Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putinin ordusu Qarabağdan niyə gedir? - 200 illik bir səhifə qapanır...

17-04-2024, 10:19   






Rus ordusu aprelin 10-da Xudavəng monastrını tərk edib. Aprelin 16-da isə Tərtər yolunda görünən hərbi kolonda rus bayraqları var idi. Təhlilçilər bu hərəkətliliyi rus qoşunlarının regionu birdəfəlik tərk etməsi kimi dəyərləndiriblər. Bir gün qabaq isə Duma üzvü, Putinin partiyasından olan ermənipərəst deputat Konstantin Zatulin ritorik sual vermişdi ki, Qarabağda erməni əhalisi yoxdur, sülhməramlıların orada nə işi var?!
Bu, heç də Zatulinin Azərbaycanpərəst çıxışı deyildi. Ermənistana girişinə stop qoyulan və Paşinyan administrasiyası ilə yola getməyən rus deputat hirsindən belə danışmışdı. Yəni biz çıxırıq, görək ermənilər bu dəfə nə edəcəklər... Əslində mesaj idi ki, rus çəkməsi Qarabağdan gedirsə, ermənilər bu torpaqları həmişəlik unutsunlar. Onların qayıdışına Rusiya kömək etməyəcək. Zatulinin çıxışından bir gün sonra rus hərbi kontingentinin bölgəni tərk etməyə başlaması təsadüfi deyildi. Azərbaycan Qarabağa tam nəzarətə yiyələnir. Kreml lideri də demişdi ki, sülhməramlıların fəaliyyəti gələn ilin noyabrınadək formal xarakter daşıyacaq. Çünki münaqişə bitib, erməni əhalisi öz xoşu ilə köçüb. O halda sülhməramlı qüvvələrə nə ehtiyac var?
Eyni zamanda, 10 noyabr sənədi getdikcə əhəmiyyətini itirir. Orada icra edilməyən yeganə bənd 9-cudur. Söhbət blokadada olan nəqliyyat kommunikasiyalarının açılmasıdan gedir. Regionda Ermənistan olmadığı üçün də sülhməramlılar haqda Bakı və Moskva rəy bildirə bilər. Rusiyanın baş diplomatı Lavrov da buna eyham vurmuşdu. Beləliklə, antiterror əməliyyatı və Qarabağın ermənisiz qalması Putinin ordusunun bölgədən vaxtından tez gedişini sürətləndirdi. Halbuki Rusiya Qarabağa qoşunlarını yeridəndə hesablamalar, ssenarilər fərqliydi. Kreml də gözləmirdi ki, vaxtından tez bölgəni tərk etməli olacaq. Onu da gözləmirdi ki, Paşinyan Qarabağın Azərbaycana aid olduğunu Praqada təsdiq edəcək. Tam əksinə, Rusiya separatçılar üzərindən hiyləgər siyasət aparmaqla regionda hərbi mövcudluğunu uzatmağa çalışırdı. Bura Xocalıda provaslav kilsəsi tikilməsi, rus xadimlərinə, Nevskiyə abidə qoyulması, Aleksandr Bordov adlı erməni əsilli keçmiş FTX agentinin əli ilə "rus icması" yaradılması, həmçinin, dələduz milyarder Ruben Vardanyanın Qarabağa köç etməsi daxil idi. Son hadisələrə qədər Rusiya bütün planlarını qurmuşdu. Onlar azı 20 il qalmağı nəzərdə tuturdu. Hətta Paşinyan Soçiyə getməzdən əvvəl bildirmişdi ki, belə bir sənədə qol çəkməyə hazırdır, yəni rus qoşunları 25-30 il Qarabağda qalsınlar. Amma bütün arzuları gözündə qaldı. Əvvəlcə, Laçın yolunda ekoaksiya, ardınca post qurulması proseslərin inkişaf axarını dəyişdi. Ardınca bu, Rusiya-Ermənistan əlaqələrini korladı. Laçın yolunda post qurulmasına görə Paşinyan Moskvanı ittiham etməyə başladı ki, sülhməramlılar öz funksiyasını yerinə yetirmir. Elə söz vaxtını çəkər, biz apreldə Laçın postunu qurmaqla böyük proses başladıq. Bundan sonra Moskva-İrəvan arasında qarşılıqlı ittihamlar gücləndi. Son damla isə antiterror əməliyyatı oldu. Bununla da həm Azərbaycan Rusiyanın sülhməramlı qüvvələrini Qarabağda saxlamaq planlarını pozdu, həm Paşinyan Qarabağın statusunu müəyyən etdi, beləcə Kremlin arqumentləri tükəndi. Şübhəsiz ki, bunda Ukrayna müharibəsi və Qərbin Cənubi Qafqazda təsirlərinin artması da rol oynadı. O cümlədən, Paşinyanın antiKreml addımları Putini lap hövsələdən çıxardı. Ona görə rus qoşunları çıxmazdan əvvəl Zatulinin dili ilə sonuncu mesaj verildi. Bu azmış kimi, Zaxarovanın timsalında ermənilərə ismarış göndərildi ki, onların Xankəndiyə qayıdışına Rusiya kömək etməyə hazırdır. Amma bu da sükutla qarşılandı. Moskva gördü ki, regionda hərbi varlığını uzatmaq üçün bəhanələr tükənir, dərhal başqa mövzu dövriyyəyə buraxıldı - sülhməramlılar mina təmizləməyə kömək etsinlər. Amma bu da keçərli olmadı və kəsəsi, Putinin ordusu Qarabağı tərk etməkdədir. Bu, müstəqil Azərbaycan tarixində üçüncü belə faktdır. Ümumiyyətlə, başqa dövlətin hərbçisi bizim ərazilərdə niyə qalmalıydı ki?! Üstəlik, insaf naminə demək lazımdır ki, Rusiya-Azərbaycan əlaqələri yüksək inkişafdadır, prezident Əliyevlə həmkarı Putin arasında bir qarşılıqlı etimad var, Cənubi Qafqazda Qərbin Paşinyan üzərindən addımları da vadar edir ki, Rusiya-Türkiyə- Azərbaycan strateji addımlarını birgə atsınlar, koordinasiyalı hərəkət etsinlər.

Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar