"Star-M", "Zamiq", "Hasil", "Xəmsə", "EMZ" və "Şans" MTK-ların rəhbəri Məhərrəm Məhərrəmov barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Avqustun 5-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Vüqar Quliyevin sədrliyi ilə keçiriləcək.
İş materiallarına görə, Məhərrəm Məhərrəmov rəhbəri olduğu MTK-lar tərəfindən Bakı şəhərində inşa olunmuş yüksək mərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirib.
Toplanmış sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Məhərrəmov Məhərrəmov başqa cinayət işi üzrə də
mühakimə olunur. Həmin cinayət işi də mənzil dələduzluğu ilə bağlıdır. O, 17 mənzili 36 nəfərə satmaqda təqsirləndirilir.