ABŞ prezidenti dolların emissiyasını öz nəzarətinə götürə biləcəkmi?
“Make America Great Again” şüarı havadan asılı vəziyyətdədir
Donald Trampın ABŞ-yə idxal edilcək bütün xarici məhsullara rüsüm tətbiq etməsi yaxın gələcəkdə dünya iqtisadi sistemində iri miqyaslı yenilənməyə gediləcəyindən xəbər verir.
Əslində, Trampın belə bir tədbirə əl atacağı tamamilə gözlənilən idi və o, bunu edəcəyini həmişə söyləyirdi. Tramp tariflərlə bağlı fərman imzalayandan sonra Amerikanın daha böyük gücə yiyələnəcyini və ölkəsinin yenidən qızıl dövrə qayıdacağını bildirib. Amma maraqlıdır, görəsən o, Amerikanın hansı dönəmlərini indiki ilə müqayisədə daha möhtəşəm hesab edir? Nədənsə Tramp bu barədə susur və yalnız ümumi şüarlarla kifayətlənir.
Hazırda dünya iqtisadiyyatını dərin böhran bürüməsə də, real sektora sərmayə qoyuluşu öncəki kimi gəlir gətirmir. Bunun kompleks səbəbləri var və ən başlıcası da kapitalizmin xarakterindən asılıdır. Belə görünür ki, ABŞ dünya iqtisadiyyatının lokomotivi olmaqdan və ballast yükü daşımaqdan tədricən imtina etmək niyyətindədir. Amerika Birləşmiş Ştatları sanki dillema qarşısında dayanıb...
Birincisi, əgər ABŞ dünya iqtisadiyyatının əvvəlki kimi işləməsinə, hər şeyin yerində qalmasına razıdırsa, onda o, öz hegemon gücünü itirəcək.
İkincisi, əgər ABŞ mövcud vəziyyətin davam etməsinə razı deyilsə, onda o, istehlak mərkəzi rolundan imtina etməli və sərt proteksionist siyasət həyata keçirməklə bütün imkanlarını istehsal potensialının yüksəlməsinə yönəltməlidir. Trampın tarif siyasətindən aydın olur ki, ABŞ ikinci yolu tutacaq.
Beləliklə, ABŞ xarici ticarətdəki mənfi saldonu yalnız dollar emissiyası vasitəsilə qapadarsa, onda Amerika Çinin, Avropa ölkələrinin inkişafı üçün özünü qurban vermiş olar. Əgər Bayden administrasiyası daha bir müddət hakimiyyətdə qalsaydı, ABŞ-nin yaxın beş ildə dərin iqtisadi və mənəvi tənəzzülə qərq olacağı qaçınılmazdı. Çünki qloballaşma tərəfdarı olan Demokratlar partiyası Amerika Birləşmiş Ştatlarını faktiki sənayesiz qoyacaqdılar. Amerikadakı mühafizəkarlar haqlı olaraq sual verirlər ki, niyə ticarət balansındakı vəziyyət ABŞ-yə zərbə vurmalıdır? Niyə qloballaşmadan Çin fayda götürməli, önə çıxmalı və nə vaxtsa nəhəng sənaye potensialına malik ABŞ problemlərlə üzləşməlidir?
ABŞ-də artıq müvafiq tədbirlər görməyin vaxtının gəldiyini yaxşı anlayıralr. Trampın öz sələflərindən fərqli siyasət yürütməsi təkcə onun impulsivliyindən irəli gəlmir. Ortada kapitalizmin xarakterindən qayanqlanan böyük çaplı qlobal problem var və bu problemin həll olunması birbaşa ABŞ-nin üzərinə düşür.
ABŞ-də baş verən istənilən maliyyə çalxantısı anında dünyaya yayılır. Bildiyimiz kimi, 2008-ci ildə ABŞ-də meydana gələn ipoteka böhranı domino effekti kimi ilk olaraq iri həcmli maliyyə strukturlarına zərbə vurduqdan sonra növbə real sektora da çatmışdı, enerji daşıyıcılarının qiyməti 3-4 dəfə ucuzlaşmışdı. Nəticədə dünya iqtisadiyyatı 2008-2009-cu illərdə ciddi tənəzzülə girmişdi. Belə bir təlatümün qarşısı elə məhz ABŞ tərəfindən alınmışdı. FRS uçot faiz dərəcəsini sıfıra endirmiş, ”Quantitative easing” adlanan xüsusi vasitəylə maliyyə bazarlarına küllü miqdarda pul tökülməsi hesabına dünya iqtisadiyyatı yenidən canlandırılmışdı.
Böhrandan çıxmaq üçün FRS-in maliyyə likvidliyini gücləndirməsi ABŞ-də real iqtisadiyyatı yox, xaricdən alınan mallar sayəsində istehlakçılığı böyütmüşdü. ABŞ-də istehalk səviyyəsinin yüksəlməsindən ən çox fayda götürən ölkə isə Çin Xalq Respublikası olmuşdu.
Çinin eksponensial inkişafının başlıca səbəbi onun istehsal etdiyi istənilən məhsulun öz maya dəyərindən xeyli baha qiymətə ABŞ bazarında satılmasıyla əlaqədardır.
ABŞ hələ İkinci Dünya Müharibəsindən sonra formalaşan və bəzi islahatlara uğramış mövcud iqtisadi maliyyə modelinin bütün çatışmamazlıq və ağırlıqlarını öz çiyinlərində daşımaq məcburiyyətində qalıb. Ancaq hazırda bu model yalnız beynəlxalq maliyyə oliqarxiyasına sərf edir. Əgər azad bazarın və mövcud qlobal ticarət sxeminin işləmə mexanizmi ABŞ dövlətinə ziyan vurursa, onda ondan tədricən yaxa qurtarmağa başlanılacaq.
Bəs, Tramp bu qədər qəliz bir vəziyyətdən ABŞ-ni çıxartmaqla yanaşı, özünün dediyi kimi onu yenidən böyük edə biləcəkmi?
Dünya vahid bazardır və ABŞ-nin özü Çin, Avropa Birliyi, Yaponiya kimi bu bazarın ən böyük iştirakçılarından biridir. Lakin məsələ ondadır ki, dünya bu gün vahid bazar və dollar sistemindən asılıdırsa, onda Tramp ABŞ-dəki istehsalı artırmaqla bu qüsurlu həlqədən necə xilas olacaq? Getdikcə özünəmi qapanacaq?
Əgər Tramp həqiqətən də istehsalın bərpası üçün lazımı mühiti yaratmaq niyyətindədirsə, onda o gərək ilk növbədə beynəlxalq maliyyənin axışından başlasın. Yəni, ABŞ dövləti ölkələr arasında maliyyənin sərbəst şəkildə hərəkətində ən vacib amil olan dolların emissiyasını öz nəzarətinə götürməlidir. Hələ ki, Tramp bu axının qabağını kəsə bilməz, çünki dolların emissiya mərkəzi olan FRS-ə qarşı prezidentin hər hansı tədbir görməsi qanunla yasaqlanıb.
Tramp və komandası anlamalıdır ki, təkcə rüsum artımı ilə belə bir tarixi missiyanın öhdəsindən gəlinə bilməz. Beləliklə, əgər Tramp FRS-lə razılaşdırılmış plan əsasında yeni bir beynəlxlaq iqtisadi-maliyyə modelinin və siyasi nizam qaydalarının formalaşmasına getməzsə, onda onun fəaliyyəti “Make America Great Again” şüarını gerçəkləşdirə bilməyəcək.
V.Nəsibov
“AzPolitika.info”