Avropa Amerika siyasətçiləri və hərbçiləri üçün oyun meydançası deyil və özü öz problemlərini, o cümlədən Ukrayna böhranını həll etməyə qadirdir. Axar.az xəbər verir ki, bunu fransız publisisti Marsel Mixelson “Forbes”də dərc olunan məqaləsində yazıb. Publisistin fikrincə, Birləşmiş Ştatların Ukraynaya amerikan silahlarının göndərilməsinə dair mövqeyi burnunun ucundan uzağı görməməkdir və on minlərlə avropalının məhvinə səbəb olacaq üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Mixelson həmçinin qeyd edir ki, ABŞ özünü kainatın sahibi hesab edir və digər qitələrdə müharibə alovunu qızışdırır, başqa ölkələrin siyasi kursuna müdaxilə edir. “Birləşmiş Ştatlar – hərbi superdövlətdir. 1865-ci ildə başa çatmış vətəndaş müharibəsi zamanından başlayaraq ABŞ istənilən anda istənilən yerə müdaxilə etmək hüququna malik olan kainatın sahibi rolunu oynayaraq öz ərazisindən başqa hər yerdə müharibə aparır”, - deyə publisist bildirir. Məqalə müəllifi həmçinin qeyd edir ki, ABŞ bütün qitəni yandırıb-yaxa biləcək Ukrayna böhranını qızışdırmamalı və hadisələrə müdaxilə etməməlidir.