Növbədənkənar parlament seçkilərinə hazırlıq prosesi davam edir. Artıq bir neçə siyasi partiya və təşkilat müvafiq dairələr üzrə öz namizədlərini MSK-ya təqdim edib. Lakin gözlənilənin əksinə olaraq, Müsavat Partiyasının liderləri - İsa Qəmbər və Arif Hacılı, o cümlədən, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov parlament seçkilərində namizəd kimi iştirak etməyəcək.
Sosial şəbəkələrdə bəzi şəxslər onların bu addımını, keçiriləcək seçkilərə inamsızlıq kimi qiymətləndirirlər. Lakin hər iki partiya digər namizədləri ilə seçkilərə qatılacaq.
Bəs Müsavat və HƏP-in liderlərinin seçkidə iştirak etməmələrinin arxasında duran səbəb nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, təkcə adı çəkilən siyasilər deyil, digər bir sıra müxalifət rəhbərləri də seçkilərdə iştirak etməyəcək:
“Eşitdiyimə görə, təkcə adını sadaladıqlarınız yox, “Vəhdət” partiyasının sədri Tahir Kərimli və Sabir Rüstəmxanlı da seçkilərdə iştirak etməyəcək. Bunların hər ikisi həm istiqlalçı, həm də kifayət qədər tanınmış müxalifət partiyalarının rəhbərləridir. Qərar özlərinindir və kimsə onların yerinə konkret nəsə deyə bilməz. Amma saxta müxalifət olanların parlamentdə olmasından olmaması daha yaxşıdır. Elə müxaliflər var ki, parlamentdə YAP-çılar hadisələrə onlardan daha demokratik və daha tənqidi təfəkkürlə yanaşırlar. Belələri elə namizədliyini irəli sürməsə daha yaxşıdır”.
Politoloq bəzi saxta müxalifətçilərin ünvanına kəskin irad bildirib:
“İsa Qəmbər, İqbal Ağazadə kimi siyasətçilərin iştirak etməyə tam haqqı çatır. İqbal Ağazadə deputat olduğu dövrdə olduqca fəal və təqdirəlayiq fəaliyyət göstərib. Adını müxalifət qoyan bəzi adamlar heç tanımadıqları rayonlara gedərək utanmadan, qızarmadan iddialı çıxışlar edirlər. Açığı, hazırda iqtidarla müxalifət arasındakı meyar itib. Kimin iqtidaryönümlü, kimin müxalif olduğunu müəyyən etmək olmur. Bəzi adını müxalifət qoyanlar iqtidardan daha çox iqtidarpərəstdir. Bəzi müxalif qüvvələr var ki, xaricdən aldıqları tapşırıq əsasında Azərbaycandakı seçkilərə kölgə salmağa çalışır. Bunlara yol vermək olmaz. Elələri var ki, səhər müxalifət olur, günorta iqtidaryönümlü, axşam isə yenidən müxalif olduğunu deyir. Bir müxalifət partiyasının rəhbəri üçün dövlətin yerli icra hakimiyyətinin əməkdaşları imza toplayırsa, bu nə deməkdir?”
Nazim Hacıyev