Bakıda eksklüziv maşınlarla “at oynadan” əmmaməli şəxslərin kimliyi bəlli olub
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, bu zəngin şəxslər hər il ov mövsümündə Azərbaycana gələn Qətər şeyxləridir. Onlar hazırda Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ov edirlər.
Nəfis və bahalı silahlara malik olan ərəb zənginləri qarşılarına çıxan çöl heyvanlarını da ovlasalar da onların əsas məqsədi başqadır - şahin quşlarını ovlamaq. Bu məqsədlə özləri ilə gətirdikləri, xüsusi qulluqçuların bəslədiyi, Avropadan gətirilmiş baytar həkimlərinin nəzarəti altında saxlanan şahin quşlarından istifadə olunur. Bu quşları yemləmək üçün hər gün bir neçə quzu kəsilir.
Ərəblərin özləri ilə gətirdiyi şahinlər elə bir vaxtlar Azərbaycandan aparılıb. Belə ki, şahin quşları Qafqaz ərazisindən tutularaq ərəb ölkələrinə aparılır və orada onlara xüsusi təlim keçilir. Bundan sonra şahinlər yenidən Azərbaycana gətirilir və burada onlarla ov edilir. Ömrü 80-85 il olan şahinlərin gözünün görmə qabiliyyəti insanın görmə qabiliyyətindən on dəfələrlə çoxdur. Ovçu ərəblər əhliləşmiş şahinləri qoruğa buraxır, bu quşlar da qışlamağa gəlmiş şahinləri tapıb ovçuların cələsinə gətirir, yəni tələyə salırlar.
Bu ovu ərəblərin ən sevimli hobbisi saymaq olar. Şahinsiz ərəb elə dəvəsiz ərəb kimi bir şeydir. Ərəb şeyxlərinin öz ölkələrində hansısa məclisə daxil olarkən qolları üzərində, çiyinlərində qızılquş gəzdirməsi də onların qədim milli adətlərindəndir. Ərəb ölkələrində belə quşların birinin qiyməti 50-100 min dollar civarındadır.
Kür-Araz ovalığına şahin ovuna gələn ərəblər vaxtlarını təkcə buna sərf etmirlər. Adı “Qırmızı kitab”a düşən nadir bəzgək quşlarının əntiq tüfənglərlə ovlanması da ərəb şeyxlərinin ən sevimli məşğuliyyətidir. Bu zaman bütün ov prosesi videolentə alınır. Hətta bir-iki çəkiliş üçün yerli videooperatorlara 750 avro qonorar ödənməsi halları da olub.
Ötən illərdə bu zəngin ovçular ovda mindikləri CİP-ləri Bakıdakı rentkarlardan bir günü 500 avroya kirayələyirdilərsə, indi bu il maşınları təyyarə ilə öz ölkələrindən gətiriblər.
2012-ci ildə ova gələn ərəb zənginləri Salyanda “Kür” otelində 10 gün gecələmişdilər. Deyilənə görə, o zaman ovçu dəstəsinə Qətərin baş naziri, eyni zamanda XİN və DİN rəhbəri Həmid bin Casim ben Caber əl-Tani rəhbərlik etmişdi. O, özü ilə 11 oğlunu, 100-ə yaxın müşayiətçi və xidmətçi gətirmişdi. Rayondakı “Kür” oteli bağlanmış və “Toyota” markalı 30 CİP, bir avtobus bütünlüklə onların ixtiyarına verilmişdi. Ov başa çatandan sonra ləvazimat və avadanlıqları geriyə iki yük maşını daşımışdı.
Salyanda danışıldığıan görə, bu dəfə isə ovçular ov etdikləri çöldə çadırlar quraraq gecələməyə üstünlük veriblər.
P.S. Təqdim etdiyimiz şəkillər 2012-ci ildə çəkilib.
pia.az