Ziya Məmmədovun ətrafında müəmmalı təyinatlar

10-02-2015, 10:29   
Ziya Məmmədovun ətrafında müəmmalı təyinatlar

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi təyin olundu, Arif Əsgərova isə simvolik vəzifə verildi
Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə C.Qurbanov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.



Dövlət başçısının digər sərəncamı ilə A.Əsgərov nəqliyyat nazirinin müavini təyin edilib.

***
Son təyinatlar nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verən ən müəmmalı prosesdir. Arif Əsgərov Z.Məmmədovun ən yaxın adamı - ailə dostu və biznes ortağıdır. Münasibətlər onların övladlarına da təsir edib. Z.Məmmədovun oğlu Anar Məmmədovun hazırda ən yaxın dostluq etdiyi şəxsin A.Əsgərovun oğlu Elnur olduğu deyilir. Vaxtilə Z.Məmmədovla Cavid Qurbanov da çox yaxın dost olublar. Amma sonralar onların münasibətinin zədələndiyi haqda məlumatlar yayıldı. Nə Z.Məmmədov, nə də C.Qurbanov bu məlumatları təkzib etmədilər.



Bu təyinatları adının çəkilməməsi şərti ilə “Yeni Müsavat”a şərh edən ekspertin sözlərinə görə, C.Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə gətirilməsi Ziya Məmmədovun vurulacağı kimi yozula bilər. Ekspert iddia edir ki, son təyinatlar Cavid Qurbanovun yaxın zamanlarda nəqliyyat naziri postuna irəli çəkiləcəyi anlamını daşıyır. Sitat: “Bir vaxtlar Z.Məmmədov da Dəmir Yol İdarəsi rəisliyindən hazırda bulunduğu vəzifəyə təyinat almışdı. Bu baxımdan ”Azərbaycan Dəmir Yolları" QSC Cavid Qurbanovun karyerasında tramplin rolu oynaya bilər".




Ekspert onu da xatırlatdı ki, C.Qurbanov təxminən 2 il öncə hakim ailə ilə qohum olub. Bu da siyasətdə ciddi amildir...

Ekspert Arif Əsgərovun böyük bir idarənin rəhbərliyindən çıxarılaraq nazir müavini təyinatını bu cür izah etdi: “Bu, simvolik vəzifədir, könül almağa, Ziya Məmmədovun çevrəsini qıcıqlandırmamağa hesablanmış addımdır”.

Mövzunu davam etdirəcəyik.

A.ARSLAN
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar