Azərbaycanda spirtli içkilər və siqaret bahalaşır

2-02-2015, 14:45   
Azərbaycanda spirtli içkilər və siqaret bahalaşır
Ekspertlərin aksiz vergilərinin artırılmasına və bunun nəticəsində ölkədə başlana biləcək iqtisadi proseslərə münasibətləri fərqlidir

Ölkədə spirtli içkilər, şampan şərabları, adi şərablar, eləcə də siqaretlər, siqarlar və digər tütün məmulatları bahalaşacaq.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu qərarla bəzi məhsulları üzrə aksiz dərəcələri kəskin artırılıb. Bir sıra mallarda isə əksinə, aşağı salınıb.

Beləliklə, qərara əsasən, ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ dollarından və ya 0,8 manatdan 2 manata qaldırılıb. Ölkəyə gətirilən pivə üzrə aksiz vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb. Üzüm şərabları üzrə aksiz dərəcələri demək olar ki, dəyişməyib və əvvəlki 2,5 dolar əvəzinə 2 manat həddində müəyyən edilib.

Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib. Eləcə də viski, rom, araq, likör və s içkilər üçün aksiz dərəcələri 20 faiz artaraq, 6 dollar (və ya 4,8 manatdan) 6 manata qaldırılıb.

Aksiz dərəcəsi kəskin artırılan mallardan biri də siqaretlər və tütün məmulatları olacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhsulların aksiz vergisi təqribən 3 dəfə artırılaraq, hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib.

Əvəzində müəyyən növ benzinlər üçün aksiz vergisi bir ton benzinə görə 250 ABŞ dollarından 120 manata endirilib. Digər tərəfdən bituma görə aksiz vergisi kəskin artırılaraq hər ton məhsula görə 1 dollardan 24 manata qaldırılıb.

Ekspertlərin bu məsələyə münasibəti fərqlidir. Aksiz vergilərinin artırılması zərurəti və bunun ölkədə başlada biləcəyi iqtisadi proseslər barədə musavat.com-a danışan iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, aksiz markalarının qiymətinin artırılması təbii olaraq, spirt və tütün məhsullarının qiymətlərinin artımına gətirib, çıxarır: “Satış məntəqələrində, mağazalarda siqaret və spirtli içkilərin qiyməti artacaq. Qiymət artımı restoranlarda da özünü göstərəcək”.

İqtisadçı ekspert deyib ki, yanvar ayından etibarən bir sıra aksiz markalarında artım müşahidə edilir. Buna səbəb isə neftin qiymətinin aşağı düşməsidir: “Neftin qiymətinin düşməsi büdcəyə daxilolmaların azalmasına gətirib, çıxaracaq. Həmin xərcin ödənməsi üçün indiki halda dövlətin tətbiq etdiyi əsas vasitə aksiz vergilərin artırılması ilə bağlı qərar qəbul etməkdir. Spirtli içkilərin qiyməti aşağıdır. Bunun üçün də həmin içkilərə təlabat artır. Qiymətin artması spirtli içkilərin istehlakının azalmasına gətirib, çıxarır. Spirt və siqaretin ziyanını nəzərə alsaq, bu, birmənalı şəkildə arzuolunandır. Qiymətin artması istehlakın azalmasına gətirib, çıxaracaq. Aksiz vergilərinin artırılması digər məhsulların qiymətində artıma gətirib, çıxarmayacaq. Amma spirtli içkilərdən istifadə edənlər qiymət artımını restoranlarda da hiss edəcəklər. Spirtli içki və siqaretdən istifadə edənlərin xərclərində artım olacaq. Lakin tütün və spirt məhsullarını istifadə etməyənlərin xərclərində dəyişiklik olmayacaq”.

Ekspert Samir Əliyev isə musavat.com-a açıqlamasında qeyd edib ki, hökumətin qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək kimi bir vəzifə durur: “Səbəb də aydındır. Artıq neft gəlirləri əvvəlki səviyyədə deyil. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün ya ixrac stimullaşdırılmalıdır, ya da daxili bazar qorunmalıdır. Manatın devalvasiyasının indiki dövrdə təhlükəli olması stimullaşdırma ideyasını hələlik arxa plana keçirir. Deməli, daxili bazarı qorumaqla yerli istehsalın rəqabət qabiliyyətini artırmaq olar. Ucuz və keyfiyyətli xarici malın qarşısında ancaq ondan da ucuz yerli istehsal dayana bilər. Fikrimcə, bir sıra mallara, o cümlədən, geniş istehlak olunan siqaret və spirtli içkilərin idxalına qoyulan aksizlərin artırılması daha çox daxili bazarı qorumaq məqsədi daşıyır. Çünki Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrin demək olar ki, hamısında milli valyutalar devalvasiyaya uğrayıb. Bu isə o deməkdir ki, onların istehsalı olan məhsullar ölkəyə gətiriləndə yerli mallarla müqayisədə ucuz olur. Bu da yerli istehsal üçün problem yaradır. Hökumət bu yolla daxili istehsalı qorumağa çalışır”.

Ekspertin sözlərinə görə, bunun arxasında dövlət büdcəsinə vergi daxilolmalarının artırılması kimi məqsəd də durur: “Nazirlər Kabinetinin siqaret və spirtli içkilərin idxalına tətbiq edilən aksiz vergisinin dərəcəsini artırması gələcəkdə ölkədə inflyasiyanın yüksəlişinə gətirib, çıxaracaq. Təbii ki, adıçəkilən mallarım bahalaşması qaçılmaz olacaq”.
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar