Rahim Hacıyev: «Əlimizdə olan sənədlər «Qasid» firmasının bizə 68371 manat borclu olduğunu göstərir
“Azadlıq” qəzetinin hansı çətinliklər hesabına dərc olunduğu haqda dəfələrlə məlumat vermişik. Qəzet uzun müddətdir əməkdaşlarına əmək haqqı verə bilmir. Bunun müxtəlif səbəbləri var və bu səbəblər ictimaiyyətə məlumdur. Bugün qəzetin maliyyə problemi ilə üzləşməsinin bir səbəbi də “Qasid” firmasının qəzetə olan borcunu ödəməməsidir.
“Qasid” firmasının rəhbəri, Milli Məclisin deputatı Mirkazım Kazımov AzNews.az-a müsahibə verib.O, müsahibəsində “Azadlıq”a 40000 manat borclu olduqlarını bildirib: “Son illər köşklərdə qəzet və jurnalların satışı aşağı düşdüyündən bizim ”Azadlıq" və “Yeni Müsavat” qəzetlərinə borcumuz yaranıb. Yaranmış borca görə, bir neçə dəfə “Yeni Müsavat” və “Azadlıq” qəzetinin kollektivi “Qasid” firmasının qarşısında aksiya keçirib. Mən onlara dəfələrlə cavab vermişəm. Bu gün daxili imkanlar hesabına onların borcunu ödəyirik. Hazırda hər iki qəzetə 30-40 min manat borcumuz var. Bütün bu borclar qəpiyinə kimi bu qəzetlərə qaytarılacaq. Onlar bir neçə ay öncə firmanın qarşısında keçirdiyi aksiyada bizimlə 70 min manat borcun mübahisəsini edirdilər. Apardığımız hesablamada bunun aşağı olduğu müəyyənləşdi" - deyə Mirkazım Kazımov bildirib.
Göründüyü kimi firma rəhbəri hələ də öz ampulasındadır və qəzetə olan borclarının məbləğini azaltmaqla məşğuldur.
“Azadlıq” qəzetinin baş redaktorun birinci müavini Rahim Hacıyev bildirdi ki, əslində “Qasid”in qəzetə 68371 manat borcu var: “Həmişə olduğu kimi ”Qasid" firmasının rəhbəri bu tipli açıqlamalarda borcun az olmasını sübut etməyə çalışır. Məlumat üçün bildirirəm ki, “Qasid” firmasının 2013-cü il oktyabr ayında bizə təqdim etdiyi sənəddə qəzetə borclarının 50644 manat olduğu göstərilir. Ötən dövr ərzində əlimizdə olan sənədlər “Qasid”in bizə borcunun 68371 manat olduğunu göstərir. Başqa bir maraqlı cəhət ondan ibarətdir ki, firmanın rəhbərliyi borcun tam həcmdə ödənilməsi ilə bağlı vədlər verdiyi vaxtda, borc məbləği daim artır. Onlar bizə qəzetimizin satılmış nüsxələrinin pullarını yox. Vədlər verməyə üstünlük verirlər. Bu vaxta qədər keçirilmiş bütün aksiyalar zamanı firmanın rəhbərliyi borcun qaytarılacağı ilə bağlı ciddi vədlər versələr də, faktiki əməli addımlar atılmır. Son 2 ay ərzində əməkdaşlara heç bir ödəniş edilməmişdir. Yaranmış ağır maliyyə vəziyyəti bizi bir daha mayın 5-də saat 12:00-da “Qasid” firmasının qarşısında etiraz aksiyası keçirməyə vadar edir".(azadlıq.info)