“Avronun ucuzlaşması manata təzyiqi artıracaq” - Ekspert proqnozu

2-02-2015, 19:42   
“Avronun ucuzlaşması manata təzyiqi artıracaq” - Ekspert proqnozu
Ağa Muxtarov: “Son aylarda neftin dəyərdən düşməsi bir çox ölkələrin iqtisadiyyatına neqativ təsir göstərib”

Dünya bazarında avro ucuzlaşmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının fevralın 2-nə olan məlumatına əsasən, 1 avro 0,8872 manat təşkil edib. Yanvarın 30-da isə 1 avro 0,8886 manat idi. Dünya bazarında avronun məzənnəsinin düşməsi ciddi müzakirə olunan məsələdir. Əksər ekspertlər məzənnə düşməsinin Azərbaycana ciddi təsir göstərəcəyi qənaətindədirlər.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin kəmiyyət yumşadılması proqramını (QE) işə salmaqla bağlı çıxışı dünya valyuta bazarlarında avronu ucuzlaşdırıb. Bu çıxış avroya öldürücü təsir göstərib və valyuta bazarında avronun məzənnəsi son 11 ildə ən aşağı həddə düşüb.

Ekspertlər bildirirlər ki, ucuzlaşmanın əsas təsiri Avropadan Azərbaycana gələn malların qiymətlərində olacaq. Həmçinin idxal artacaq. Avropa Birliyinin ixracatında Azərbaycan məhsullarının bahalaşması səbəbindən müəyyən çətinliklər olacaq.

Həmçinin bildirilir ki, avronun ucuzlaşması uzun müddət davam edə bilər. Çünki məlum proqram çərçivəsində hər ay dövriyyəyə 60 milyard avro buraxılacaq və həmin pula dövlət və özəl qiymətli kağızların alınması nəzərdə tutulur.

Məqsəd avrozonada illik inflyasiya səviyyəsini 2 faizə yaxın həddə saxlamaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam edəcək və vəziyyətdən asılı olaraq, uzadıla da bilər. Bu müddətdə Avropa iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq.

Ekspertlər qeyd edirlər ki, avronun ucuzlaşmasının sürətlənəcəyi aydın idi. Yəni Avropa Mərkəzi Bankının (AMB) devalvasiya siyasətinə gedəcəyi qabaqcadan bəlli idi. Odur ki, Azərbaycanda avroya görə narahatlıq keçirməyə əsas yoxdur. Avronun ölkəmiz üçün kritik həddə qədər ucuzlaşması da real görünmür.

Yalnız valyuta ehtiyatlarımızın bir hissəsinin avro ilə olması müəyyən narahatlıq yarada bilər ki, bunda da mənfi təsirlərdən sığortalanmaq üçün hökumətin əlində kifayət qədər geniş imkanlar mövcuddur.

Ekspert Ağa Muxtarovun sözlərinə görə isə, avro bazarda uzun müddət təzyiq altında qalmaqda davam edəcək: “Birjada belə bir deyim var, “şayiə əsasında al, fakta görə sat”. Son zamanlar valyuta bazarında müşahidə edilən qeyri-müəyyən hərəkətlər bu deyimi tamamilə inkar etmiş oldu. Ümumilikdə son bir neçə aydır ki, neftin dünya bazarında sürətlə dəyərdən düşməsi bir çox ölkələrin iqtisadiyyatına neqativ təsir etmiş oldu. Neqativ təsirlərdən milli iqtisadiyyatı qorumaq üçün mərkəzi banklar pul siyasətlərinə dəyişiklik etmək məcburiyyətində qaldılar. İlk növbədə bu addımı İsveçrə Mərkəzi Bankı yanvar ayının 13-də atmış oldu. İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcələrini 0,5 faizdən 0,75 faiz azaldaraq, 0,25 faizdən 1,25 faizə qədər salmış oldu. Mərkəzi Bankın bu ani qərarı frankın bazarda bir an içində dəyər qazanmasına səbəb oldu. Ardınca neftin ucuzlaşmasının Kanada iqtisadiyyatına vurduğu zərəri də minimuma endirmək üçün Kanada Mərkəzi Bankı 2015-ci il üçün ÜDM-inun artım gözləntisini 2,4 faizdən 2,1 faiz, uçot faiz dərəcəsini isə 1,00 faizdən 0,25 faizə salmış oldu”.

Ekspertin sözlərinə görə, İsveçrə Mərkəzi Bankının atdığı addımdan sonra analitiklərin daha çox marağına səbəb Avropa Mərkəzi Bankının (AMB) atacağı addımlar oldu. 2008-ci il böhranından sonra ölkə iqtisadiyyatını iqtisadi durğunluqdan xilas etmək istəyən AMB bir sıra pul siyasətlərini həyata keçirmiş olsa da, bu atılan addımlar effektli olmayıb.

Avrozonada inflyasiya səviyyəsinin həddindən aşağı olması AMB-ni QE (Quantitative Easing) (kütləvi yumşaltma siyasəti aktivlərin alınması) proqramını tətbiq etməsinə səbəb oldu. 22 yanvar tarixində AMB-nın iclasında bu qurumun sədri Mario Draqinin rəsmi olaraq, QE proqramının tətbiqini elan etməsi avronun bazarlarda sərt dəyər itirərək, EURUSD cütlüyünün valyuta bazarında 1,1115 qiymətinə qədər enməsinə zəmin yaratdı. Nəzərə alaq ki, 1,1115 qiyməti 2003-cü ildən etibarən ən minimum səviyyə hesab olunur.

“Ardınca Yunanıstanda parlament seçkilərinin yanvarın 24-də olması və bu seçkilərdə “Syriza” Partiyasının 300 yerlik Yunanıstan parlamentində 149 yerə sahib olması Yunanıstan hökuməti ilə beynəlxalq kreditorlar arasındakı danışıqları dalana aparmış olacaq. Bu isə yenidən avronun bazarlarda hələ uzun müddət təzyiq altında qalmasını təmin edəcək”, - deyə A.Muxtarov vurğulayıb.

Əksər ekspertlərə görə, dünya bazarlarında avronun ucuzlaşmasının Azərbaycanda təsiri təbiidir. Manat ABŞ valyutasına bağlı olduğundan dolların avroya qarşı dəyişmə dinamikası manatda da öz əksini tapır.

Həmçinin bildirilir ki, avronun ucuzlaşması səbəbindən ölkədəki valyutadəyişmə məntəqələrində spekulyasiya hallarının artması baş verə bilər. Həmçinin avronun ucuzlaşmasının manata təzyiqi artıracağı da mövcud proqnozlar sırasındadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar