ATALAR VƏ MANDATLI ÖVLADLAR... – Bu adamlar YAP-ın siyahısına necə düşür? + FOTOLAR

26-07-2024, 09:44   



Azərbaycan Milli Məclisi dünyanın ən mükəmməl parlamenti, ona keçirilən seçkilər isə ən demokratik, qüsursuz seçki deyil. Bunu biz də yaxşı bilirik, dünya da. Ancaq bu azmış kimi, mənzərəni daha da korlayan hallara, eybəcərliklərə şahid oluruq. Nəticədə, istənilən dövlətin ən vacib, təməl seçkili institutu olan parlamentin bilərəkdən, yaxud bilmədən gözdən salınmasını lal-dinməz müşahidə etməkdən başqa əlimizdən heç nə gəlmir…

Məsələn, yeni parlamentə namizədlər siyahısına, xüsusilə də YAP-ın siyahısına baxanda xalqımızın “siyasi elita” adlandırdığı zümrədəki bəzilərinin hələ də ən yaxşı halda orta əsrlər təfəkkürü ilə yaşadığını, parlamentə ciddi dövlət institutu kimi yox, mandata öz əsil-nəslinin gələcəyinə buraxa biləcəyi miras kimi baxdığını görürük…

Budəfəki seçki həm də ona görə “əlamətdardır” ki, ilk dəfədir bu qədər çoxlu sayda köhnə deputatın, məmurun övladlarının parlamentə “dürtüşdürülməsi” cəhdi yaşanır. Azı 4 belə cəhd rəsmən qeydə alınıb – sabiq deputatlar Əhməd Vəliyev və Tahir Süleymanov oğullarını, Fəzail Ağamalı və Şaitdin Əliyev isə qızlarını parlamentə salmağa nail olmaq üzrədirlər (Bu cəhd MSK katibi olan Şaitdin Əliyevin öz kreslosuna təhlükə yaratdığından, hələlik o, geri çəkilmək məcburiyyətində qalıb-red.).


 Fəzail Ağamalı və qızı Günay Ağamalı


Ataların xalqdan almadıqları mandatı uşaqlarına miras buraxmaq istəyini başa düşdük, Azərbaycanda yaşayırıq, bəs bu adamlar hakim partiyanın siyahısına necə yazılırlar?

Əvvəllər parlamentdə qudalar, kürəkənlər, qardaşlar, bacıoğlu və qardaşoğlular “boy göstərərdi”, indi yeni dəb düşüb – atanı deputat kreslosundan bir şərtlə qopara bilirlər ki, mandatı oğluna və ya qızına verilsin.


 Şaitdin Əliyev və qızı Aygün Maniyeva


Bəli, kimsə deyə bilər və deyir də ki, qanun sabiq deputatın övladının deputat seçilməsini qadağan etmir.

Birincisi, Azərbaycanda qanunun qadağan etmədiyi çox şeylər var ki, reallıqda qadağandır.

İkincisi, axı bu adamların övladlarının yalnız “deputat balası”, “nazir balası” olmaqdan başqa indiyə qədər heç bir məziyyəti, xidməti, rolu görünməyib. Bu adamları mətbuatda, siyasi debatlarda, çıxışlarda görən olubmu? Onların siyasi biliklərindən, bacarıqlarından, xalqa, dövlətə münasibətdə mövqeyindən, düşüncəsindən kimin xəbəri var? Nə ilə, hansı xidmət, keyfiyyət, məziyyətlə qazanıblar 1 milyondan artıq üzvü olduğu bildirilən YAP-ın siyahısına düşmək şansını və şərəfini? Hakim partiya bu qədərmi zəif, tükənmiş, kadr bazası kasad olan bir durumdadır ki, heç kimi tapmır və “vərəsəlik prinsipi” ilə namizəd seçimi edir?!

Kimdir bu adamlar?

Məsələn, Əhməd Vəliyevin oğlu Samir Vəliyev. Ə.Vəliyevi ötən seçkidə kreslodan zorla qoparmışdılar. Bu dəfə oğlunu ora qaytarmağın yolunu tapıb. 


 Əhməd Vəliyev və oğlu Samir Vəliyev


Yaxşı, deyək ki, Ə.Vəliyevin özü pis-yaxşı universitet rektorudur, elmi dərəcəsi var, tanınmış adamdır və sair. Bəs oğlunun nəyi, hansı nailiyyəti, bacarıqları var? Adam atasının yaratdığı Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, yenə atasına aid “Muğanbank”ın əsas səhmdarı olub. Bu bank isə əhalini və bank sektorunu aldadaraq, maliyyə vəziyətinin yaxşı olduğu barədə hesabatlar versə də, günlərin birində bağlandı və həm adi vətəndaşları, həm də sahibkarları, şirkətləri pis vəziyyətdə qoydu. Samir Vəliyevin adı isə mətbuatda “diplom biznesi” də daxil omaqla bir çox “əyri-üyrü” işlərdə hallanıb.

