Rusiyada ölümcül virus daşıyıcısı olan şəxs xəstəxanaya yerləşdirilib; Adil Qeybulla: “Müvafiq strukturlar bu məsələyə ciddi yanaşmalıdır...”
Rusiyadan gələn Ebola xəbəri Azərbaycanda böyük narahatlıq yaradıb. Məlumata görə, qonşu dövlətdə bir nəfər ölümcül virusa yoluxmaq şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxs Beynəlxalq Qırmızı Xaç Yardım Cəmiyyətinin bir müddət Seneqal və Qvineyada işləmiş əməkdaşıdır.
Azərbaycan ilə Rusiya arasında böyük ticarət, siyasi və digər sahələrdə geniş əlaqələrin olduğunu nəzərə alsaq, adı çəkilən virusun hər an ölkəmizə də gəlib çıxmasını təxmin eləmək olar. Bəs, Azərbaycan bu təhlükəyə qarşı nə dərəcədə hazırlıqlıdır?
Məsələ ilə əlaqədar qəzetimizə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla faktın Azərbaycana ciddi təhlükə olduğunu dedi. Onun sözlərinə görə, müvafiq strukturlar bu məsələyə ciddi yanaşmalıdır:
“Hesab etsək ki, Rusiya ilə olan sərhədlər, demək olar, şəffafdır, viza qadağası belə yoxdur, Azərbaycan üçün də böyük təhlükə var. Bir vaxtlar Rusiyada vərəmin tolerant, yəni ən ağır, sağalmayan forması ortaya çıxdı. Orda yaşayan azərbaycanlılarımızın vasitəsilə bu xəstəlik ölkəmizə də ayaq açdı. Hal-hazırda bu xəstəliyə tutulanların sayına görə Azərbaycan dünyada birinci yerdədir. Hətta azyaşlı uşaqlar belə bu xəstəlikdən əziyyət çəkir. Belə bir faktı nəzərə alaraq rəsmi strukturlar Ebola virusunun ölkəmizə gəlməsinin qarşısını almaq üçün təxirəsalınmaz işlər aparmalıdır”.
Qeyd edək ki, bir ara ekspertlər bildirirdilər ki, Ebola virusuna yoluxma halı Azərbaycan üçün aktual və təhlükəli deyil. Buna səbəb kimi də adı çəkilən virusun daşıyıcısının və virusun yayılması üçün lazım olan mühitin ölkədə olmamasını göstərirdilər. Lakin qonşu Rusiyada virusun aşkar edilməsi bu fikrin üzərindən xətt çəkmiş oldu.
Xatırladaq ki, ötən ilin avqust ayında Azərbaycanda Ebola virusu xəstəliyinin qarşısını almaq üçün tibb idarə və müəssisələrinin, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Bu barədə ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov xüsusi əmr də imzalayıb. Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi xüsusi qabaqlayıcı tədbirlərin görülməsi əlaqədar əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib.
Ölkəmizdə bu virusdan şübhələnənlər üçün 30-32-13 nömrəli “qaynar xətt” də yaradılıb və 24 saat ərzində vətəndaşlara xidmət edir. Hərarəti yüksək olan, Ebola virusundan şübhələnən və bundan narahatlıq keçirənlər “qaynar xətt”ə müraciət edə bilərlər.
Statistik məlumata görə, indiyədək Ebola virusuna 22,1 min insan yoluxub. Onların 8,8 min nəfəri dünyasını dəyişib. İtkilərin sayına görə Liberiya öndədir - 3700 nəfər. Syerra-Leonedə 3200, Qvineyada isə 1900 insan adı çəkilən virusdan dünyasını dəyişib.
Öldürücü virus 2014-cü ilin fevral ayında Qərbi Afrika ölkələrində aşkarlanıb. Xəstəliyə yoluxanların demək olar ki, 90 faizi dünyasını dəyişib. Xəstəlik təkcə yoluxmuş heyvanlar vasitəsilə deyil, insandan insana da yoluxa bilir.musavat.com/