Tanınmış meyxana ustadı Mehman Əhmədli həmkarı Namiq Qaraçuxurlunun gənc meyxanaçılarla bağlı iradına haqq qazandırıb.
O, Ölkə.Az-a açıqlamasında bildirib ki, bəzi gənc meyxanaçılar sənəti təhrif etməklə məşğuldurlar:
“Bir var düz, bir də var düppədüz. Namiq düppədüz deyir. Mən də bu fikirdəyəm. İndi bəzi cavanlar meydana çıxıb meyxananı kökündən dəyişdirirlər. İş o yerə çatıb ki, tamaşaçını da dəyişdirirlər. Dədə-babadan meyxananın öz qaydası var. İndi meyxana deyirsən, tamaşaçı deyir ki, belə yox, oxu, oyna. Çünki bəzi cavanlar bunu edirlər, tamaşaçı da baxıb gülür. Musiqili meyxana başqa şeydir. Dediklərinin adını musiqili meyxana qoyublar. Amma bunun nə musiqiyə, nə də meyxanaya dəxli yoxdur. Nə ölçüsü var, nə qafiyəsi. Səsi olan da, olmayan da guya oxuyur”.
“Həmin meyxanaçılara iradınız olubmu” sualına M.Əhmədli belə cavab verib:
“Ad çəkmək istəmirəm. Bu barədə dəfələrlə efirdə də demişəm. Görmüşəm ki, bəzi insanlar bunu paxıllıq kimi qəbul edirlər. Hər bir sənətin başında kimsə dayanıb nəzarət edir. Belə şeyi muğama, saz sənətinə qarşı edə bilməzsən. Elə bir yerdə qulağından tutarlar ki, ağlın başına gələr. Qardaş, bu sənəti başsız görmüsünüz deyə, istədiyinizi etməlisiniz? Ustadlara isə danışmaq qalır. Deyəndə də birmənalı qarşılamırlar. Biri deyir paxıllıq edir, biri deyir çörəyimizə bais olur, biri razılaşır. Namiqin sözüylə tamamilə razıyam. Bu gün ciddi xiridarlar da meyxanadan küsürlər. Əvvəl on toydan hamısında ciddi meyxana gedirdisə, indi maksimum dördündə ciddi meyxana deyilir”.
Qeyd edək ki, bir neçə gün öncə Namiq Qaraçuxurlu “Günəbaxan” verilişində toylarda meyxana deməməsinin səbəbini belə izah etmişdi:
“Toylarda meyxana demirəm. Efirdə, canlı musiqi olan yerdə söyləyirəm. Bu il sənətimə qayğım az olub. Gələn ildən meyxanaya olan diqqətim artacaq. Meyxananın bugünkü vəziyyəti məni qane etmir, ürəkaçan deyil. 4-5 il əvvəl deyirdim, bəlkə, mən qəbul edə bilmirəm. Zamanında mən dəyişikliklər edəndə ustadlar razılaşmırdılar. Amma sonradan o yeniliklərdən istifadə edirdilər. Düşündüm ki, mən haqsızam. Neçə vaxtdır beynimdə analiz edirəm. Meyxananın üslubu dəyişir, həftəbecər janr çıxıb. Mənim fikrimcə, bu yaxşı deyil. Gənc meyxanaçılarla danışmışam, hamısı məcburiyyətdən edir. Yaxşı alınmır. Mənim toyda meyxana deməməyimin səbəbi odur ki, gedirəm toya, gözəl deyişmə söyləyirəm, cavanlar istəmirlər. Deyir, “Şinanay” söylə”. Bəlkə, başqası özünə yaraşdırır. Mən özümə yaraşdırmıram”.