Son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisində itkiləri 45 nəfərdir. Axar.az xəbər verir ki, bu barədə separatçıların komandir müavini Eduard Basurin deyib. Onun sözlərinə görə, Ukrayna son sutkada həmçinin 11 tank (8-i məhv edilib, 3-ü ələ keçirilib), 6 PDM və BTR (3-ü məhv edilib, 2 PDM və 1 BTR ələ keçirilib), 9 artilleriya qurğusu, 11 maşın itirib. Onun sözlərinə görə, ümumilikdə döyüşlərin kəskinləşdiyi 22 gün ərzində Ukrayna 3 təyyarə, 1 helikopter, 168 tank, 133 PDM və BTR, 124 artilleriya qurğusu, 94 avtomobil və 2065 əsgər itirib. Mariupolun şimalında 20 Ukrayna hərbi texnikasının təsbit edildiyini bildirən Basurin “Smerç” və “Qrad” qurğularından atılan atəş altında olduqlarını bildirib. Rəsmi Kiyev isə son sutka ərzində 12 əsgər itirdiyini, 24 əsgərinin isə yaralandığını açıqlayıb. Anti-terror Mərkəzinin nümayəndəsi Andrey Lısenko separatçıların itkisi barədə məlumat verməyib.