Prezident İlham Əliyevin manatın avroya nisbətən məzənnəsi barədə fikirləri müzakirələrə səbəb olub. Dövlət başçısı manat-avro məzənnəsindən danışsa da, dollar barədə danışmayıb. İqtisadçı ekspertlər “Yeni Müsavat”a açıqlamasında bidlirblər ki, dolların manata nəzərən məzənnəsini indiki kimi saxlayıb, yaxud bahalaşdırıb manatı avroya nisbətən ucuzlaşdırmaq bəzi fəsadlara gətirib çıxara bilər.
İqtisadçı ekspert Rövşən Ağayev deyib: “Kənara dollar axını baş verə bilər. Bilirsiniz necə? İndi Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə 1 USD = 0.7844 AZN, 1 manat = 0.88 Avro-dur. Yəni, kimsə əlindəki 1000 avronu 880 manata dəyişib dollara dəyişmək istəsə, 880 manatla təxminən 1120 dollar ala biləcək. Beynəlxalq birjalarda da indi 1 avro=1.12 dollardır. Yəni Avropanın bir şəhərində də 1000 avronu verib 1120 dollar ala bilirlər. Elə bizdəki qədər. Amma əgər Azərbaycan hökuməti dolların kursunu dəyişmədən yalnız avronu bahalandıraraq 1 manat=1 avro edəcəksə görün nə baş verəcək. Bakıda 1000 avro verib əvvəlki kimi 880 manat deyil 1000 manat alacaqsan. 880 manata (1000 avronun əvvəlki ekvivalenti) 1120 dollar manat alırdınsa, indi 1000 manata (1000 avronun hazırkı ekvivalentinə) 1275 dollar ala biləcəksən. Yəni əvvəlkindən 155 dollar və ya 14 faiz çox. Amma avropalı yenə öz şəhərində 1000 avroya 1120 avro almaqda davam edəcək”.
Ekspert hesab edir ki, manatın devalvasiyası aparılacaqsa, bu mütləq dollara nəzərən aparılmalıdır: “Birinci ona görə ki, bizdə Rusiyada olduğu kimi bivalyuta səbətindən istifadə olunmur. Ona görə də bütün valyutaların manata nəzərən məzənnəsi dollara nəzərən müəyyən edilir”.
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, dollara nəzərə alınmadan avronun məzənnəsinin bahalaşması ölkədən valyuta axınına səbəb ola bilər: “Prezident son çıxışında 1 manatın 1 avropa bərabər olmasının vacibliyindən danışdı. Bir çoxları yaxın zamanda avronun kursunun qalxacağını proqnoz etdilər. Hələ ki, avro elə 88-89 qəpikdir. Sadəcə yazmışdım ki, dünyada dollar-avro kursunu nəzərə almadan bunu etmək mümkün deyil. İndi sizə izah edim, əgər birdən doğrudan da əmrlə belə bir kurs yaratsalar, hamıya yaxşı biznes ideya verirəm: heç bir qanun pozmadan həftədə 10.000 min manat qazanacaqsınız. Bir anlıq təsəvvür edin ki, ölkədə dolların kursu dəyişmir, avro isə 1=1 kursu ilə dəyişdirilir. Ölkədən hər bir şəxsin heç bir rüsum ödəmədən 10 min manata (dollara, avroya) qədər çıxartmaq hüququ var. Deməli 7850 manatla gedirsiz banka, 10000 dollar alırsınız, oturursunuz maşına, gedirsiniz Gürcüstana. Tiflisə çatan kimi, 10.000 dolları dünyada olan kursla (1 avro = 1,13 dollar) dəyişirsiniz avroya – sizdə olur 8850 avro. Gəlirsiniz Bakıya, 8850 avronu, 8850 manata dəyişirsiniz. Əməliyyata başlayanda 7850 manatınız var idi, indi 8850 manatınız var, yəni, 1000 manat qabaqsınız. Maşınla Gürcüstana 4 nəfər gedə bilərsiniz, yəni, hərəniz 10000 aparsanız, yuxarıda qeyd etdiyim sxemlə 4 nəfərə 4000 qazanacaqsınız. Həftədə 3 reys etsəniz, 12.000 manat qazanc var, 3 reysə, 4 nəfərə benzin, yemək, yol xərci – 2000 manat, xalis gəliriniz – 10.000 manat. Dolların kursuna dəymədən, onu dəyişmədən, avronun kursunu qaldırmaq mümkün deyil, çünki, dünya dollar-avro kursu ilə öz valyutalarına çəki-düzən verir”.
Bəkir NƏRİMANOĞLU, musavat.com