S.Vəliyevin indiyədək bircə dəfə də olsun publik çıxışına, hansısa jurnalistə siyasət mövzusunda sərbəst müsahibəsinə, müxalifətlə debatına, ölkənin keçmişi və gələcəyinə dair fikir bildirməsinə rast gəlinməyib. Elə isə necə oldu ki, bu adam YAP-ın quruculuğunda əməyi olan, illərdir müxalifətlə dartışan, mütəmadi müsahibələr verən, mövqe və fikir bildirən yüzlərlə YAP aktivistindən irəli düşə bildi?!

Özü dəfələrlə Dəvəçidən (İndiki Şabran) deputat olmuş Tahir Süleymanovun oğlu Mahir Süleymanlının (Əslində oğulluğa götürdüyü nəvəsi-red.) da adı siyahıdadır. 


 Tahir Süleymanov və oğlu Mahir Süleymanlı


Vaxtilə T.Süleymanovun “krışa”sının heç də hakimiyyətdəki ən nüfuzlu məmur olmayan sabiq AZTV sədri Nizami Xudiyev olduğu, hətta onu həbsdən qurtardığı deyilirdi. İndi isə belə görünür ki, T.Süleymanovun “əli o qədər uzanıb” ki, heç kimin tanımadığı-bilmədiyi oğlunun adını YAP siyahısına saldıra bilib. Bu adamın ixtisası nədir, harda təhsil alıb, indiyədək nə işlə məşğul olub, siyasətdən nə dərəcədə anlayışı var, ümumiyyətlə elementar danışıq qabiliyyəti varmı, sabah hardasa bir müxalifət nümayəndəsi, yaxud xaricdə bir beynəlxalq tədbirdə bir erməni deputatla üz-üzə gəlsə, 3 məntiqli cümləni dilə gətirə biləcəkmi - hamısı sirri-xudadır. Digəl ki, 1 milyon üzvü olan partiyada seçilmiş 125 nəfərdən biridir.

Azərbaycan reallıqları onu deməyə əsas verir ki, bu adamların bəlkə də hamısı yeni məclisdə yer alacaqlar. Yaxşı, Azərbaycan, Azərbaycan parlamenti, seçicisi bundan nə qazanacaq? Belələrinə nümunə kimi YAP-ın siyahısından parlamentə düşmüş Şeyxin kürəkəni, sabiq deputat Qalib Salahzadənin oğlu Əliabbas Salahzadəni göstərmək olar. Bu dəfə onun namizədliyi irəli sürülmədi. 


 Qalib Salahzadə və oğlu Əliabbas Salahzadə


Parlamentdə oturduğu dövrdə isə onun nə bir işini, nə çıxışını, nə fəaliyyətini görən olmadı. Elə digər deputat balalarının da eyni “fərasət göstərəcəyi” heç bir şübhə doğurmur.

Ümumiyyətlə, sanki parlamantə deputat siyahısı yox, sovet dövründəki “Narxoz”un yağlı fakültələrinə varlı balalarından ibarət tələbə qəbulu siyahısı hazırlayıblar. Sonra da deyirlər ki, Azərbaycanda gənc, savadlı, vicdanlı kadrlar, məmurlar, hazırlıqlı siyasətçilər və s. ortaya çıxmır. Deyirlər televiziyalara hökumətin siyasətini ağılla müdafiə edə biləcək deputat, siyasətçi tapmırlar çağırmağa. Bir tərəfdən deputatları, məmurları əksər hallarda bilik və bacarığına görə yox, varislik prinsipi əsasında seçir, digər tərəfdən narazılıq edirlər...



“Könhə qvardiya”nı qınayanlar, tənqid edənlər “yeni mənzərə”ni görəndə yəqin ki, peşimançılıq hissi keçirirlər. Doğrusu, YAP-ın Eldar İbrahimovu, Siyavuş Novruzovu, Mübariz Qurbanlını və digər “köhnələri” yenidən namizəd kimi irəli sürməsi, sabiq deputatların ərköyün övladlarını namizədlər siyahısına və parlamentə salmaqdan daha yaxşıdır. Heç olmasa, bu adamların dili pis-yaxşı söz tutur, hakimiyyət qarşısında müəyyən xidmətləri olub, cəmiyyətdə tanınırlar…

Cəlal Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.