Gürcüstanın Milli Qida Agentliyi Azərbaycandan gətirilən südün satışını dayandırmaq qərarını verib
Gürcüstanın “Soplis Nobati” şirkəti azərbaycanlı süd tədarükçüsü ilə əməkdaşlığı dayandırıb. Belə bir qərar məhsul partiyasında zəhərli maddələr aşkar edildikdən sonra verilib.
Bu barədə şirkətin məlumatında deyilir.
Qərarın “bütün texniki detallar dəqiqləşdirilənə qədər” qəbul edildiyi bildirilir. İstehsalçının bəyanatında həmin məhsulun “istehlakçılar üçün heç bir təhlükə yaratmadığı” deyilsə də, Gürcüstanın Milli Qida Agentliyi südün müəyyən tələblərə cavab vermədiyini hesab edib.
Nəticədə “Soplis Nobati” bu məhsulu satışdan çıxarmaq qərarına gəlib.
“Biz bütün texniki detallar dəqiqləşdirilənə qədər yuxarıda adı çəkilən azərbaycanlı tərəfdaşla əməkdaşlığı da dayandırırıq”, – şirkətin açıqlamasında deyilir.
Milli Qida Agentliyi martın 28-də laboratoriya müayinəsi zamanı “Soplis Nobati”dən alınan süd nümunələrində aflatoksin aşkar edildiyini açıqlayıb və istehlakçıları bu süddən istifadə etməməyə çağırıb. Aflatoksin kif göbələkləri tərəfindən istehsal olunur. Aflatoksin B1 ilə çirklənmiş qida heyvanın orqanizminə daxil olur, oradan südə keçərək insan sağlamlığı üçün təhlükə yaradan aflatoksin M1-ə çevrilir.
Milli Qida Agentliyindən verilən məlumata görə, “Soplis Nobati”dən gətirilən 5 süd nümunəsi bazardan çıxarılaraq möhürlənir.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Paata İmnadze bildirir ki, “Soplis Nobati” südünün mübahisəli partiyasında aflatoksinlərin müəyyən edilmiş dozası kəskin zəhərlənməyə səbəb ola bilməz. Onun sözlərinə görə, Gürcüstan aflatoksinlərin maksimum miqdarına görə “Avropa standartlarına diqqət yetirir” və onlar “Amerika standartlarından 10 dəfə daha sərtdir”.