Taksi sürücülərinin etiraz aksiyası: “Üstümüzə benzin töküb, yandıracağıq” - VİDEO
5-02-2015, 20:08
Bakının Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yaxınlığında dayanan taksi sürücüləri etiraz aksiyası keçiriblər.
Sürücülərin narazılığına səbəb onlara hazırda dayanadıqları ərazidə sərnişin gözləməyə icazə verilməməsidir. Etirazçılar deyirlər ki, dəfələrlə onları buradan uzaqlaşdırsalar da, alternativ bir yer təklif etməyiblər.
Sürücü Firdovsi Xəlilov bildirir ki, Nizami rayon DYPİ onlara bu ərazidə dayanmağa icazə vermir, səbəb isə yaxınlıqda avtobus dayanacağının olmasıdır: “Qanunla dayanacaqdan 15 metr kənarda dayanmağa icazə var. Bizim dayandığımız yer isə dayanacaqdan 40-50 metr aralıdadır. Onsuz da avtobus sürücüləri yolun ortasında saxlayıb, sərnişin yığıb gedirlər. Biz olmasaq belə, heç bir avtobus gəlib, burada dayanmayacaq. Bizə alternativ yer göstəmirlər. Yeganə qazanc yerimiz bu taksidir. Bu da olmasa, biz necə dolanacağıq? Artıq bu söz-söhbətdən intihar həddinə çatmışıq. Bizi buradan qovmağa qalxsalar, üstümüzə benzin töküb, yolun ortasında özümüzü yandıracağıq”.
Sürücülərin etirazları ilə daha ətraflı təqdim etdiyimiz videodan tanış ola bilərsiniz. //musavat.com/ Nərgiz Liftiyeva