Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisinə 9 il 6 ay cəza verildi, həbs olunmadı

11-07-2024, 14:23   


O, Xaçmazda, Qusarda hektarlarla torpaq sahələrini saxta sənədlərlə ələ keçirməkdə ittiham olunur

Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzovun bir ildən çox davam edən məhkəməsi yekunlaşıb. Külli miqdarda dələduzluq, sübutları saxtalaşdırma, rəsmi sənədləri məhv etmə, saxta sənədlərdən istifadə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunan Cavanşir Əvəzova 9 il 6 ay cəza verilib. Lakin o, həbs olunmayıb – 1 il 6 ay sınaq müddəti təyin edilməklə, cəzası şərti hesab olunub.

1980-ci il təvəllüdlü Cavanşir Əvəzov Qusar, Xaçmaz rayonlarında bələdiyyələrin və dövlətin mülkiyyətində olan hektarlarla torpaq sahələrini saxta sənədlər vasitəsilə ələ keçirib, özünə yaxın olan müxtəlif adamların adlarına rəsmiləşdirməkdə ittiham olunur. İttihama əsasən, o, 15-20 il əvvələ aid arxiv sənədlərini götürüb, onları dəyişib. Yaxud da torpaq sahələrilə bağlı mübahisələrə məhkəmələrdə baxılanda Xaçmaz Regional Ədliyyə İdarəsinin adından məhkəmələrə saxta sənədlər göndərib və s.

Məhkəmədə o da məlum olub ki, illərlə vətəndaşlar Cavanşir Əvəzovun vəzifəsindən sui-istifadə etməsi, əkin və örüş sahələrinin zəbt olunmasından illərlə müxtəlif dövlət orqanlarına şikayət edib.

Cavanşir Əvəzov isə ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. O, məhkəmədə bildirib ki, onunla bağlı şikayətləri həm Baş Prokurorluq, həm də Ədliyyə Nazirliyi araşdırıb, lakin təsdiqini tapmadığına görə barəsində tədbir görülməyib.

Onun sözlərinə görə, vəzifədə işləyərkən müxtəlif şəxslərlə, o cümlədən bələdiyyə sədrləri ilə telefon danışıqları olub. İstintaq dövründə bu telefon zəngləri bələdiyyələrə təsir göstərmək üçün olan danışıqlar kimi qiymətləndirilib:

“Mən tutduğum vəzifədən irəli gələrək, bələdiyyə sədrləri ilə danışımışam. Bunu onlara təsir göstərmək üçün olan danışıqlar kimi qiymətləndirmək düzgün deyil”.

Sabiq rəis əlavə edib ki, istintaq zamanı onun əleyhinə ifadə almaq üçün müstəntiq şahidləri həbslə, telefonlarındakı şəxsi həyata aid məlumatları yaymaqla hədələyib.

Cavanşir Əvəzov 20 ilə yaxın ədliyyə sistemində çalışıb. Məhkəmədə iclas katibi kimi işə başlayan Cavanşir Əvəzov daha sonra Ədliyyə Nazirliyinin Mərkəzi Aparatında, ardınca da Xaçmaz Regional Ədliyyə İdarəsində fəaliyyətini davam etdirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar