Qubad İbadoğlu üş əsas səbəb göstərir
“Azərbaycanın kənd regionlarında mal ətinin qiymətinin ucuzlaşmasını şərtləndirən müxtəlif səbəblər vardır. Onlardan biri idxalın artımıdır”. Bu açıqlamanı “Yeni Müsavat”a açıqlamasında iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
Ekspert deyib ki, rəsmi statistikaya görə, 2014-cü ildə əvvəlki illə müqayisədə Azərbaycana idxal olunan ət 28,2 faiz artıb: “Belə ki, əgər 2013-cü ildə ölkəyə 15 milyon 181 min dollar məbləğində ət idxal olunmuşdursa, 2014-cü ildə bu göstərici 19 milyon 460 min dollar həcminə qədər artıb. Qiymətin ucuzlaşmasına təsir göstərən başqa bir amil xüsusilə də kənd rayonlarında ehsan qadağasıdır. Bu səbəbdən əsasən də mal ətinə olan tələbat aşağı düşüb. Ətin qiymətinin ucuzlaşmasında rol oynayan digər amil ailənin büdcəsinin gəlirlərinin azalması ilə əlaqədar olaraq ölkədə alıcılıq qabliyyətinin aşağı düşməsidir. Nəhayət, ötən il quraqlıq olmasına görə yaranmış yem qitlığı hazırda onun maksimu səviyyədə bahalaşmasına və bu da iri buynuzlu mal-qaranın saxlanması xərclərinin artmasına gətirib çıxarıb. Yaranmış xərcləri ödəmək üçün malik olduqları mal-qaranın bir hissəsini satışa çıxaranların sayının getdikcə artması bazarda ətin təklifinin artmasına gətirib çıxarıb”.
Qubad İbadoğlu deyib ki, bazarların qarşılıqlı əlaqəsinə görə, mal əti bazarında baş verən ucuzlaşma davamlı xarakter alarsa onda yaxın vaxtlarda qoyun əti, quş əti və balıq, eləcə də mal ətindən hazırlanan kolbasa, sosiska, konservlərin və sair məhsulların, həmçinin kafe və restoranlarda steak, basdırma və mal ətindən hazırlanan digər yeməklərin də qiymətində dəyişiklik olacaq: “Təbii ki, ölkədə bazar iqtisadiyyatı qanunuları işləyərsə!”.