Yasamalın icra başçısından ŞİKAYƏT VAR

6-02-2015, 14:55   
Yasamalın icra başçısından ŞİKAYƏT VAR
Yasamalın icra başçısından
Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan şikayət məktublarında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin fəaliyyətinə dair etiraz və iradlar diqqətimizi cəlb edir. Həmin şikayət məktublarında icra başçısı tərəfindən rayonda müxtəlif qanunsuz əməllərə, rüşvətxorluğa və digər korrupsiya hallarına rəvac verildiyi bildirilir. Məlum olduğu kimi İbrahim Mediyevin rəhbərlik etdiyi rayonun ərazisində bir çox kommersiya obyektlərinə, o cümlədən bir neçə şadlıq saraylarına sahib olması əvvəllər də çoxsaylı problemlərə yol açan amillərdən biri kimi çıxış etməkdə idi. Belə ki, icra başçısının bizneslə məşğul olması onun rayonda fəaliyyət göstərən digər sahibkarlara qarşı təpki və təqiblərlə çıxış etməsi ilə müşayiət olunur. Sağlam rəqabət üsullarına etinasızlıqla yanaşan bu məmur, məhz rəqiblərin sıxışdırılması yolu ilə öz biznesinin çiçəklənməsini təmin edir. Yasamal icra başçısının qanunları saya almaması, total korrupsiyaya yol verməsi, ərazidə satmadığı torpaq sahəsinin qalmadığı, sahibkarlara qənim kəsilməsi və başqa qanunsuzluqlara rəvac verməsi barədə hədsiz-hesabsız şikayətlər onun mənfi imicinin formalaşmasına əsas vermişdir. Artıq qeyd olunduğu kimi İ.Mehdiyevin ən çox sevdiyi məşğuliyyəti rayon ərazisinin fərdi ev və obyekt altına verilməyə yararlı torpaq sahələrini satmaqdır. Artıq satmağa yer qalmadığından, İ.Mehdiyev bir müddət əvvəl hətta bir məscidi də söküb yerini bazara çıxarmaqdan çəkinməyib. Bir müddət sonra isə başçı “İnşaatçılar” metro stansiyasının həndəvərindəki beşmərtəbəli binaların altını satmağa qərar vermişdi. Alt mərtəbələri alanlar qazıntı apararaq zirzəmi yaradır, bununla da həm binanın sakinləri üçün təhlükə törədirlər, həm də nəqliyyat xidmətindən əlavə strateji funksiyalar daşıyan metropoliteni təhdid qarşısına qoyurlar. O da məlumdur ki, rayonun məhəllələrində ağaclar kəsilir və onların da yerində qanunsuz tikintilər aparılır. Bununla kifayətlənməyən işbazlar ATS xətlərinin, telekommunikasiya luklarının üzərində qarajlar tikirlər. Məhəllələrdə sakinlərin də öz imkanları hesabına inşa etdikləri xeyir-şər evlərinin yerləri də RİH-nin mənsubları tərəfindən xüsusi mülk kimi başqalarına satılır. Lakin bu yaxınlarda İbrahim Mehdiyevin bu istiqamətdə fəaliyyəti artıq əks-reaksiya verməyə başlayıb. Bu il ölkəmizdə keçiriləcək I Avropa Oyunları münasibətilə paytaxtımızda daha da intensivləşən abadlıq işlərinin gedişi, bu məmurun maraqları ilə müəyyən ziddiyyətlər yaradıb. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, Yasamal rayonu ərazisində görülən abadlıq işləri çərçivəsində bir çox binalarda inşa olunmuş “artırmalar” indi sökülür. Əslində bu artırmalar qanunsuz tikilmiş eyvan və ya kiçik ticarət obyektlərindən ibarətdir. Lakin məsələ bundadır ki, heç bir sakin bu qanunsuz tikintini özbaşına aparmayıb. Əlavə tikilinin hər bir kvadrat metrinə görə icra hakimiyyətinə külli-miqdarda pul ödənilib. Yəni, bu gün sökülən hər obyekt və ya eyvan öz sahibinə 10, 15 və ya 20 min manata başa gəlib. Buna görə də sakinlər indi öz pullarını İbrahim Mehdiyevdən geri tələb edirlər. Amma əlbəttə ki, tələb etmək başqa, ala bilmək başqa. Ən azından biz hələ ki, başçı tərəfindən kiməsə “kompensasiya” verildiyini eşitməmişik.

Digər tərəfdən isə İbrahim Mehdiyev özü rayonda fəaliyyət göstərən sahibkarlardan və hətta dövlət müəssisə və təşkilat rəhbərlərindən pul “qoparmağın” yolunu yaxşı bilir. Bunun üçün RİH başçısı Yasamal ərazisində uşaq bağçasının tikintisindən tutmuş, hər növ abadlıq işlərini sırf öz adına çıxararaq, bu “alicənab” əməllərdə ona dəstək olmalarını tələb edərək iş adamlarından və müəssisə rəhbərlərindən mütəmadi olaraq böyük vəsaitlər toplaya bilir...

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar