İqtisadi baxımdan yüksək inkişaf səviyyəsinə çatan Çin geostrateji ambisiyalarını reallaşdırmaq məqsədi ilə öz hərbi potensialını durmadan artırır.
Pekin ABŞ-nin dünya hegemonluğuna qarşı çıxmaq üçün böyük hərbi dəniz gücünə çevrilmək niyyətindədir. Çin rəhbərliyi yaxşı anlayır ki, Amerikanın okeanlar üzərindəkı üstün mövqeyini sarsıtmaq üçün onun yeni və müasir hərbi gəmilərə ehtiyacı var. Elə bu səbəbdən də Çin son zamanlar böyük sürətlə müxtəlif təyinatlı gəmilər inşa etməyə start verib.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Unian.net” saytı “Dənizdə yeni soyuq müharibə: Çin donanması - tam inkişafa çatmamış əjdaha" başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.
Həmin məqaləni təqdim edirik: “May ayında keçirilən sınaq zamanı dənizdə görünən “müəmmalı” Çin gəmisi barəsində xəbərlər dünyaya yayılmışdı. Burada söhbət uzunluğu təxminən 90 metr olan stels texnologiyalı korvetdən gedir. Lakin bu gəmi Qərbi öz “görünməzliyi” (isveçlilər və amerikalılar bu cür gəmilər yaradıblar) ilə yox, tikintisinin sürəti ilə heyrətləndirib. Analitiklər noyabr ayında Lyaonin əyalətindəkı gəmiqayırma zavodunda inşa edilən gəminin artıq altı aydan sonra sınaqlara başladığını görüblər. Belə anlaşılır ki, gəminin tikintisi ilə onun suya buraxılması və dənizə çıxması təxminən bir çəkib.
Müqayisə üçün deyək ki, amerikalılar yeni tip “Constellation” freqatını 2022-ci ilin avqustundan tikməyə başlayıblar. Bu yaxınlarda tikintinin ləngiyəcəyi məlum olub və deyilənə görə bu gəmi 2029-cu ildən tez hazır olmayacaq.
Beləliklə, Çin sübut edib ki, yeni gəmiləri ABŞ-dən 7 dəfə daha tez inşa edə bilər. Və hərçənd ki, burada söhbət müxtəlif siniflərdən gedir, amma hər halda bunu ABŞ-yə meydan oxuma kimi başa düşmək olar.
- Qərb bürokratiyasına qarşı Çin Hərbi-Sənaye Kompleksi: rəqəmlərin diliylə
Əslində ABŞ reaksiya göstərməkdə bir qədər gecikib, axı Çin təhlükəsi özünü hələ keçən onillikdə göstərməyə başlamışdı.
2019-cu ildə məlum oldu ki, Çin özünün “psixoloji səviyyəsi”nə çatıb; onlar müxtəlif təyinatlı 300 gəmiyə malik olduqlarını bəyan etmişdilər və bu, ABŞ Hərbi Dəniz Qüvvələrindəkı gəmi sayından 10 ədəd daha çox idi. Hazırda Çinin Hərbi Dəniz Qüvvələrinin tərkibində 350-dən çox döyüş gəmisi var. Çin KİV-lərinin məlumatına görə, Çin müdafiə sənayesi hər il gəmilərinin sayını təxminən 10 faiz artıra bilir, bu da nominal ifadə ilə ildə 30 gəmi deməkdir. Bu gün heç bir Qərb ölkəsi belə sayda hərbi gəmi inşa etmək qabiliyyətində deyil. Bunun səbəbi həm iqtisadi imkanın səviyyəsinə, həm də Qərb demokratiyasında hökm sürən bürokratik əngəllərlə bağlıdır. Yəqin ki, yuxarıda qeyd olunan “Constellation” freqatı ilə bağlı tələblərin daima dəyişməsi bunun əyanı sübutu ola bilər.
Missisipi ştatından olan respublikaçı senator Rocer Viker mayın əvvəlində bu barədə deyib: “Demək olar ki, müqavilə imzalandığı andan tələblər 70 faiz dəyişib. Ona görə də bizim bu gün gördüyümüz nəticə heç də gözlənilməz deyil. Bu, işin qənaətbəxş olması nümunəsi yox, bizim rəhbərliyin idarəetmə qabiliyyətinin olmamasının bariz nümunəsidir”.
Amerikadakı bəzi layihələr siyasi ziddiyyətlərin girovuna çevrilir. “Cerald Ford” tipindən olan yeni aviadaşıyandakı elektromaqnit katapultla bağlı ABŞ-nin eks-prezidenti Donald Trampın nümayişkəranə mübarizəsini yadımıza salaq. O, bunu olduqca bahalı hesab etmişdi.
Ümumiyyətlə, bu hadisə keçmiş ABŞ Prezidenti üçün nəticəsiz yekunlaşdı və aviadaşıyanda “Electromegnetic Aircraft Launch System” (EMALS) katapultu quraşdırıldı.
