“Bahar Energy”dən şikayət: Maaşlar azaldılır, ödənişlər kəsilir…

15-07-2024, 12:31   



“Zərərli sahədə işləməyimizə baxmayaraq, süd və ya digər qidalar verilmir”

“Bahar Energy” Əməliyyat Şirkətində son 14 ildə işçilərin maaşları artırılmadığı, əksinə 20 faizə qədər azaldıldığı bildirilir. Həmçinin bir çox ödənişlər kəsilib. Şirkətin əməkdaşı Əli Naib oğlu Əsmətov “əmək hüquqlarının bərpa olunması ” xahişi ilə SOCAR prezidenti Rövşən Nəcəfə, eləcə də aidiyyatı qurumlara müraciətində bu barədə yazıb.

Meydan TV-yə danışan Əli Əsmətov bildirib ki, 22 ildir neft sahəsində çalışır.

“Aylıq maaşlarımız əmək müqaviləsində nəzərdə tutulan qaydada verilmir, gecikdirilməklə ödənilir. Maaşlar əmək müqaviləsində nəzərdə tutulandan 20 faiz azaldıldı və müqaviləyə bununla bağlı imza atmağa məcbur edildik. Əlavə iş saatlarımız kəsildi və bu da əmək haqlarının azalmasına təsir etdi”,- şikayətçi deyib.

Neftçinin sözlərinə görə, müəssisədə işçilərin fəaliyyəti üçün normal şərait yaradılmır. Zərərli sahədə işləmələrinə baxmayaraq, süd və ya digər qidalar verilmir.

Şirkətin digər əməkdaşları da xidməti müqavilə ilə işləyən işçilərin əmək müqaviləsi ilə işləyənlərdən daha artıq maaş almalarından şikayətçidirlər. Onların sözlərinə görə, şirkətdə yetərli işçi olduğu halda kənardan yüzə yaxın şəxs xidməti müqavilə ilə işə cəlb olunur. İşçilərdən biri Meydan TV-yə deyib ki, nasaz maşınlarla estakadaya aparilirlar. Hasilat azalıb, şirkət öhdəliklərini yerinə yetirmir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatınn sədri Mirvari Qəhrəmanlı da şirkət əməkdaşlarının dediklərini təsdiqləyib. Bildirib ki, Dövlət Statistika Komitəsinin “Hasilat sənayesində şəffaflıq üzrə məcmu hesabatı”na nəzər salıb. Məlum olub ki, neft hasilatı 2019-cu ildən indiyədək azalıb.

““Bahar Energy” ƏŞ-dən təşkilatımıza dəfələrlə şikayətlər daxil olub. İşçilər dəfələrlə əmək haqlarının gecikdirilməsindən, yarı-yarı ödənilməsindən narazılıq ediblər. Hətta müəyyən illərdə etiraz aksiyaları da keçirilib, amma təəssüf ki, narazılıqları yaradan səbəblər aradan qaldırılmayıb”.

Mirvari Qəhrəmanlı əlavə edib ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, əmək münasibətlərinə daxil olan bütün işçilərlə bu məcəllədə nəzərdə tutulan qaydada əmək müqaviləsi bağlanmalıdır. Əmək münasibətlərinin əmək münasibətləri xarakterli iş və ya xidmətlərdə mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi qadağandır.

Foto: Mirvari Qəhrəmanlının şəxsi profilindəndir

“Bahar Energy” Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş “Bahar Energy LTD” şirkəti çıxış edir. “Bahar Energy”-nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib. “Bahar Energy” Əməliyyat Şirkətinin prezidenti Con Harkinsdır.

İndiyədək şirkətdən şikayətlərlə bağlı heç bir cavab almaq mümkün olmayıb.
SOCAR-dan da işçilərin şikayəti ilə bağlı açıqlama verməyiblər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.