Abşeronun icra başçısına qarşı məhkəmə iddiası qaldırılır – PUL QALMAQALI

5-02-2015, 16:38   
Abşeronun icra başçısına qarşı məhkəmə iddiası qaldırılır – PUL QALMAQALI
Abşeronun icra başçısına qarşı məhkəmə iddiası qaldırılır
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından sui-istifadə edən MKTB rəisi Hüseyn Həsənov və Təmir Tikinti İdarəsinin rəisi Şəhriyar Əhmədov məhkəməyə veriləcək.
Belə ki, hər iki vəzifəli şəxs Mehdiabad qəsəbə sakini Elçin Ağamalıyevi aldadaraq onun əmlakını və pulunu mənimsəyib.
Bu barədə Arqument.Az-a E.Ağamalıyevin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov məlumat verib. O bildirib ki, E.Ağamalıyevə vəd verilib və ona təmir işləri gördürülüb, amma bir ildən artıq vaxt keçməsinə baxmayaraq, vətəndaşın pulu ödənilməyib: “Abşeron Rayon İcra Hakimiyyətinin Təmir Tikinti İdarəsinin rəisi Şəhriyar Əhmədov 2013-cü il tarixdən köhnə beşmərtəbə və doqquzmərtəbə binaların bloklarının və giriş qəfəslərinin təmiri ilə bağlı E.Ağamaliyevlə əməkdaşlığa başlayıb. Onlar E.Ağamaliyevə bildiriblər ki, görüləcək işlərin pulu Abşeron Rayon İcra Hakimiyyətinin hesabından ödəniləcək. Elçin Ağamalıyev dövlət struktru ilə iş gördüyünü düşünərək şəxsi avtomobilini və digər əmlaklarını sataraq görülən işlərə xərcləyib”.
Əvəzində isə iş görüldükdən sonra E.Ağamalıyevin çəkdiyi xərc və zəhməthaqqı ödənilməyib. Ümumi məbləği 91 min manatdan artıq olan borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınan Ş.Əhmədov və H.Həsənov hər dəfə bunu İcra Hakimiyyətinin hesabında pulun olmaması ilə əlaqələndirib. Hər iki şəxs büdcəyə pul köçürülən kimi görülmüş işlərin pullarının ödəniləcəyini bildirib. Lakin aylarla davam edən bu haldan narahat olan E.Ağamalıyev Zakir Fərəcovla görüşdürülməsini xahiş edib. Lakin həmin şəxslər bundan imtina edib: “E.Ağamalıyevə çatası pulların verilməsi ilə bağlı 2014-cü ilin dekabrında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova rəsmi müraciət edilib. Lakin iki aya yaxın vaxt keçməsinə baxmayaraq, mürciətə cavab verilməyib. Bizdə olan məlumata görə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov adıçəkilən hər iki şəxsi çağıraraq onlara Elçin Ağamalıyevin pulunu ödəməyi tapşırıb. Hər iki şəxs icra başçısına söz versələr də, pulu ödəməkdən imtina ediblər”, – deyə hüquqşünas bildirib.
S.Vəkilov qeyd edib ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından sui-istifadə edərək Elçin Ağamalıyevin pulunu mənimsəyən Hüseyn Həsənov və Şəhriyar Əhmədovun hərəkətləri nəticəsində artıq məhkəməyə müraciət hazırlanır: “Təbii ki, bizim müraciətimiz Abşeron Rayon İcra Hakimiyyətinin başçısına olduğu üçün biz Zakir Fərəcovu müraciət hüququmuzu pozduğuna görə məhkəməyə verəcəyik. Rəsmi cavab aldıqdan sonra isə adıçəkilən şəxsləri məhkəməyə verəcəyik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar