“Royalbank” Açıq Səhmdar Cəmiyyətinin filial rəhbərinin qanun pozuntularına yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş prokurorluqdan verilən məlumata görə, araşdırmalar nəticəsində “Royalbank”ın 5 saylı filialının müdiri Natiq Bayramovun qulluq mövqeyindən istifadə etməklə bankda depozit hesabına yerləşdirmək adı ilə vətəndaşları aldatdığı müəyyənləşib. O, Bakı şəhər sakinindən aldığı 120 min manat məbləğində pul vəsaitini rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edərək aldatma yolu ilə ələ keçirib. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlayıb. Hazırda iş üzrə istintaq davam etdirilir.