- Kəmiyyət və keyfiyyət arasında mübarizə: başlıca güc aviadaşıyanlardır
Quru rəqəmlərə baxdıqca belə güman etmək olar ki, Qərb (ilk növbədə ABŞ) yeni soyuq müharibəni artıq uduzub və Pekin öz müdafiə sənayesinin daha güclü modelini yarada bilib. Lakin Çinin üstün imkanları barəsindəki “məşhər” proqnozu xeyli şişirdilib, çünki kəmiyyətdən başqa keyfiyyət amili də var və bu məsələdə Çinin mövqeyi heç də nikbin görünmür. İndi amerikalıların 11 super atom aviadaşıyanları var, bunlardan 10-u “Nimits” sinfindən, biri isə “Cerald Ford” sinfindəndir (Daha bir ədəd bu cür gəminin tikintisi davam edir). Biz nə üçün aviadaşıyanlardan danışırıq? Bu gün demək olar ki, bütün ekspertlər məhz onların donanmanın əsasını təşkil etməsi fikri ilə razıdırlar və müasir hərbi-dəniz güclərini bu gəmilərin ətrafında qurmaq lazımdır. Digər yandan, göyərtə aviasiyası həmişə uzaq məsafə qət etməklə dənizlərdə üstünlük əldə edəcək. Çünki aviadaşıyanlar təyyarələri lazımı hədəfin yaxınına gətirmək özəlliyinə malikdirlər. Bundan əlavə, məhz onlar hava hücumundan ən yaxşı müdafiəni təmin edirlər. Aviadaşıyanın göyərtəsində quraşdırımış uzaq radiolokasiya izləmə qurğusu vasitəsilə yüz kilometlərlə uzaqlığı “görmək” mümkündür. Hələlik bu cür imkan yalnız Amerikaya məxsusdur.
Çin Xalq Respublikasının bu xüsusda nəyi var?
Əgər çinlilərin adnı “Lyaonin” qoyduqları və Ukraynadan aldıqları “Varyaq” aviadaşıyanını hesaba qatmasaq, deyə bilərik ki, Pekin bu müddətdə yalnız öz istehsalı olan “Şandun” aviadaşıyanını istismara verib. Amma “Şandun” yalnız şərti olaraq Çin istehsalıdır, çünki faktiki baxımdan bu, ”Varyaq” üzərində aparılmış yeniliyin məhsuludur. Əsl həqiqətdə Çinin ilk aviadaşıyanı bu yaxınlarda sınaqdan çıxmış və 2025-ci ildə hərbi donanmanın döyüş cərgəsinə qoşulacaq “Fuçzyan” gəmisi olacaq. Hələ sınaqdan çıxmamışdan öncə bu aviadaşıyan barədə tərifli epitetlər söylənilib və onu Çinin tarixində ən böyük gəmi adlandırıblar. O, həmçinin bütün Asiya tarixinin ən güclü gəmisi hesab olunur. Amma burada bəzi nüansları mütləq qeyd etmək lazımdır. Amerikadan fərqli olaraq, Çin hələ ki, atom reaktorlu aviadaşıyan inşa edə bilmir və təbii ki, “Fuçzyan” da istisna deyil.
“UNİAN” ilə söhbəti zamanı hərbi-dəniz məsələləri üzrə ekspert, istefada olan I ranqlı kapitan Vladmir Zablotskiy deyib: “İş ondadır ki, buxar turbinli aviadaşıyan çoxlu yanacaq daşımalıdır; həm özü, həm də öz aviasiyası üçün. Hələ əlavə olaraq təyyarələrin start katapultundan havaya buraxılması üçün də xeyli enerji sərf olunur. ”Futçzyan” aviadaşıyanında da yeni elektromaqnit katapult quraşdırılıb və bu da çoxlu enerji tələb edir. Həmin enerjini atom reaktoru yaxşı təmin edir”.
Bunların hamısı “Fuczyan” aviadaşıyanının fəaliyyətinə və döyüş qabiliyyətinə böyük məhdudiyyətlər qoyur və ona görə də Amerikanın “Nimits” sinfindən olan aviadaşıyanlar ilə Çinin nüvə reaktorlu yeni aviadaşıyanlarını müqayisə etmək olar. Lakin çinlilərin hələ ki, belə bir gəmi istehsal edəcəyi heç üfüqdə də görünmür. Ona görə də gələcək gəminin xüsusiyyətləri də naməlumdur.
Çinin daha bir problemi göyərtə təyyarələridir. Bu yaxınlara kimi Çin təyyarələri əsasən “Su-33” təyyarələrinin kopyaları idilər. Öz növbəsində “Su-33” qırıcıları da sovet dönəmindəki dördüncü nəsil köhnə “Su-27” təyyarələrinin göyərtə variantlarıdır.
Əgər ABŞ-də beşinci nəsil serialı “F-35C” qırıcısı fəaliyyətdədirsə, Çin hələlik onun “J-35” adı verilmiş şərti analoqunu təzəcə sınaqdan çıxarır. Açıq mənbələrdən alınan məlumatlara əsasən, indi söhbət yalnız bu maşının bir neçə uçuş prototipindən gedir.
- Çinin hələlik yalnız kağız üzərində olan yeni sualtı qayıqları
Müasir donanmanın prinsip etibarı ilə ən başlıca istiqamətlərindən biri sualtı qayıqlardır. Və burada vəziyyət Pekin üçün kifayət qədər mürəkkəbdir. Bir tərəfdən Çin atom sualtı qayıqları olan azsaylı ölkələr klubuna daxildir, digər tərəfdən isə o, Birləşmiş Ştatlardan faktiki bütöv bir nəsil geri qalır. Məlum olduğu kimi dördüncü nəsil çoxməqsədli sualtı qayıqlar üçüncü nəsil submarinlərə nisbətən daha “sakit” və daha təhlükəlidir. Hazırda amerikanların dördüncü nəsildən olan iki tip sualtı qayıqları var. Bunlar çoxfunksiyalı “Sivulf” və “Virciniya”dır. Amerikalılar “Sivulf”dan cəmi üç ədəd buraxıblarsa, “Vircinya” tipindən olan sualtı qayıqların sayı 22-dir. Bu tip qayıqların ümumi planlaşdırılmış sayı 60 ədəddir.
Çinin sualtı qayıqları barədə məlumat çox azdır, lakin vizual nəzər yetirdikdə onların köhnə sovet nümunələrinə bənzədiklərini söyləmək olar. Xüsusən, “094 Çzin” layihəsindən olan strateji sualtı qayığı kohnə sovet layihəsi olan və 1980-ci illərdə inşa edilən 667БДРМ “Delfin”-ə çox oxşayır. Beləliklə, indiki vəziyyətdə Pekinin əsas problemləri iqtisadi məhdudiyyətlərdə yox, texniki geriliklə bağlıdır. Həm də Çin bu sahədə nəinki ABŞ-dən, eyni zamanda Rusiyadan da geridədir. Rusiyanın dördüncü nəsil “Borey” və “Yasen” atom sualtı qayıqları var. Ola bilər ki, məhz rusiyalı mütəxəssislər Amerika ilə geriliyi qapamaq üçün çinlilərə kömək edəcəklər.
Hazırda Çində “tip 096” kimi tanınan sualtı qayıq inşa edilir. Qərbdə bəzən onu Amerikanın “Ohayo” sinfindən olan strateji submarinin “nüxsəsi” hesab edirlər. Deməli, belə halda Çinin istehsalının müasirliyi şərtidir, çünki “Ohayo” sualtı qayığı 1970-ci illərin sonundan 1990-cı illərə kimi istehsal olunub və indi onları heç cür müasir və qabaqcıl adlandırmaq olmaz. Həm də ki, ”Ohayo”nun başlıca xüsusiyyəti bərk yanacaqla işləyən yüksək texnologiyalı “Traydent” qitələrarası ballistik raketlərlə təchiz olunmasıydı və bu da nüvə silahlarını daşıyan sualtı qayıqların son dərəcə yığcam hala salınmasına və daha çox raket yerləşdirilməsinə imkan verib. Bir sualtı qayıqda 24 ədəd ölümcül qurğu yerləşdirilib. Onlardan 12 ədədi nüvə başlıqlıdır.
İstər Çin və istərsə də Rusiya bu cür raketlərin hazırlanmasından çox uzaqdırlar.
- Okeanlar uğrunda döyüş: Çinin ABŞ-yə qarşı şansı varmı?
Aydındır ki, Çin ABŞ ilə eyni keyfiyyət səviyyəsində gəmilər inşa etmək qabiliyyətində deyil, amma onu demək lazımdır ki, buna baxmayaraq, artıq aradakı fərq 1990-cı və ya 2000-ci illərdəki kimi böyük deyil. Əlbəttə, kəmiyyət üstünlüyü Çin üçün yaxşıdır, amma bu, amerikalılarla real paritetdən danışmağa hələ ki, imkan vermir. Vladimir Zablotskiy deyir: ”Amerika texnoloji inkişaf baxımından Çindən öndədir. Əksər hallarda çinlilər ABŞ-nin etdiyini köçürməklə məşğuldurlar. Çinlilərin Amerikanı qabaqladığı çox nadir olan şeylərdən biri kvant rabitəsidir və bu da öz növbəsində Hərbi Dəniz Donanması üçün çiddi məsələlərə gətirib çıxara bilər, çünki kvant rabitəsini yaxalmaq və deşifrə etmək mümkün deyil”.
Çinin müdafiə sənayesinin digər mühüm nailiyyətləri arasında “075” tipindən olan universal desant gəmiləri xüsusi yer tuturlar və bunların hər biri təxminən 30 helikopterdən ibarət aviasiya qrupu daşıya bilər. Tayvanla müharibə olacağı təqdirdə bu cür gəmilər desant əməliyyatlarını koordinasiya etməkdə başlıca rol oynayacaqlar. Ümumiyyətlə, Çin donanmasının ABŞ Hərbi Dəniz Qüvvələrindən geriliyi və Pekinin ABŞ gəmilərinin bütün və hərtərəfli analoqlarını yarada bilməməsi Çinin təcavüz ehtimalını ortadan qaldırmasa da, onu əhəməyyətli dərəcədə azaldır.
“AzPolitika.info”