BMT Baş Assambleyası səs çoxluğu ilə Ukraynanın təklif etdiyi Zaporojye AES-dəki vəziyyətlə bağlı qətnamə layihəsini qəbul edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu qətnaməyə əsasən, Rusiya qoşunlarını AES-dən dərhal çıxarmalı və onu Kiyevin tam nəzarətinə qaytarmalıdır.
193 dövlətin daxil olduğu Assambleya qətnaməni 99 səslə dəstəkləyib, 9 dövlət onun əleyhinə səs verib (TASS-ın məlumatına görə, bunlar Belarus, Burundi, Kuba, Şimali Koreya, Eritreya, Mali, Rusiya, Nikaraqua və Suriyadır), 60 ölkə, o cümlədən Ermənistan, Əlcəzair, Vyetnam, Çin, Meksika, BƏƏ, Səudiyyə Ərəbistanı və Tacikistan səsvermədə bitərəf qalıb.
Beləliklə də bu səsvermə Rusiyanın beynəlxalq təcrid səviyyəsini bir daha ortaya qoyub və bir neçə diktaturaları çıxmaq şərtilə dünyanın böyük əksəriyyətinin Rusiyanı işğalçı kimi tanıdığını, onun zəbt etdiyi ərazilərdən çıxmasını tələb etdiyini göstərib.
“Ukraynadakı nüvə obyektlərinin, o cümlədən Zaporojye atom elektrik stansiyasının texniki və fiziki təhlükəsizliyi” adlı sənəd 13 bənddən ibarətdir. Sənəd “Rusiya Federasiyasından təcili olaraq Zaporojye Atom Elektrik Stansiyasından öz hərbi qulluqçularını və digər icazəsiz personalını çıxarmağı və stansiyanı dərhal Ukraynanın suveren və səlahiyyətli orqanlarının tam nəzarətinə qaytarmağı” tələb edir.
Bundan əlavə, Rusiyadan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində qoşunlarını Ukrayna ərazisindən çıxarmaq, həmçinin “Zaporojye Atom Elektrik Stansiyasının perimetri boyunca quraşdırılmış bütün piyada əleyhinə minaları dərhal ləğv etmək” tələb olunur.
Qətnamə həmçinin müharibə edən tərəfləri “bütün şəraitlərdə beynəlxalq humanitar hüquqa hörmət etməyə” və əvvəllər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) təklif etdiyi təhlükəsizlik prinsiplərinin tam şəkildə həyata keçirilməsini təmin etməyə çağırır.
Lakin onu da qeyd edək ki, Baş Assambleyanın qəbul etdiyi qətnamələr, Təhlükəsizlik Şurasının qərarlarından fərqli olaraq, məsləhət xarakteri daşıyır və məcburi deyil. Buna baxmayaraq, beynəlxalq hüquqa və dünya birliyinə hörmətlə yanaşan istənilən normal dövlət bu qurumun qətnamələrini yerinə yetirməyi özünə borc bilir. Ancaq göründüyü kimi, Rusiya xeyli illərdir özünü nə normal dövlət kimi aparır, nə beynəlxalq hüquqa, nə də dünya birliyinə məhəl qoyur. Ona görə də dünyanın böyük hissəsi üçün “izqoy” dövlətə, topluma çevrilib.
Səsvermədən əvvəl Ukraynanın BMT-dəki səfiri Sergey Kislitsa Baş Assambleya iştirakçılarını sənədi dəstəkləməyə çağırıb: “Bu, bizim gələcək nəsillər qarşısında borcumuzdur. Nüvə fəlakətlərinin dəhşətlərinin bir daha təkrarlanmamasını təmin etməliyik”.
Xatırladaq ki, Rusiya qoşunları 2022-ci ilin fevralında işğal başlayandan qısa müddət sonra Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirib. Stansiyas o vaxtdan bəri elektrik enerjisi istehsal etməyib, lakin onun özü şəbəkədən tam ayrılmamış reaktorlardan birini soyutmaq üçün daimi elektrik enerjisi tələb edir. Stansiya vaxtaşırı atəşə məruz qalır, buna görə Moskva və Kiyev bir-birini günahlandırır.
C.Məmmədov
“AzPolitika.info”