Günay İbrahimli: “...efirdən söyüş də söymək olar” – MÜSAHİBƏ

20-07-2015, 13:06   

Son vaxtlar müğənni Günay İbrahimlinin səsi-səmiri gəlmir. Bəlkə, başı işə qarışıb? Yox, əşi, yayın bu qaynar çağında nə iş? Yəqin, Azərbaycandan çox uzaq bir yerdə istirahət edir...

Maraqlıdır ki, gənc müğənni publika.az-a müsahibəsində ehtimallarımızın ikisini də doğru çıxartdı. Sən demə, bu istilərə baxmadan, o həm işləyir, həm də istirahət edir.

Həmin müsahibəni təqdim edirik. Bu müsahibə prodüser Tamilla ilə Günayın ayrılmasından bir neçə gün öncə alınıb.

Bundan öncəki müsahibəniz prodüser Tamilla xanımla işə başladığınız ilk həftəyə təsadüf etmişdi. Artıq üstündən xeyli vaxt keçib. Bu işbirliyinə görə peşman olmamısınız ki?
- Əksinə, əməkdaşlığımızdan çox razıyam. Artıq 7 aydır ki, birlikdə işləyirik. Vaxt isə, demək olar ki, uçur. 7 ayın necə keçdiyindən xəbərimiz də olmayıb. Qarşıda hələ çoxlu layihələrimiz var. İndiyədək reallaşdırdığım layihələrdən daha böyük iş görmək istəyirəm. Həmişə çalışmışam ki, hər yeni mahnım əvvəlkindən üstün olsun. Bu minvalla da 2015-ci ildə atdığım hər addımın 2014-cü ildəkindən daha böyük olmalıdır. Ola bilər uğursuz da olsun. İnsan hər zaman uda bilməz. Uduzmağı da bacarmaq lazımdır.

- Uduzmaqdan qorxmursunuz?

- Xeyr! Qorxmuram. Özümdə ən çox sevdiyim xüsusiyyət odur ki, risk etməyi sevirəm. Bilsəm də çətin olacaq, yenə də risk edəcəyəm. Xoşbəxtlikdən, atdığım riskli addımlar indiyədək uğurla nəticələnib.

- Günay, bu durumda prodüserinizin rolunun olub-olmadığını bilmirəm, ancaq sanki geri çəklib ətrafınızda baş verənlərə seyirçi mövqeyi nümayiş etdirirsiniz... Bu belədir?
- Müəyyən mənada geri çəkildiyim doğrudur. Ancaq bu, kiminləsə əlaqədar deyil. Sadəcə, daha hər çağırılan yerə getmirəm. Qatılacağım verilişləri, müsahibə verdiyim KİV-i süzgəcdən keçirirəm. İndi məni harda gəldi görə bilməzsiniz.

- Olmaya efir vaxtı baş verən və böyük qalmaqallara səbəb olan hadisələrdən təsirlənmisiniz?

- Bizim çox gözəl sənətimiz var. Bəlkə də hər adam bizi başa düşə bilməz. Ancaq bizimki allahdan verilən istedaddır. Teleməkanda qeydə alınan ən son hadisə “Space”-in efirində - “Günaydın” verilişində baş verdi. Mətanət Əsədova ilə tanımadığım hansısa bir yazar arasında yaşanan həmin hadisə ilə bağlı mövqe ortaya qoymalı olsam, Mətanət Əsədovanı haqlı sayıram. Heç kəsə haqq verilmir ki, insanları təhqir etsin. Bizim sahədə ikiüzlülülər çox ola bilər. İnanın ki, belələrinə bütün sahələrdə - səhiyyə, təhsil, tikintidə də rast gələ bilərsiniz. Sadəcə, bizim sənət göz önündədir. Ona görə də diqqəti tez cəlb edir. Həyatda daha dəhşətli çirkablar var. Di gəl, şou-biznesdə hamısı üzdədir. Bu yaşanan qalmaqalı mən də bir tamaşaçı kimi izlədim. Halbuki efiri izləyən insan deyiləm. Sən bax bundan danış... Son zamanlar televizor izləməyə hövsələm çatmır. 5 il əvvəl teleserialların vaxtını buraxmırdım. İndi isə özüm olan verilişlərin də lent yazısına baxıram. Onu da səhvlərimi görə bilmək üçün. Ancaq bu qalmaqal barədə eşidən kimi tapıb ona baxdım. Elə məsələyə münasibəti də burdan görürəm. Mən tamaşaçı olaraq qalmaqala belə maraq göstərdimsə, demək ki, sadə tamaşaçı da qalmaqalı sevir. Nə qədər lazım olmadığını desələr də, qalmaqal da reytinq gətirir. Çünki hamı məhz qalmaqala baxır.

- Qalmaqala maraq olduğunu özünüz də etiraf etdiniz. Bəs, belə qalmaqallarda tərəf olmaq istərdinizmi?

- Yox... (Fikirləşir). Elə olur ki, qalmaqaldan qaça-qaça düz qalmaqalın ortasına düşürsən. Allah göstərməsin, belə bir vəziyyətdə qalmaq istəmərəm. Hərçənd, insan özünü hər vəziyyətdə idarə etməyi bacarmalıdır. Hərdən mənim də başıma gəlir. İndiyədək həmişə susmuşam. Çünki hər kəs efirdə öz mədəniyyətini göstərir. Düzdür, əsəbiləşib efirdən söyüş də söymək olar. Amma bu addımla illərlə qazandığın hörməti yerlə yeksan edə bilərsən. Qalmaqal yaşayanları qınamıram. Bu bir həqiqətdir ki, çoxu istəmədən bu vəziyyətə düşür.

- Ancaq inanmıram ki, sadəcə, bu səbəbdən efirdən uzaq düşəsiniz...

- Təbii ki, az-az görünməyimin bundan başqa da səbəbləri var. Məsələn, hazırda yaydır. Üstəlik, müqəddəs Ramazan ayını yaşayırıq. Hər il bu aylarda durğunluq olur. Elə radiolarda, teleməkanda da sakitlikdir. Verilişlərin əksəriyyəti yay istirahətinə çıxıb.

- Sükunətinizi nə vaxt pozacaqsınız?

- Bu səssizliyim müvəqqətidir. Çünki arxasında həm də böyük layihələr durur. Kənara çəkilsəm də, düşünməyin ki, heç bir işlə məşğul olmuram. Orucluqdan əvvəl həm yeni albomumu, həm də iki yeni mahnı təqdim etdim. Sırada çox gözəl mahnılar var. Onlar üçün isə yayın bitməsini gözləyirəm. İndi əksəriyyət istirahətdədir. Mən də mahnılarımı hər kəsin eşitməyini istəyirəm. Ona görə də, hamının iş başında, evində olduğu radio dinləyib, televizora baxdığı ərəfədə mahnılarımı təqdim edəcəyəm. Bəlkə də bunu avqust ayında etdim.

- İsti yay aylarını yaşayırıq. İstirahət etmək üçün məkan seçmişiniz?

- Hazırda istirahət edirəm, amma Bakıda... Hərdən rayonlara da gedirəm. Azərbaycandan kənara isə hələlik çıxmamışam. Düşünürəm ki, Soçidə, ya da Batumidə istirahət edim.

- Kiminlə istirahət etməyi düşünürsünüz?

- Ailəmlə. Artıq bunu qərarlaşdırmışam.

- Əllər, qollar, bir sözlə, ayaqlarınıza qədər zinət əşyaları ilə bəzənmisiniz. Deyəsən, bəzək əşyalarını çox sevirsiniz?

- Aksessuarları çox sevirəm. Əsas da əhval ruhiyyəmdən asılıdır. Məsələn, bu qolbaqlardan öncə saat taxmışdım. Onları bu bəzək əşyaları ilə əvəzlədim (gülür). Halbuki həmin saat bu zinət əşyalarından dəfələrlə qiymətli idi. Amma əhvalım bunları taxmağımı istədi. Qolumdakılar qızıl deyil, aksessuardır. Zinət əşyalarının çoxunu isə mənə hədiyyə olaraq təqdim edirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.