyanat verib:

"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”.

Bəs bu bəyanat İsraili qane edirmi?

Efraim Halevi deyir ki, Azərbaycanın özünün nəzərə aldığı məqamlar var və bir israilli kimi Azərbaycanın xarici siyasətinə qarışmaq istəməzdi.

İndiyə qədər Azərbaycanın İrana qarşı İsraillə dostluğu barədə müxtəlif dövrlərdə açıqlamalar olub.

Məsələn, hələ 2009-cu ildə qalmaqallı WikiLeaks saytı iddia edirdi ki, İsrail Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə edir.

İddi olunurdu ki, guya İsrailin əsas məqsədi Azərbaycanı İrana qarşı müttəfiq kimi, eləcə də kəşfiyyat platforması və hərbi texnika bazarı kimi qorumaqdır.



Azərbaycana qarşı iddialar

Bəzi İran media orqanları, məsələn, mühafizəkarlara yaxın khabarlar.online iddia edir ki, İsrail Azərbaycan ərazisindəki hərbi bazasından İrana dron göndərib.

2014-cü ildə İran Silahlı Qüvvələri Baş Qərargahının müavini Məsud Cəzayeri deyib ki, İran ərazisinə ölkənin şimal qonşusundan pilotsuz təyyarə qaldırılıb.

Həmin vaxt Azərbaycan Prezident Administrasiyasının rəsmisi Əli Həsənov xəbəri “kənar dairələrin təxribatı” kimi qiymətləndirmişdi.

Mossadın keçmiş direktoru bu barədə belə deyir:

“Düşünmürəm ki, Azərbaycan ərazisi İsrailə xidmət edir. Azərbaycanla münasibətimiz var, turist səfərləri edirik, gedib-gəlirik, bizim İranı daha yaxından izləmək kimi imkanımız yaranır. Məncə, bu, bir üstünlükdür. Biz bundan hərbi mənada istifadə etmirik, bizim İran-Azərbaycan sərhədində İranla münaqişəyə girmək kimi niyyətimiz yoxdur. Odur ki, Azərbaycan bizimlə münasibətdə tam rahat ola bilər”.

Əslində, WikiLeaks-in sözügedən açıqlamasından ötən dövrdə Azərbaycan-İsrail münasibətləri bir az da sıxlaşıb, belə ki, Bakı uzun illərdən sonra həm də, 2023-cü ildə bu ölkədə səfirliyini açıb.

İsrail Azərbaycanın əsas silah təchizatçılarındadır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun - SIPRI məlumatına görə, 2016-2020-ci illərdə İsrail Bakının silah idxalının 70 faizə qədərini verib. Bu, həmin dönəmdə İsrailin silah ixracının 17 faizi demək idi.

Keçən ilin payızında Forbes jurnalı yazırdı ki, hazırda Azərbaycan İsrailin neft tələbatının təqribən 40 faizini təmin edir, avtomobil və təyyarələri enerji ilə təmin edən mühüm ölkədir.



Bakı üçün təhlükələr

Beynəlxalq Böhran Qrupunun İran layihəsinin baş məsləhətçisi Əli Vaez hesab edir ki, bütün bu tarixçəni, coğrafi amilləri nəzərə alanda Azərbaycanın durumu doğrudan da risklidir

“Yaxın Şərqdəki gərginlik qızışarsa, bu asanlıqla Azərbaycana da keçə bilər. Münaqişə Azərbaycana keçsə, İrana rəğbəti olan şiə qruplar radikallaşa bilər. Bu hətta İran və Türkiyə arasında inamsızlığı və gərginliyi artıra bilər”.

Əli Vaez deyir ki, Azərbaycan və İran gərək bir-birindən sui-istifadə etməyə heç bir halda imkan verməsinlər.

İran mətbuatını izləyən Yaxın Şərq İnstitunun şərhçisi Ümid Şükrü deyir ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə - yəni, İranın İsrailə hücumu ərəfəsində İran mətbuatında Azərbaycanın israilyönümlü olması ilə bağlı ittihamlara rast gəlinmir. Bununla belə, məsələn, İran parlamentinin deputatı Raşidi Koçi X hesabında İsrailin Bakıdakı səfirliyini vurmağı təklif edib.

Bir çox İran mediası, məsələn, irangate.news bu tviti tirajlayıb.



Neytral qalmaqla yaxınlaşmaq

İsrailin İranın Dəməşqdəki konsulluğnu vurması barədə xəbər yayılanda İranda bir qrup insanlar İsrailin Bakıdakı səfirliyinin vurulması barədə çağırış etdilər. Bu da onu göstərir ki, İran daxilində Azərbaycanın münaqişənin parçası olmasını istəyənlər var. Odur ki, Azərbaycan üçün ən mühüm olan neytral qalmaq və İsraillə münasibətlərini genişləndirməkdir.

Əslində, bənzər cəhdlər əvvəllər də olub.

Məsələn, keçən ilin iyulunda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Bakıda üçüncü ölkənin səfirliyinə hücum planlaşdırmaq şübhəsi ilə 23-yaşlı Əfqanıstan vətəndaşı saxlanıb. Bəyanatda şübhəlinin İsrail səfirliyini hədəf aldığı yazılmayıb.

Amma İsrailin Xarici İşlər naziri Eli Koen deyib ki, Azərbaycandakı İsrail səfirliyinə baş tutmayan hücuma görə İran məsuliyyət daşıyır.

Bakıda siyasi şərhçi Əhməd Əlili deyir ki, Azərbaycanın bu münaqişəyə nə qədər qarışacağı İranın reaksiyasından asılıdır.

“Azərbaycan tərəfi İranla şəffafdır. Bakı bütün informasiya ilə təmin edir ki, Azərbaycan ərazisindən istifadə olunmur”.



Həssas mövzu

Bakıda da bu mövzunu həssas mövzu hesab edirlər. Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan üzvü Hikmət Məmmədov Turan agentliyinə deyib ki, xüsusilə İran azərbaycanlılarına görə, bu, həssas mövzudur.

“Bu həssas mövzu Azərbaycanın xarici siyasətinin də əsas məsələlərindən biridir. İran çox yaxın qonşu ölkədir, həm də orada 30 milyondan çox soydaşımız yaşayır. Bundan əlavə, qonşu ölkədə bəzi dairələr orada nə baş verirsə versin, Azərbaycanı bununla əlaqələndirməyə çalışır və, təəssüf ki, İran ictimai rəyini manipulyasiya etmək istəyirlər”.

Bundan əvvəlki müsahibələrinin birində Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyirdi ki, Azərbaycanın İsraillə münasibətləri onun suveren haqqıdır.

O demişdi ki, bu günə qədər İran hər hansı bir konkret faktı göstərməyib ki, Azərbaycan İsraillə hansısa əməkdaşlıq nəticəsində İrana təhlükə yaradıb.

Başqa bir siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Azərbaycanın indiki neytral mövqeyi ağlabatandır və yaxşı mövqedir.

İran aprelin 13-də İsrailə dron hücumu edib, bunun İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olduğunu bildirib.

İsrail həmin hücumu törətdiyini nə təkzib nə də təsdiq edib.

Bəzi təhlilçilər İsrailin cavab tədbiri görə biləcəyini desələr də, bir çox müşahidəçilər iki dövlət arasında geniş miqyaslı müharibənin tezliklə başlayacağını gözləmirlər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar