Müsəlmanların müqəddəs kitabı olan Quran ukrayn dilinə tərcümə edilib. Axar.az xəbər verir ki, “Osnovı” nəşriyyatı martın əvvəlində Quranın ukrayn dilinə tərcüməsinin təqdimat mərasimini keçirəcək. Quranı ukrayn dilinə tərcümə etmək üçün Ostroj Akademiyasının əməkdaşı, tarix elmləri doktoru, tərcüməçi və tədqiqatçı Mixail Yakuboviçə 5 il lazım olub. “Quran – yalnız islamın əsas kitabı deyil. O, həm də dünya irsinin bir hissəsi, sənət əsəri, hər bir kitabxanada olması lazım bilinən bir nəşr nümunəsidir. Ukrayna çoxmillətli dövlətdir. Quran bizə bir-birimizi yaxşı anlamağa və tanımağa yardım edən bir kitabdır”, - deyə “Osnovı” nəşriyyatının direktoru Dana Pavlıçko bildirib. Quranın qədim ukrayn dilinə tərcüməsinin ilk cəhdləri hələ XVII əsrdə edilib. Lvov poliqlotu Aleksandr Abrançak-Lesenetski Quranı müasir ukrayn dilinə çevirsə də, tərcümənin mətni dərc edilməyib. “Səudiyyə Ərəbistanındakı ənənəyə görə, Məkkəni tərk edən zəvvarlara kralın adından zəvvarın ana dilində Quran bağışlanır. Əvvəllər Ukraynadan olan müsəlmanlara Quranın rus dilindəki tərcümə variantı bağışlanırdı. İndi isə ukraynalılar bu bəxşişi öz doğma dillərində ala biləcəklər. Müqəddəs kitabların mətnləri hər bir millət və hər bir ölkənin dilinə tərcümə edilməlidir. Bu nəinki mədəniyyəti, həmçinin xalqın özünün zənginləşməsinə şərait yaradır”, - deyə Ukrayna Müsəlmanlarının dini idarəsinin müftisi Səid İsmayılov bildirib.