Ermənistanın Azərbaycanla sülh danışıqlarını dalana dirəyən addımları və Qərbin ona fəal dəstəyi regionda gərginliyin artması ilə müşayiət olunur. Bir neçə gündür şərti sərhəddə atəşkəs pozulub. Rəsmi Bakı xəbərdarlıq edir ki, ABŞ və Avropa İttifaqının Ermənistanı silahlı forposta çevirməsi gələcəkdə çox ciddi mənfi nəticələrə gətirib çıxaracaq. Bununla Qərbin himayəsi ilə Cənubi Qafqazda daha bir təhlükə mənbəyi yaradılır.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda aprelin 5-də Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulduğu bildirilir.
"Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub", - məlumatda qeyd olunur.
Bu arada Nazirlik sosial şəbəkə hesablarında komando bölmələrinin təlimlərinin video kadrlarını yayımlayıb. “Hazırda komandoların kəşfiyyat cığırını dəf etməsi məşğələləri keçirilir. Məqsəd komandoların fiziki hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması və onların özlərinə inamı, real döyüş şəraitində edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir. Komando bölməsinin döyüşçüsü bildirib ki, düşmən üzərində mütləq qələbə qazanan komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir”, - Müdafiə Nazirliyi bildirir.
Bu gün səhər Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə bəyanat yayaraq iddia edib kii , guya, aprelin 5-dən 6-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Saxta məlumatda o da qeyd olunur ki, şərti sərhəddə Azərbaycan silahlı qüvvələrinə məxsus texnikanın aktiv hərəkətini müşahidə ediblər.
Göründüyü kimi, rəsmi İrəvan isə həmişə olduğu kimi yenə faktları təhrif etməklə, yalan məlumatlar yaymaqla məşğuldur. Azərbaycanın 8 kəndini hələ də işğalda saxlayan Ermənistan saxtakarlıq edərək Azərbaycanı günahlandırmağa cəhd edib. Hətta həyasıcasına regionda vəziyyətin gərginləşməsində maraqlı olmadığını iddia edir.
Bununla belə XİN şərti sərhəddə Ermənistanın hərbi infrastruktur və hücum xarakterli dayaq məntəqələri yaratdığını etiraf edib.
“Azərbaycanın Ermənistanın suveren ərazisində müdafiə strukturlarının yaradılması ilə bağlı qiymətləndirmələrini əsassız hesab edərək, ordu və ordu infrastrukturunda islahatların aparılmasının hər bir ölkənin suveren hüququ olduğunu bildiririk”, - məlumatda qeyd olunur.
Ancaq hələ dəqiqlışdiriməmiş şərti sərhəddə niyə ordu yığdığını açıqlamayıb.
Yaranmış durumu şərh edən politoloq Elxan Şahinoğlu xatırladır ki, Baş nazir Nikol Paşinyan Brüsseldə ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşərkən Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində atışma qeydə alınırdı. Onun sözlərinə görə, Paşinyan Brüsselə yollanmadan əvvəl müdafiə nazirini sakit durmağı xəbərdar etməli idi.
“Əgər belə bir xəbərdarlığa rəğmən, ordu Azərbaycan ərazisini atəşə tutubsa, demək Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var. İkinci Qarabağ müharibəsi də belə başlamışdı. İndi bu təxribatlara cavab olaraq Azərbaycan ordusu Qazaxa bitişik 4 kəndə daxil olarsa, Belçika paytaxtında Paşinyana müxtəlif dəstək vədləri verənlər nə edəcəklər? Vaşinqton və Brüssel Paşinyana maliyyə ayıracaqlarını vəd ediblər, daha deməyiblər ki, Ermənistan ordusunun təxribatına cavab olaraq Azərbaycan ordusunun 4 kəndə daxil olmasını əngəlləyəcəklər”, - ekspert vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”