Bir neçə aydan sonra ölkədə parlament seçkiləri keçiriləcək. Bu barədə prosesə artıq start verilib, bir neçə partiya və təşkilat nümayəndələri, tanınmış nüfuzlu şəxslər seçkilərdə namizədliklərini irəli sürəcəkləri barədə bəyanatlar yayırlar. Bəs görəsən şou biznes nümayəndələrindən kimlər milət vəkili olmaq istərdi?
Axşam.az-ın məlumtına görə, “Yeni Müsavat”ın əməkdaşı tanınmışlar arasında bu barədə kiçik sorğu keçirib.
Məlum olub ki, müğənni Könül Kərimova qətiyyən millət vəkili olmaq istəmir:“Hər kəsin bacardığı bir iş var. Mənim də bacarığım musiqi ilə bağlıdır. Heç vaxt millət vəkil olmaq arzusunda olmamışam. Çünki bu çox çətin sahədir. Fikrimcə, bundan sonra da siyasətə qatılmaq barədə arzum olmayacaq”.
Əməkdar artist Nüşabə Ələsgərli də hər zaman siyasətdən uzaq durduğunu deyib:
“Hətta seçkilərin nə zaman keçiriləcəyi barədə belə məlumatım yoxdur. Millət vəkili millətin hər dərdini bilməli, insanların halına yanmalıdır. Bir sözlə deputat millətin həm xarici həm də daxili siyasətinin vəkili olmalıdır”.
Xatirə İslam müvafiq suala belə cavab verib:
“Hər kəsin öz işi var. Mən siyasi məsələlərdə söz deyə bilmərəm. Bunun üçün mənim siyasət barəsində xeyli məlumatım, biliyim olmalıdır”,-deyə bildirib.
Tanınmış müğənni Nadir Qafarzadə isə hələ ki, bu barədə fikirləşmədiyini deyib.
Tele-aparıcı Elgiz Əkbər gələcəkdə millət vəkili olmaq istədiyini deyib:
“Son zamanlar millət vəkili olmaq məsələsinə barmaq arası baxırlar. Kim gəldi namizədliyini irəli sürür. Halbuki bu missiya çox şərəfli və eyni zamanda da çətin işdir.
Bu il namizədliyimi irəli sürməyəcəm. Lakin gələcəkdə mən də belə bir addım atacağam”.
Bəstəkar-müğənni Cabbar Musayev isə siyasətçi olmadan belə ölkədə baş verən olayları ayırd edə bildiyini deyib:
“İncəsənət adamları adətən seçkilərdə çox az iştirak edir. Hazırda musiqçilərdən yalnız Zeynəb Xanlarova millət vəkilidir və biz onunla fəxr edirik. O ki qaldı mənim deputat olmağıma, ölkədə baş verən hər bir hadisə, olayı müzakirə etmək, nəticəni əvvəlcədən görmək üçün kifayət qədər savadım var, bunun üçün deputat olmasam da olar. Bəzən siyasət barəsində biz millət vəkilərindən daha çox məlumatlı oluruq, nəinki onlar”.
Əməkdar artist Elza Seyidcahan məmnuniyyətlə parlamentdə seçilmək istədiyini deyib:
“İlk növbədə mən sənətimin vəkiliyəm. Lakin deputat olaramsa çox sevinərəm. Beləliklə, öz dövlətim, miilətim uğrunda var gücü ilə çalışan siyasətçi olaram.
Bir vaxt bu barədə danışarkən haqqımda olmazın sözlər deyildi. Buna görə də susmağa qərar verdim. Məni bəzi məmurlar tənqid atəşinə tutdu, sonradan məlum oldu ki, arada bəzi jurnalistlər qalmaqal yaratmaq xətrinə mənim adımdan şişirdilmiş məlumatlar yayıblar. Bütün bunlar sonda məlum oldu”.
Müğənni Əli Mirəliyev isə nəinki deputat, hətta nazirlik iddiasında olduğunu bildirib:
“Mən heç vaxt deputat olmaq fikrində olmamışam. Lakin çox istərdim ki, mədəniyyət naziri olum. Çünki musiqimiz məhv olmaq üzrədir. Məmurlar kim gəldi, necə gəldi, savadsız inasanlara “xalq artisti”, “əməkdar artist” adını paylayır. Halbuki onların çoxu Üzeyir Hacıbəyovu, Fikrət Əmirovu və digər dahiləri tanımırlar. Onların demək olar ki, musiqi savadları sıfır səviyyəsindədir. Artıq bu cür musiqçilərin sıradan çıxartmağın vaxtı gəlib çatıb.
İnanıram ki, nazir olsam mədəniyyət sahəsində xeyli irəliləyiş olar”.