Qəbir yerlərinin pulla satılması düzgün deyil

9-02-2015, 09:48   
Qəbir yerlərinin pulla satılması düzgün deyil
Elşad Miri: «Yası düşən şəxs həmin çətin məqamda tələb edilən məbləği ödəməyə razı olur»

Azərbaycanda məzarlıqlarla bağlı qanun layihəsi hazırlanır. Qanun qəbul edildikdən sonra bütün məzarlıqlar eyni olacaq. “Trend”in xəbərinə görə, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bu barədə məlumat verib.

Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra məzarın üstündəki sinə və ya baş daşı ilə digər insan məzarı üzərindəki daş arasında fərq olmayacaq: “Qəbiristanlığa girən zaman elə bilirsən ki, muzeyə girisən. Bu, düzgün deyil. Qəbiristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Bununla bağlı qanun layihəsi də hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Məqsəd Islami dəyərlərin qorunmasıdır”.

Qəbiristanlıqda yerlərin pulla satılması fikrinə də Qurbanlı etiraz edib. M.Qurbanlı qeyd edib ki, hazırda qəbir yerlərinin pulla satılması düzgün deyil: “Belə bir məsələ yoxdur və olmayacaq da. Indi də qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu, çox cüzi məbləğdir. Bəzi adamlar deyirlər ki, qəbir yerləri satılır, bu, düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Əgər kimdənsə qəbir yerlərinə görə yüksək məbləğlər tələb edilirsə, belə halla rastlaşan insanlar müvafiq qurumlara və bizim komitəyə müraciət edə bilərlər.

Bəllidir ki, qəfil və ya gözlənilən olsa da, yaxınlarını itirən insanlar onu dəfn etmək, yas məclislərini həyata keçirmək kimi ağır mərhələni yaşayır. Hüzrü düşən şəxs bir tərəfdən bunun acısını yaşadığı halda, eyni zamanda dəfn üçün yerin seçilməsi və müvafiq ödəniş barədə də addım atmalıdır. Kənd və kənd rayonlarından fərqli olaraq, paytaxtda və digər iri şəhərlərdə qəbristanlıq torpaqlarının müəyyən məbləğə satılması artıq yeni fikir deyil. Rayonlarda bu məbləğ ya yoxdur, ya da çox cüzi məbləğədir. Lakin Bakı və onun ətrafında qəbir yerlərinin yüksək qiymətə satılması danılmaz bir faktdır. Belə olan halda qəbir yerlərinin pulsuz olması fikri nə qədər əsaslıdır"


Ilahiyyatçı-ekspert Elşad Miri öncə söyləyir ki, Mübariz Qurbanlının qəbir yerlərinin pulsuz olmasıyla bağlı fikri gündəmə gətirməsi təqdirəlayiqdir. Elşad bəy bununla bağlı Qafqaz Müsəlmanları Idarəsi və yaxud digər müvafiq qurumların qıcıqlanacağını və qəbir yerlərinin pulla satılması məsələsini diqqətə alacaqlarını düşünür. Ekspert bundan sonra sözügedən məsələyə nəzarətin artacağına şübhə etmir:

“Sadəcə olaraq, hansısa torpaqların satılmasıyla bağlı Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin ”qaynar xətt"inə müraciət etmək yönündə insanlara bilgi verilməlidir. Qəbiristanlıq torpaqlarının pulsuz və yaxud təmənnasız olması barədə həmin yerlərin girişində məlumat lövhəsi asılmalıdır. Bu isə gözəl bir ənənənin başlanğıcı olar. Çünki yaxınları vəfat edən şəxslər fərqli bir ab-havada olur. Onlar həmin anda nə deyilirsə, həmin sözə görə davranır və qəbir yerinə görə tələb olunan məbləğə razı olur. Ona görə də belə məqamlardan istifadə edənlərlə bağlı vacib işlər görülməlidir. Dini Komitə bu məsələni gündəmə gətirib. Bununla belə, sözügedən məsələnin əməli fəaliyyət tərəfinin olması daha məqsədəuyğundur. Qəbristanlıq yerlərinin pulsuz olması yaxını vəfat edən insanların çətin anında onlara yüngülləşdirici bir vasitə ola bilər".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar