Azərbaycanda ciddi dəyişiklik (VİDEO)

7-02-2015, 00:05   
Azərbaycanda ciddi dəyişiklik (VİDEO)
Torpaq Komitəsinin ləğvi nəyə hesablanıb? Dövlət strukturunda aparılan bu dəyişiklik vətəndaşa nə kimi xeyir gətirəcək?

ANS TV-nin məlumatına görə, ölkə prezidentinin imzaladığı fərmanla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi. Fərmana əsasən, Komitənin səlahiyyətlərinin əsas hissəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir qismi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

Bundan bir qədər əvvəl isə prezident Vergilər Nazirliyinin Strukturunda dəyişiklik edilməsi haqqında sərəncam vermişdi. Bu sərəncama əsasən Bakı Şəhəri Vergilər Departamenti ləğv edildi.

Ekspertlərin fikrincə, əsasən nəzarət və əhaliyə xidmət işini həyata keçirən strukturlarda eyni işin bir neçə komitə tərəfindən görülməsi bürokratik əngəllərə yol açırdı. Buna görə də idarəetmə strukturlarında aparılan bu dəyişikliklər səmərəli görünür.

Eskpert Oqtay Haqverdiyevin fikrincə, atılan addımlar neftin ucuzlaşması ilə əlaqədar büdcəyə qənaət prinsipinə də uyğundur.

“Bizdə bu idarəetmənin özündə çox böyük, necə deyərlər səmərəsiz xərclər gedir. Özü də nə qədər çox məmur olur, bir o qədər də elə prezident dediyi kimi məmur özbaşınalığı artır. Ona görə də burda müəyyən islahatlar aparılmalıdır”.

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev imzalanan fərmanları idarəetmənin təkmilləşdirilməsi adlandırıb. Millət vəkilinin fikrincə, bu strukturlaşmanın dünya bazarında neftin qiymətlərinin düşməsi, büdcə vəsaitlərinin məhdud olması ilə heç bir bağlılığı yoxdur:

“Neftin qiymətinin aşağı düşməsi müəyyən dərəcədə bizim İqtisadiyyatımızda özünü göstərsə də, ancaq elə bilirəm ki, bunun həyata keçirilən islahatlara elə ciddi təsiri ola bilməyəcək. Bizim sənaye potensialımız artır. Buna görə də onu bununla əlaqələndirmək olmaz. Bu ancaq sırf insanların mənafeyinə xidmət edən, idarəetmənin təkmilləşməsinə xidmət edən bir işdir”.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2001-ci ildə Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, topoqrafiya, xəritəçəkmə, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılıb.

Aparılan struktur dəyişikliyinə əsasən indi bu işlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi nəzdində yaradılacaq şöbəyə həvalə ediləcək. Struktur dəyişikliyinin əhaliyə xidmət səviyyəsinə necə təsir edəcəyini isə zaman göstərəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar